İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
21.01.20
Repressiyanın 80 illiyinə həsr olunur...
I məqalə
1937-ci ildən 80 il keçir... Rəqəmlərin də rəng assosiasiyası olur. “1937” də “repressiya” sözü kimi qara rəngdədir. Mən inanıram ki, sözlərin canı, ruhu, çəkisi, bəxti gətirəni, udanı, uduzanı, dəbdə olanı, dəbdən düşəni var. “1937” rəqəmi və “repressiya” sözü qurğuşuntək ağır, yüklü, mənfiliklərlə dolu, qorxunc, uğursuzluqlar, ümidsizliklər, xəyanətlər məcmusu anlamında xatırlanır. 1937-ci il bizim keçmiş “ittifaqımız”da bütün inamların ölən tarixidir... Həm də sirlərlə, gizlinlərlə, müəmmalarla, qeyri-müəyyənliklərlə dolu, güllə səsli, qaranlıqlarda taqqıldayan “troyka” addımlı mistik bir rəqəm ...
Cəmiyyət həyatının bütün sahələrini (siyasət, ədəbiyyat, iqtisadiyyat və s) əhatə edən bu kəlmənin dəbə minən zamanı 1953-cü ildən başladı. İ.V.Stalinin ölümündən sonra... Sovet insanı Stalinin ölümünə sarsılmışdı. Stalinə ağlayanlar gözlərinin yaşını tam silməmiş təkcə Stalinin məhv etdiyi seçilmiş, dəyərli insanlara yox, həm də repressiya maşınının qanlı dişləri arasında üyüdülüb yox olmuş insanlığa yas saxlamalı oldu. Sanki hamı bir-birini satıb oturmuşdu, heç kim dünənə qədər dost olduğu əziz adamlarının üzünə baxa bilmirdi...
50-ci illərdə kitab yenidən açıldı. Köhnə yara təzələnmişdi. Ölülərə bəraət verilirdi... Xruşşov “redaktəsi” yeni bir çaşqınlıq yaratmaqda idi... Sovet insanı bu yenilənməyə, boşalma və yumşalmaya güvənib inamına yeni don geyindirdi...
Sovet insanı düz yüz ildir (1917-ci ildən) aldadılır... Düz yüz ildir bu ölüb qurtarmayan, doğulduqca doğulan, artdıqca artan sovet insanı (əslində bolşevik təfəkkürü!) bizi də suallar qarşısında qoyur. Sovet insanının yaşı 70 il olmadı, bu insanın yaşı illə, ayla deyil, qanla, genlə çoxaldı. Bolşevizm qana, genə keçərək, nəsildən-nəslə ötürülən irsi xəstəliyə çevrildi. Bu insan Lenini, Stalini, M.C.Bağırovu analiz edib qurtara bilmir. Onları sevib, onlara pərəstişlə yanaşan, onlara haqq qazandıranları da zaman-zaman qarşımızda gördük... Şüuraltıda, “1937” rəqəminin və repressiya kəlməsinin qara pərdəsi arxasında səbəbi əsaslandırılmayan bir sevgi yaşamaqdadır... Ümumiləşdirib desək, Stalin sevgisi...
Azərbaycan insanının yanaşmasına əsaslansaq, bu sevgiyə zidd olan bir nisgilli məhəbbət də var. Hüseyn Cavid sevgisi... Azərbaycanlılar üçün repressiya qurbanlarının ümumiləşmiş obrazı Cavid Əfəndidir... Yüzlərlə elm, siyasət, mədəniyyət adamı repressiya qurbanına çevrilsə də, ağıllara ilk gələn, “nümunə” ola biləcək ad Hüseyn Caviddir.
Və bir də biz varıq... 2017-ci ilin sonunda, XXI əsrin başında dayanıb özümüzə məxsus, subyektiv ittiham və bəraət “qanunlarımızla” hökm verən bizlər...
Çox qəribədir ki, repressiya (hətta ədəbiyyatda repressiya) siyasi hadisə, vaqiə, faciə olduğu halda Azərbaycan ictimai-siyasi, ədəbi-intellektual düşüncəsində bu ampluada təhlil edilmir. Bu gün repressiya haqqında sanki sırf ədəbilər, yazarlar danışmalıdır. Çox zaman köşələrdə, jurnalist araşdırmaları səviyyəsində fraqmentlər oxuyuruq. Qəflətən replika xarakterli ittiham mesajları yayımlanır. Köhnə repressiyalardan öz mənfəətləri naminə yararlanan, kimlərinsə ata-babasını “sorğu-suala çəkib” övladını, nəvəsini şantaj etmək niyyəti ilə yazılan yazılar da səngimək bilmir. Repressiya dövrünün hadisələri çox hallarda obyektiv analitik təhlillər, ictimai-siyasi reallıqlar əsasında deyil, subyektlərə (şair və yazıçılara) münasibət fonunda təhlilə çəkilir. Və bu zaman motiv daha çox bir konkret münasibət – H.Cavid və S.Vurğun şəxsiyyəti qarşılaşdırması metoduna köklənir. Bəzən elə yazılara rast gəlirsən ki, H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin və başqalarının faciəli repressiya taleyi yaşamasının günahını Stalin, Bağırov siyasətində yox, məsələn, elə S.Vurğunun sovet şairi olmasında görənlərə də təəccüb etməkdən başqa söz tapmırsan. Və bir əsas məsələ həmişə unudulur. Repressiyaya məruz qalan adamlar özləri necə, bir-birləri haqqında mənfi rəy yaradan fikirlər söyləməyib ki? Səmimi etirafları (məsələn, R.Rza. “Qızılgül olmayaydı” popeması) belə səmimi qəbul etmək istəmirik. Pafoslu intonasiya ilə qəhrəmanlıq tələb edirik. Amma kimdən və hansı zamandan? 1937-ci ildən...
