AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
28.01.20
"Ulduz” jurnalının bu ilə olan ilk buraxılışı işıq üzü görüb. Poeziyaya həsr olunmuş jurnalı Yazıçılar Birliyinin Gənclər Şurası hazırlayıb.
Jurnal Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Ön sözü ilə başlayır. Yanvar sayında Rəvan Cavid, Fuad Cəfərli, Tural Turan, Emin Piri, Şahanə Müşfiq, Allahşükür Ağa, "Söz” ədəbi layihəsindən Günel Şamilqızı, Mehman Rəsulov, Firdovsi Rəsul, Rüstəm Hacıyevin yeni şeirləri dərc olunub. Tənqidçi, ədəbiyyatşünas Ülvi Babasoyun "Musa Yaqubun "Mən də eləyəm” şeirində vizual və akustik poetika” yazısı ilə də tanış olacaqsınız. Xanım Aydının tərcüməsində şairlər və şeirlər haqqında aforizmləri, Məhəmməd Nurinin tərcüməsində fars ədəbiyyatından Məhəmməd Şirinzadənin, Şatir Abbas Səbuhinin şeirlərini (filoloji tərcümə), Aytac Quliyevanın tərcüməsində Nərmin Sarıbaşın "Didəm Madak” yazısını, Başqırd poeziyasından Mustay Kərimin və Gülnaz Kutiyevanın şeirlərini, Mahir Həmidovun tərcüməsində Mahmud Faxurinin "Cahilliyət dövrü ərəb şeiri” yazısını, Səxavət Sahilin tərcüməsində Migel Ernandes şeirləri oxuyacaqsınız. Həmçinin dünyada oxunan ən çox şeir kitablarını və ən çox oxunan instaqram şairi haqqında da Elcan Salmanqızının ingilis mətbuatından tərcümə etdiyi xəbərlərlə tanış olacaqsınız. "Ulduz”un bu nömrəsində Günel Şamilqızı çağdaş türk şeirinin ən parlaq nümayəndələrindən olan Qönçə Özmənin şeirlərini tərcümə edib. Xatirə Nurgülün tərcüməsində Lev Kolodnının "Onlar təkcə şair deyildilər...” məqaləsini, Nüşabə Babayeva-Vəkilovanın Vaqif Səmədoğlu haqqında "Mən sənin yolunam” yazısını, Mehman Həsənlinin "Nəsr təfəkkürlü poeziya və ya Aytmatovun səslənişləri” məqaləsini və Aytmatovun şeirlərini ilk dəfə bu sayda oxuyacaqsınız. Şair Şəhriyar del Gerani və bədii qiraətçi Kamran Yunislə müsahibədə "Ulduz”un bu nömrəsində yer alıb. Jurnalın bu sayının redaktoru Fərid Hüseyn, eksperti Cavanşir Yusiflidir.
|