İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
29.01.20
Əvvəli burda I məqalə Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
III məqalə Repressiya illərində tragik həbs situasiyaları...
IV məqalə
Nərimanovun Lenini ittihamı: “Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?”
V məqalə
“Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”... (Repressiyanın 89 iliyinə həsr olunur)
Azərbaycanda repressiyaya start 1936-cı ilin yazında verildi. XI ordunun işğalı da yaz aylarına təsadüf etmişdi…
1930-cu illərdə Azərbaycanda repressiyaya məruz qalan dövrün əsas tragik simalarından biri də Ruhulla Axundov olmuşdur. Cəmi 41 il (1897-1938) yaşayan, amma bu qısa ömründə Azərbaycan xalqının ictimai-siyasi, elmi-mədəni həyatında əvəzsiz xidmətləri olan R.Axundov da N.Nərimanov kimi əsil faciə qəhrəmanı idi. N.Nərimanovla eyni partiyada fəaliyyət göstərsə də, bir çox məsələlərdə onunla müxalif mövqedə olmuşdur. Daha sonralar isə M.Bağırovun 1 nömrəli düşməni, rəqibi olan R.Axundov məhz elə M.Bağırovun təqdimatı və xüsusi canfəşanlığı ilə güllələnmişdir. Stalinin R.Axundova münasibəti müsbət idi. Dəfələrlə onu cəzadan azad etmiş, işdən çıxarıldığı zamanlarda yenidən vəzifəyə təyin olunmasına mane olmamış, hətta 1934-cü ildə Moskvada Kommunist partiyasının 17-ci qurultayında hamının gözü qarşısında onu qucaqlayıb görüşmüşdür. 1935-ci ildə isə R.Axundovu o zamanlar üçün xüsusi təltiflərdən biri olan “Lenin” medalına layiq görmüşdür.
Tiflisdə yaşayarkən “Sırtsov və Lominadzenin antipartiya qrupu”nun üzvü kimi ittiham olunan R.Axundov yenə də sovet hökumətinin idarəetmə strukturlarında mövqe tuta bilir...
1954-cü ildə M.Bağırov dindirilən vaxt R.Axundovun həbsinə Stalindən icazə istədiyini xatırlamışdır. Qeyd etmişdir ki, Stalin əvvəlcə Bağırovdan soruşur ki, onu əvəz edəcək, Azərbaycan dilini onun qədər mükəmməl bilən, tərcüməçi, redaktor, rəhbərlik təcrübəsi olan başqa adam varmı? (İki hissəli “Rusca-türkcə lüğət”in (1928-1929) tərtibçilərindən biri və redaktoru olmuş R.Axundov marksizm-leninizm klassikləri əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçilərindən idi. Nəşriyyat və poliqrafiya işini mükəmməl bilirdi. Azərbaycan dilində siyasi terminlər lüğətinin yaradılması və yeni əlifbaya keçilməsində xidmətləri vardı. Tarix, ədəbiyyat və digər sənət növlərinə aid yaradıcı fəaliyyəti onu universal bilik, bacarıq sahibi kimi tanıtmışdı.) Bağırov Stalini əmin edəndən sonra onun mühakimə qovluğu Moskvaya göndərilmiş və həbsinə razılıq alınmışdır. 17 dekabr 1937-ci ildə səhər tezdən yaşadığı binanın qarşısında işə gedərkən tutulur. “Əksinqilabçı millətçi təşkilat”ın üzvü kimi həbs edilən R.Axundov “trotskçi” kimi mühakimə olunur, 1938-ci ildə güllələnir.
Bu məqamda təkcə repressiya qurbanlarının taleyinə deyil, həm də bu taleni onlara yaşadan zamanın-XX əsrin 20-30-cu illər dövrünün ictimai-siyasi, sosial-mədəni hadisələrinin mənzərəsinə ötəri də olsa, diqqət yönəltmək istərdim.