1930-cu illərin mətbuatı, arxiv sənədləri, həmin dövrdə yazıb-yaradan ədəbiyyat adamlarının ədəbi-bədii irsini vərəqlədikcə mənzərə aydınlaşır. 30-cu illərdə hökumətin öz siyahısı formalaşırdı. Bir şairin digərindən nəsə yazması, tərifi, ya tənqidi əsas götürülmürdü. Subyektlər prosesin detalına çevrilmişdi. Planlar Kremldə cızılır, ölüm hökmü qrafikləri İttifaq respublikalarının siyasi söz və güc qurumlarındakı silahlı adamlar tərəfindən reallaşdırılırdı. SSRİ-də repressiya tarixini müxtəlif rəqəmlər arasına alan araşdırmaçılar var. Məsələn, bəzi tədqiqatçılar bu dövrü 1921-1953-cü illə sərhədləyirsə, bəziləri də daha konkret hadisələrlə - Kirovun Smolnıda, iş yerində öldürülməsi və İ.V.Stalinin beyninə qan sızıb öldüyü tarixlə əlaqələndirib “1934-1953-cü il” miqyasında baxır prosesə....
“1934-cü il dekabr ayının 1-də Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirovun öldürülməsiSSRİ-də total repressiyaların başlanması üçün bəhanə, 1953-cü il mart ayının 6-da İ. Stalinin ölümü isə bu repressiyaların dayandırılması üçün səbəb oldu”. (F.Sabiroğlu)
1953-cü il bəraətləri təsəlli oldu, amma uzun müddət imkan verilmədi ki, tarix sənədlər əsasında vərəqlənsin, həqiqət ortaya çıxsın. İnqilabı edən də sovet hökuməti idi, repressiya tarixini yazan da, daha sonra ölümünə fərman verdiyi adamların anketinə elə yenə həmin möhürlə “bəraət” işarəsini həkk edən də... Öldürülmüş, sürgün edilmiş, ailəsi, nəsil-nəcabəti tar-mar olan əqidə adamlarının kağızlarda təsdiqlənmiş “bəraəti” zəif təsəlli idi. Üstəlik də həmin dövrün hadisələrini sona qədər açmaq şəraiti yaradılmadı. Repressiya qurbanlarına bəzən hətta təxəyyül və şayiələr əsasında ölüm tarixi və səbəbi yazılırdı.
Ömrünün böyük bir hissəsini sovet elm tarixini öyrənmək işinə həsr edən türkoloq alim Fyodor Dimitriyeviç Aşnin (1922-2000) 1960-cı illərin əvvəllərində 1929-cu ildən Elmlər Akademiyasının akademiki, 1934-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun müdiri olmuş Aleksandr Nikoloyeviç Samoyloviç və məşhur türkoloq alim, Azərbaycan Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsində fəaliyyət göstərən Bəkir Çobanzadə haqqında məqalələr yazdı və yayımladı. Məlum oldu ki, “...illərlə A.N.Samoyloviçin ölüm tarixi olaraq, guya “həyatının son illəri” kimi uydurma 29 dekabr 1940-cı il sayılmışdır. Həqiqətdə isə illər yox, dörd aydan bir az çox yaşamış və güllələnərək öldürülmüşdür”. (F.D. Aşnin, V.M. Alpatov, D.M. Nasilov. “Məhv edilmiş türkoloqlar”. Ruscadan türk dilinə çevirəni Q.Çaxmaqlı)
Aşnin də yazırdı ki, arxivlərdə sərbəst şəkildə işləmə imkanı yalnız “yenidənqurma” illərində mümkün oldu. Və qəribədir ki, bütün “günahkar”ların məhkəmə qovluğundakı sxemlər, məhkəmə prosesinin süjeti və hətta üzədurma ifadələri belə çox zaman eyniyyət təşkil edirdi. Məsələn, Rusiyada, Qazaxıstanda və ya Azərbaycanda aparılan dindirilmələrdə sanki hamı eyni günah üstündə tutulmuş və eyni cür özünümüdafiə, etiraf və peşmançılıq cümlələri işlətmişdir. F.D.Aşnin Moskva Federal Təhlükəsizlik İdarəsinin Mərkəzi Arxivində Samoyloviçin P-9502 saylı mühakimə qovluğunu əldə edəndən sonra yazırdı: “Qovluq o qədər böyük deyil, bir cildi 197 səhifədən ibarətdir. O da başqalarından fərqli deyil. Bu kitabda qarşılaşacağımız eyni, standart sənədlərdir: həbs qərarı, həbsin əsas səbəbi, axtarış səbəbi, məhbusun anketi, “günah....” üstəlik iddianamə, məhkəmə sənədləri və hökm, qovluğun son hissəsində isə bəraət prosedurları ilə bağlı sənədlər (bu sənədlər qovluğun böyük hissəsini əhatə edir). Hamısında hər şey eyni və hamısında olmasa da, böyük əksəriyyətində daha bir sənəd: edam hökmünün yerinə yetirilməsinə dair sənəd...”
