Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Şəhərin səs-küyündən, basırığından, yayın istisindən bezib meşənin dərinliyində sükutu və sərinliyi dadanda yadıma Knut Hamsunun "Pan" romanı düşmüşdü. Meşə...
O an sıx meşənin içində kürəyimi bir ağaca söykəyib romanı təkrar-təkrar yenidən oxumaq istəyi baş qaldırırmışdı içimdə. Ancaq o dəm aşiq ovçunu xatırlaya-xatırlaya dodaqlarımın arasında "Pan" pıçıldamaqdan başqa heçnə edə bilməmişdim. Bəlkə elə Knut Hamsun da o romanı yolu hansısa meşəyə düşəndən sonra yazmışdı?
"Pan" elə sevgi romanıdır ki, siz sevgini orda ən axırıncı planda və mərhəmətlə, sərtliklə çiyin-çiyinə görərsiniz. Romanda hər şey meşəni xatırladır, hər şey ən xırda detalına qədər təsvir olunub; hekayəni nəql edən leytenant Qlan, şəhərdən bezib meşədə təkcənəliyə çəkildiyi günləri ətraflı şəkildə oxucu ilə bölüşür. Bütün şəhərlərdə olduğu kimi, onun da yaşadığı şəhərdə hər gün yeknəsəq keçir, zaman durğundur. Amma meşədə zamanın necə keçdiyini hiss etmək olur, hər gün başını bir işlə qatırsan. Daxmasında oturub qulaq verdiyi səssizlikdən məmnundur. Bu məmnunluğu arada bir getdiyi qəsəbə, ordakı insanlar, onların mənasız sevgiləri pozur. Leytenant artıq çox dəyişib, özü belə özünü tanımır.
Hamsun romanlarına xas olan sadə kənd mənzərələrini, sakinlərinin çətin, bir o qədər də qürurlu həyatları, bu romanda da öz əksini tapır. O kəndləri elə təsvir edir ki, dünyanın hər yerində o cür kəndlər, meşələr, insanlar, həyatlar var. Onun sətirləri misra kimi axır, meşədəki günlər kimi. Bəs insanların sevdiyi bu yazarı ömrünün sonuna qədər nasistlərin tərəfində durmağa nə vadar edirdi? "Pan" kimi romanın müəllifi o meşələri nasist işğalına necə verə bilirdi? Bu suallar oxucuya Knut Hamsunu təkcə yazar kimi deyil, eyni zamanda, insan kimi də maraqlı edir. Yazarların mətnləri ilə xarakterlərinin, yaşantılarının üst-üstə düşmədiyinin şahidi olmuşuq, amma bu qədər ziddiyyət təşkil edəni çox az tapılır. Məntiqi tərəfdən bunun bir səbəbi olmalıydı. Knut Hamsunun həyatı ilə az-çox maraqlanan oxucular bu ziddiyyətə səbəb kimi onun keçirdiyi ağır həyatı göstərir. Axı Hamsunun gəncliyi aclıq və yoxsulluqla keçmişdi; ömrünün ən gözəl, yaradıcı vaxtlarında hanballıq etmiş, poçtalyon işləmiş, bir qarın yeməyə görə okeanın o tayında, qalın Amerika meşələrində ağac kəsmiş, xəstələnmiş, Amerika imperializminə üsyan etmiş və məcburi şəkildə dəlixanaya salınmışdı. Amma bütün bunlar onun nasistlərin cəbhəsində olmasına təsir etsə də, əsas səbəb ola bilməzdi. O dövrdə bu cür, bəlkə bundan da artıq çətinlik yaşayan insanlar olmuşdu. Həm də bu yaşadıqları, çəkdiyi çətinliklər ona məşhurluq qazandıran "Aclıq" romanını yazdırmışdı. Deməli, çətinliklərdən doğru istifadə etməyi bacarırdı. Hətta bu roman haqqında belə bir əhvalat var ki, çap olunduğu dövrdə onu oxuyanlar uzun müddət normal qidalana, yemək masasında rahat, xoşbəxt otura bilməmişdilər. Bu qədər həssas yazarın kim olduqlarını bilə-bilə nasistlərə qoşulmasına səbəb nə idi?
Təəssüf ki, Hamsun bu sualın cavabını özü ilə bərabər məzara aparıb. Ədəbiyyatçılar isə bu suala cavab olaraq öz fərziyyələrini səsləndirirlər. Bu haqda saysız fərziyyə var. Bəlkədə yaşadığı çətinliklərə, məhrumiyyətlərə rəğmən bu qədər mərhəmətli, həssas, humanist qaldığına görə özündən iyrənirdi. Bəlkə də xarakterini dəyişməyə çalışmışdı, amma bacarmamışdı. İndi isə o çətinlikdə olarkən səssiz qalan insanlara ("Aclıq" romanında olduğu kimi) edilənləri, öz qisasının alınması kimi görürdü. Bəlkə də nasistlər onun olmaq istədiyi kimi idilər. İnsanlar onun romanlarındakıları sadəcə oxuyurdular, amma halbuki o, yazdıqlarını real olaraq onların qarşısında, qonşuluğunda yaşamışdı. Onlar görməzdən gəlmişdi. İndi isə oxuyub təsirlənir, onu "dahi yazar adlandırır", hörmət edirdilər. Hər şeyin gec olduğunu isə bilmirdilər. İndi susmaq onun növbəsi idi. Bu sükutu isə intiharından sonra yüzə çıxan Hitlerə yazdığı ağı pozmuşdu.
Knut Hamsunu böyük yazar edən dözümlülüyü, yaşadıqlarından düzgün istifadə etməsi, ən əsası da güclü iradəsi olmuşdu. İyirmi beş yaşında özünü pis hiss edib həkim müayinəsindən keçəndə ona sürətlə irəliləyən vərəm diaqnozu qoyulmuş, bir aylıq ömrü qaldığı deyilmişdi. O da ölümü qarşılamaq üçün Norveçə qayıtmışdı. Amma necə oldusa fikrini dəyişib ölümü gözləmək yerinə, onunla mübarizə apardı, güclü iradəsi ilə ona qalib gəldi və 93 il yaşadı.
Meşədə "Pan" romanını xatırlayarkən yazmağın necə əvəzsiz hiss olduğunu bir daha xatırladım. Elə bu sehri sayəsində Hamsunu bütün səhvlərinə görə (bəlkə də bu, səhv deyildi) nəinki oxucuları, hətta həmkarları belə rədd edə bilmirdi.
Romanı oxuyanlar, insan ruhundakı parçalanmanın, iztirabın, nəql edilən qarşılıqsız sevgi hekayəsinin şeirvari mühitindən asanlıqla çıxa bilmir. /525.az/
|