O zamanlar Bakı türk intellektuallarının elmi-mədəni mərkəzinə, fəaliyyət arenasına çevrilmişdir. Türkçülük, milli müstəqillik ideyaları nümayiş, üsyan və müxalifət aksiyalarında deyil, daha dərin qatlarda-təfəkkür tərzində, elmi-mədəni inkişaf strategiyalarında, qədim türk ədəbi-mədəni irsinə münasibət fonunda reallaşır, təlqin və təbliğ edilirdi. Qədim türk abidələrinin (“Divani-lüğəti-it türk”, “Manas”, “Kitabi Dədə Qorqud” və s.) tərcümələri, nəşri, yayımlanması, türk dillərini və mədəniyyətini yaxınlaşdıran, qohum dillər və xalqlar ailəsində birliyə, yekdilliyə səsləyən dilçilik araşdırmaları və bu istiqamətli işlər indiyə qədər görünməyən bir inkişaf mərhələsinə qədəm qoymuşdu. Təkcə türk əsilli mütəxəssislər deyil, rus, eston və başqa millətlərdən olan alimlərin də bu prosesdə iştirakı istər-istəməz ədəbi-mədəni, elmi mühitdə çoxlu suallar doğurmuşdur. Bu fəallığın artıq həm də “siyasi məqsədlər” güddüyü bəlli idi. Sovetləşmiş türk xalqlarını Rusiyanın cəngindən xilas etmək və yeni “Türk Xalqları Birliyi” adını mahiyyətində daşıyacaq dövlət, hökumət yaratmaq... Bu məqsədin adamları mühakimə zamanı müxtəlif adlarla (“pan- türkist”, “pan-islamist”, “Trotskçi”, “millətçi”, “əksinqilabçı”, “müsavatçı”, “terrorist”, “xarici dövlətlərə işləyən agent” və s.) cəzalanırdı. R.Axundov AK(b)P MK-da şöbə müdiri, AK(b)P BK katibi, “Bakinski raboçi”, “Kommunist” qəzetlərinin redaktoru, 1924-1930-cu illərdə AK(b)P MK katibi, Azərbaycan SSR maarif komissarı, “Azərnəşr”in direktoru olmuş, 1930-cu ildə ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR və SSRİ MİK-lərinin bütün çağırışlarının üzvü seçilmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsinin rəisi olmuş, ÜİK(b)P-nin X-XVII qurultaylarına, Kominterin II konqresinə nümayəndə seçilmişdir. R.Axundov modern dünyagörüş sahibi, beynəlmiləlçi olsa da (həyat yoldaşı Frida Naumovna Şlyomova yəhudi qızı idi), həm də bir türkçü və millətçi idi. Tük ziyalılarının, xüsusən də Avropa mədəniyyətinə sahib, müasir dünya elmi və mədəniyyətindən xəbərdar olan türkçü alimlərin mövqeyini bütün məqamlarda müdafiə edir və onlara genişmiqyaslı fəaliyyət üçün şərait yaradırdı. Ərəb əlifbasından latın qrafikasına keçmə məsələsində də o məhz Türkiyədəki türkçü ziyalıların fikirləri ilə hesablaşır və bu sahədə digər türk xalqlarından fərqli olaraq ilk addımın atılmasına cəhd edirdi. Türk xalqlarının elm adamlarını Bakıya dəvət edib onları məqsədyönlü fəaliyyət sahəsində yerləşdirirdi. Onu mühakimə edərkən uzun illər B.Çobanzadəni müdafiə edib qoruması faktı da “cinayət” xarakteri daşımışdır. Təsadüfi deyil ki, repressiya zamanı “gizli millətçi təşkilat”ın əsas üzvləri kimi cəzalandırılan adamların əksəriyyətini akademiyanın “Dil və ədəbiyyat”, “Tarix və arxeologiya” institutundan “tapıb” çıxarmışdılar. Bu institutların rəhbərləri isə ağır işgəncələrlə məhv edilmiş repressiya qurbanları A. R. Zifeld-Simumyagi və R.Axundov olmuşdur. H.Zeynallının işgəncə altında R.Axundovun əleyhinə verdiyi ifadələrində də bu yanaşma xüsusi vurğulanır. H.Zeynallı demişdir ki, R.Axundov daima və tədricən rus kadrları azərbaycanlılarla əvəz edirdi. Onun barəsində Moskvaya göndərilən şikayət məktublarında da (bu məktubdakı şikayətə baxılmaq üçün Moskvadan komissiya da göndərilir) onun bu davranışı-azərbaycançılıq, millətçilik ideyası tənqid olunurdu. SSRİ Elmlər Akademiyasının müxbir üzvü S.G.Tomsinski SSRİ EA-nın Partiya Komitəsinə şikayət məktubu yazıb bildirirdi ki, “Elmlər Akademiyasının Azərbaycan bölməsinin rəhbərliyi türk olmayan kommunistlərin burada çalışmasına mane olur”...
Və qəribədir ki, zaman gəldi, bir-birlərinə müxalif mövqedə olan, sovet hakimiyyətində vəzifə, nüfuz qazanmış hər iki milli liderin - N.Nərimanovun və R.Axundovun narazılığı, etirazı, barışmazlığı və üsyanı eyni mahiyyət daşıdı. N.Nərimanov da praktiki olaraq millətin intibahı üçün mücadilə etdi, R.Axundov da. N.Nərimanov şikayət və etirazlarını V.İ.Leninə yazırdı, müstəqilliyin şərtlərini xatırladır, mədəni şəkildə tələblər, suallar qoyurdu ortaya və səlahiyyəti daxilində (bəzən daha cəsarətli, təhlükəli addımlar ataraq səlahiyyəti xaricində belə), xalqın dəyərlərini və millətin dəyərlilərini qorumağa çalışırdı. N.Nərimanovun ölümü (1925) onu repressiya sorğulamasından xilas etsə də, o yenə də repressiya qurbanı kimi məhv edildi...
