Bəsirə Əzizəlinin Muhsin
Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
Bəsirə Əzizəlinin tanınmış türk yazar, tədqiqatçı, türkçü ideoloq Muhsin Kadıoğluya həsr olunmuş “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” monoqrafiyası işıq üzü görmüşdür
Bəsirə Əzizəlinin tanınmış türk yazar və araşdırmaçı alim, İstanbul Texnik Universitetinin əməkdaşı Dr.Muhsin Kadıoğluya həsr olunmuş “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” (Elmi redaktor: Prof. Dr.Bədirxan Əhmədli, rəyçilər: Prof. Dr.İlyas Topsakal, Prof. Dr.Kutluk Kağan Sümer, redaktor: Gülnar Yunusova; Bakı, Mütərcim, 2020, 416 səh.) monoqrafiyası nəşr olunmuşdur. Monoqrafiyada yazarın zəngin həyat və yaradıcılıq yolu izlənilmiş, çeşidli məsələlərə həsr olunmuş əsərləri tədqiq edilmişdir.
Yaradıcılığa publisistik yazıları ilə başlayan, 1980-ci ildə 16 yaşında ilk, “Türklərin tarixi oyunu: Polo” yazısı ilə “Doğu Türkistan” dərgisində çıxış edən, keçən yüzilliyin 80-90-cı illərində “Yeni Düşünce”, “Ortadoğu qəzeti”, eyni zamanda, “Yesevi”, “Kurultay”, “Türkeli”, “Anayurt”, “Türk Dünyası Tarih ve Kültür Dergisi”, “Ayhanım”, “Günboyu”, “Çizgi Üstü”, “Ülkü-Tek”, “Gürses” kimi dəgi və qəzetlərdə “Alp Ertunga”, “Kutalmış İdikut” və “Muhsin İdikut Kadıoğlu” və “Muhsin Kadıoğlu” imzaları ilə publisistik məqalələr yazan M.Kadıoğlunun yaradıcılığı geniş, çoxsferalı və zəngindir. B.Əzizəli qeyd edir ki, “yazar, tədqiqatçı alim, türkçü ideoloq, publisist, araşdırmaçı-səyyah Muhsin Kadıoğlu yarım əsrdən bir qədər artıq keçdiyi ömür yolunda Türkiyədə və bütün türk dünyasında bir çox ilklərin əsasını qoymuş, turançılıq ideyasının daşıyıcısı olaraq qəzetlərdə köşə yazıları yazdığı gənclik illərindən böyük həcmli kitablarına qədər türk millətinin maraqları uğrunda mücadilə aparmış, lokal problemləri qələmə alarkən məsələlərə qlobal çərçivədə yanaşaraq dünya təcrübəsini şərh etmiş, Türkiyə və türk dünyası üçün əxz olunması vacib olan cəhətləri göstərmişdir. Türkiyədə yaşayan, lakin bütün türk dünyası üçün yazıb-yaradan Muhsin Kadıoğlu öz sələflərinin miras qoyduğu tarixi missiyanı davam etdirmişdir. Roman, hekayə və şeirlərində yazar, coğrafiya elmi sahəsindəki araşdırmalarında tədqiqatçı, milli yaddaşımız, adət-ənənələrimiz, türklərin dünyadakı yeri və rolu ilə bağlı əsərlərində tarixçi, mədəniyyət və incəsənət nümunələrini öyrənərkən kulturoloq kimi qarşımıza çıxan M.Kadıoğlu bir türk aydını, türkçü ideoloqdur. Elə əsasını qoyduğu “Ağıla əsaslanan türkçülük” təliminin bütün məziyyətləri araşdırmaçı yazarın öz dünyadərki, əsərləri və fəaliyyətində meydana çıxır”.