R.Axundov N.Nərimanovdan 13 il sonra öldürüldü, amma o da N.Nərimanov barışmazlığının davamçısı oldu. Onun haqqında hazırlanan ittiham qovluğunda rus sovet hakimiyyətinin əleyhinə onun dilindən çıxmış bu cümlələri “Məhv edilmiş türkoloqlar” kitabından oxuyuruq: “Alim deyil, partiya təşviqatçısı, təbliğatçısı hazırlayırlar”, “Azərbaycan dili bərbad hala düşmüş və təhqiramiz bir duruma salınmışdır”, “ Moskvada Azərbaycana neft və pambıq deposu kimi baxırlar” və s.
Rusiyanın Azərbaycandakı hakimiyyətində ali vəzifələr adətən ruslara, erməni və gürcülərə həvalə edilirdi (S.M.Kirov, L.İ.Mirzoyan, N.F.Çikalo və b). Zaqafqaziya miqyaslı böyük tədbirlərdə çox zaman ermənilərin adından erməni nümayəndələr, gürcülərin adından gürcü nümayəndələr, Azərbaycan adına isə ya rus və erməni, ya da gürcü və erməni əsilli nümayəndələr göndərilirdi. Halbuki xalqımızın həmin illərdə çox layiqli mütəfəkkir şəxsiyyətləri var idi. Bu cür təhqiramiz münasibəti isə necə ki vaxtilə N.Nərimanov görür və mənsub olduğu partiyaya qarşı çevrilirdi, sonrakı illərdə də R.Axundov bu yanaşmanın altqatda olan aşağılama anlamlı mahiyyətini dərk edirdi. R.Axundov isə istisnalardan oldu, yəni S.Kirov və L.Mirzoyan hakimiyyəti aralığında rəhbər vəzifəni əlinə ala bildi. Amma onun üçün bütün titullar, bütün səlahiyyətlər, imtiyazlar və vəzifələr xalqa, onun elminə, mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına xidmətə istiqamətlənmişdir...
Siyasi baxışlarında dəfələrlə mövqeyini dəyişən R.Axundov fəaliyyəti boyunca sırf Azərbaycan xalqının xidmətkarı olmuş, onun elminə, ədəbiyyatına, tarixinə, mədəni görüşlərinin inkişafına xeyli töhfələr vermişdir. Vaxtilə Bakıda Trotski platformasının tərəfdarı kimi çıxış edən, səs verən R.Axundov Moskvada mövqeyini dəyişərək leninçi kimi çalışır və onun xeyirinə səs verir. 1919-cu ildən bolşevik təşkilatının fəal üzvünə çevrilir. 1920-ci ilin mart ayında gizli şəkildə Krasnavodska, oradan da Moskvaya gedir. XI ordunun “aprel səfəri”ndən sonra isə artıq R.Axundov Azərbaycanda bu hakimiyyətin üzdə olan, açıq fəaliyyət göstərən liderlərindən olur. 1924- cü ildə Azərbaycan KP MK-nın ikinci katibi təyin edilir. Həmin dövrdə bir müddət xarici ölkələrə səfərə çıxır. Bu səyahət onun bioqrafiyasında “göz müalicəsi ilə bağlı” gediş kimi qeyd olunsa da, sonralar mühakimə qovluğunda “anti-sovet fəaliyyət səfəri”tək səciyyələndirilir.
R.Axundov M.Bağırovu Azərbaycanı təkbaşına, Moskva siyasətinə uyğun şəkildə idarə etdiyinə, ətrafında heç kimlə hesablaşmadığına görə həmişə tənqid edirdi. Onun həyat yoldaşı F.N.Şlyomova öz xatirələrində göstərirdi ki, M.Bağırovla R.Axundov daima bir-birinə düşmən mövqedə olmuşlar. Hətta bir dəfə M.Bağırov sərxoş olarkən R.Axundova belə demişdir: “Mənim tanıdığım bir neçə kişi varsa onlardan biri sənsən. Əsəbiləşirsən, amma daha bir də belə hirslənməyəcəksən, sən qarşımda ağlayacaqsan”... (“Məhv edilmiş türkoloqlar”)
1936-cı ildən etibarən gözdən salınan, hakimiyyətdən uzaqlaşdırılan R.Axundov haqqında artıq “qərar” verilmişdi... R.Axundov həbs olunan dövrdə B.Çobanzadə, V.Xuluflu, H.Zeynallı, Qubaydullin və başqaları da tutulmuşdu. Onların hər biri R.Axundovun əleyhinə ifadə vermişdi. Bu adamların çoxu R.Axundovun himayəsi ilə fəaliyyət göstərən insanlar idi. Hamısı da R.Axundovu təkcə köhnə trotskçi kimi yox, həm də əksinqilabi təşkilatın üzvü, millətçi kimi təqdim edirdi. Əlbəttə ki, zorən yazdırılan, işgəncələr hesabına imzalanan şahid ifadələrindən gedir söhbət... B.Çobanzadə özü bu məzmunlu izahat və şahid ifadələrinə imza atır və əksinqilabçı, millətçi kimi fəaliyyət göstərən adamların siyahısını alırlar ondan. 50-dən çox ad çəkir... Ü.Hacıbəyovun, S.Vurğunun da adı var idi bu siyahıda. Onu da qeyd edim ki, təkcə R.Axundova yazdırılan siyahıda deyil, bir çox repressiya məhkumlarının “əksinqilabçılar” haqqındakı təqdimatında S.Vurğunun adı verilirdi. Amma bu gün Azərbaycanda bütün SSRİ miqyasında baş verən, milyonlarla insanı qılıncdan keçirən repressiya faciəsinin az qala yeganə mənfi qəhrəmanı kimi S.Vurğunun adı tez-tez çəkilir... Bununla bağlı növbəti məqalədə fikir bildirəcəm. İndi isə dövrünün faciə qəhrəmanı, fədakar ziyalı, millətsevər şəxsiyyət və qeyri-adi istedad, iradə sahibi R.Axundova qarşı M.Bağırovun kinli və ədavətli münasibətinin sonunu diqqətə çatdırmaq istərdim. M.Bağırov R.Axundovun haqqında kifayət qədər “məlumat” toplayıb onu ölümə məhkumlar siyahısına saldırmışdı. Bağırov Stalinin Azərbaycan üçün qoyduğu repressiya öhdəliyini bu xalqın say-seçmə oğul və qızlarını, mütəfəkkir şəxsiyyətlərini qurban verməklə yerinə yetirirdi. Bağırovun R.Axundovla köhnə hesabı, rəqib və daha nüfuzlu düşmənə (R.Axundova) bu yolla qalib gəlmək hesabı vardı... Onu (M.Bağırovu) başa düşmək olar. Amma bu gün M.Bağırova bəraət qazandırmaq istəyən müəllifləri isə anlamaq mümkün deyil. M.Bağırovun bu millətə hansı rəğbəti vardı ki, onun tərəqqisi naminə cavan yaşında canını və ailəsini güdaza verən R.Axundovu erməni bolşevikin otağında mütəmadi olaraq döydürürdü: “25 avqust 1954-cü ildə Azərbaycan Xalq Daxili İşlər Komissarlığının daha bir əməkdaşı İ.A.Xanumov deyir: Sumbatov və Bağırovun tez-tez ifadə alıb danışdırdığı Axundov Sumbatovun otağında davamlı şəkildə döyülürdü. Bağırov mütəmadi olaraq tutulanların sorğulanmasında iştirak etmək üçün Daxili İşlər Komissarlığına gəlirdi. Ruhulla Axundov o dərəcədə döyülürdü ki, axırda onu Sumbatovun otağından xərəkdə çıxarırdılar. Ruhulla Axundovun Sumbatovun otağında vəhşicəsinə döyüldüyünü orada uzun müddət işləyənlərin çoxu bilirdi. Biz xəstə bir insanın, üstündə aparılan bu eksperimentlərə və bir insanın bu qədər zülmlərə necə dayana bildiyinə təəccüb edirdik”... (“Məhv edilmiş türkoloqlar”)
Yuxarıda adı çəkilən kitabda bir maraqlı və ürək ağrıdan şahid ifadəsi də var. 1921-ci ildən 1954-cü ilə qədər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (əvvəllər müxtəlif cür adlandırılıb. Məsələn, ÇEKA, QPU və s.) daxili həbsxanasında nəzarətçi işləyən A.M.Tağıyev danışırdı ki, tutulanları hər zaman döyürdülər.Onları istintaqa çağıran bütün müstəntiqlər və digər rəhbər şəxslər belə döyürdü. Bağırov və Beriyanın vaxtında kameralarda su o qədər çox olurdu ki, dustaqlar bəzən boğulub ölürdü. 1921-1922-ci illərdə Tağıyevin özü məhbusların dənizdə batırılması üçün onlara daş bağlamışdı. Sonra bu üsul qadağan olundu. Çünki o zaman Bakıda balıq ətindən kütləvi zəhərlənmələr olmuşdu... Tağıyev bir də ona təəccüb etdiyini bildirirdi ki, ölümə, güllələnməyə aparılan adamları da həmin gün möhkəm döyürdülər...
07.01.2018
Ardı var
|