M.Kadıoğlu 1990-cı ildə Türkiyədə ilk olaraq “Anlayarak Hızlı Oku¬ma Teknikleri” (“Anlayaraq çox sürətli oxumaq metodları”) kitabını yazmış, bununla da Türkiyə və türk dünyasında sü¬rətli oxumaq sahəsində ilkə imza atmışdır. Yazar 1998-ci ildə isə yenə də Türkiyədə ilk dəfə olaraq “Anlayarak Hızlı Okuma Teknikleri” internet saytını yaratmışdır. 1998-ci ildə “Bağımsız Milliyetçi, Ülkücü, Türkçü Site” adlı milliyyətçilərin ilk gündəlik internet saytı olan www.ulkucu.org saytını qurmuş, bununla da elektron türkçülük sahəsində də bir çox yeniliklər etmişdir. M.Kadıoğlunun ən çox müzakirə olunan internet saytı www.ulkucu.org olmuşdur. “Müstəqil milliyyətçi, ülküçü, türkçü sayt” başlığı ilə yazılar yayınlayan bu saytın, xüsusilə də, 2001-2011-ci illər arasında Türkiyədəki türk milliyyətçilərinin gündəmlərinin müəyyənləşdirilməsində təsiri böyük olmuş-dur. www.ulkucu.org saytı “elektron demokratiyası”nı Türkiyədə, bəl¬kə də, türk və islam dünyasında ilk dəfə həyata keçirən bir sayt olmuşdur.
M.Kadıoğlunun “Küresel Düşün, Ulusal Davran” (2006) kitabı yazarın“Romantik Türkçülükten Akılcı Türkcülüye” adlandırdığı fikir istiqamətini təqdim edən mühüm mənbələrdəndir. B.Əzizəliyə görə, “türkçülük görüşlərində tolerant və multikultural dəyərlərə də önəm verən M.Kadıoğlunun “Küresel Düşün, Ulusal Davran” kitabı türkçülük ideyalarına ümumdünya milli dəyərlərinə münasibət kontekstində yanaşılması, türk dünyası üçün vacib olan məsələlərin şərhi, yeni prizmadan qiymətləndirilməsi, milli kimlik, onun qlobal arenada ifadəsi kimi məsələlərin ifadəsi baxımdan əhəmiyyətli əsərlərdəndir”.
M.Kadıoğlunun məşhur “Küresel Düşün, Ulusal Davran” (“Qlobal düşün, milli davran”), “Küresel Sorunlara Karşı Ulusal Tavır” (“Qlobal problemlərə qarşı milli rəftar”), “Polonya’da Türk İzleri” (“Polşada türk izləri”), “Turan Yolunda. Macaristan İzlenimleri ve Turancılık” (“Turan yolunda. Macarıstan təəssüratları və Turançılıq”), “Nar Ülkesi. Endülüs’ün Son Yılları” (“Nar ölkəsi. Əndəlüsün son illəri”) romanı, “Türk-İslâm Cihan Hâkimiyeti Ülküsü Kızılelma” (“Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma”) və digər kitabları, eyni zamanda, “Ya sen gel...” (“Ya sən gəl...”) adlı şeir kitabı, Avropa, Asiya və Afrikanın 34 şəhərindən bəhs edən eyni sayda səyahət və tur bələdçisi kitabı və başqa elektron kitabları, dünyanın müxtəlif ölkələrində türk və islam izlərinin araşdırılmasına yönəlmiş fəaliyyəti B.Əzizəlinin monoqrafiyasında ətraflı formada araşdırılmışdır.
Azərbaycanla bağlı məsələlər də M.Kadıoğlunun yaradıcılığının ilkin mərhələlərindən önəmli yerə sahib olmuşdur. Monoqrafiyanın “Muhsin Kadıoğlu və Azərbaycan” bölümündə yazarın yaradıcılığın ilk mərhələsindən başlayaraq ölkəmizlə bağlı müxtəlif əsərləri öyrənilmiş, Azərbaycanda yayınlanan məqalələri şərh edilmişdir. Yazarın B.Əzizəli ilə birlikdə yazdığı, Bakı haqqında ilk geniş həcmli tur bələdçisi kitabı olan, türk və ingilis dillərində Google Play Books üzərindən yayınlanan “Bakı Gezi Rehberi” kitabı da monoqrafiyada təhlil edilmişdir.
B.Əzizəlinin “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” kitabında Türkiyə türkcəsi və ingilis dilində geniş xülasə də təqdim edilmişdir. Kitab iki qardaş ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına əhəmiyyətli bir töhfədir.
|