İllərlə davam edən, hətta 1941-1945-ci illər müharibəsi zamanı müvəqqəti dondurulan repressiya hərəkatı davadan sonrakı illərdə müxtəlif formalarda 1950-ci illərə qədər sürdürüldü. Müharibə “xalq düşmənləri” siyahısına (pantürkist, panislamist, millətçi, əksinqilabçı, trotskçi, xarici dövlətlərə işləyən agent, azərbaycanlılar üçün “ köhnə müsavatçı” və s.) yeni düşmənlər əlavə etməkdə idi. Almanlara əsir düşən sovet vətəndaşı geri dönə bilməzdi. İnqilablar, müharibələr bitirdi, stanilizm isə bitmirdi. Hər bir sovet vətəndaşı ölümə hazır vəziyyətdə dayanırdı sanki. Bu ölüm inqilab, müharibələr və Stalin qəzəbini soyutmaq yolunda olurdu. Repressiya zamanı fiziki qətliamların sayı nəzərə alınmırdı. Yəni “Neçə sovet vətəndaşı öldürüldü?” yox, “Neçə azad düşüncə, ideya cərəyanı sonlandı, bitdi?” - deyə düşünülür, hesablamalar aparılırdı. Millətlər kökündən ayrılmalı, tarixini unutmalı, partiya, mövqe seçimində ikinci bir yol haqqında düşünməməli, dünyada baş verən hadisələrdən xəbərsiz, Stalinin vətəndaşları üçün cızdığı düşüncə dairəsindən kənarda arzular qurmamalı idi və s. Allahı da əlindən alınmış insanlar Stalin bütü qarşısında sitayişə sövq edildi. “Ölüm”ün yeni çalarları, yeni “fəlsəfəsi” formalaşmaqda idi. Ölümə ruhlandırmalar bolşevik təşəkkürünü qoruma yolunda baş plana çevrilmişdi. Hər bir sovet adamı “qəhrəmancasına ölmək” xəyalı ilə yaşayır, fəqət çox zaman “manqurt” kimi ölürdü...
“Müharibədən sonra yerin altında qalan adamlar yerin üstündəki adamlardan çoxdu... Biz də müharibənin sirrini tapmaq istəyirdik... Kənd uşaqları uzun müddət “alman” və “rus” oyunları oynayırdılar, alman sözləri qışqırırdılar: “Həndi xox!”, “Çuryuk!”, “Hitler kaput!”... “Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz inşa yazardıq; yazardıq ki, kiminsə yolunda, nəyinsə uğrunda...ölmək istərdik... Arzulayardıq, xəyallar qurardıq...” (S.Aleksieviç)
Və sözsüz ki, repressiya maşınının az qala 70 il (bəlkə də daha çox) durmadan işləməsi S.M.Kirovun öldürülməsi səbəbindən olmadı. (F.Sabiroğlunun da yazdığı kimi bu ölüm sadəcə “bəhanə” oldu.) 1934-cü ildə, dekabrın 1-də, Kirovun məzarı başında intiqam andı içənlər bu qədər böyük qisas cihadına çıxa bilməzdi. Bir ölümə köklənən emosiya və qəzəbin bu qədər uzun yaşı olmaz... “Repressiya əsasnaməsi”nin daha konseptual, irimiqyaslı planlamaları əhatə edən maddələri vardı. Zor gücünə sovetləşdirilmiş respublikaları SSRİ adlı birlikdə (əslində “xalqlar həbsxanasında”) “böyük qardaş”a tabe vəziyyətdə, itaətdə və ətalətdə saxlamaq üçün ilk olaraq düşüncə mexanizmini, insanın şüurlu yaşam istəklərini, kökünə, milli kimliyinə bağlılıq gücünü məhv etmək lazım idi. Zəlzələ, qasırğa, tufan kimi qəflətən başımız üstünü alan “Böyük təmizləmə” əməliyyatı şair, jurnalist, dilçi qəhrəmanlıqları üçün şans yaratmadı... “Başda Stalin olmaqla Kirovu son mənzilə yola salan bütün silahdaşları onun qanının yerdə qalmayacağına bütün sovet xalqı qarşısında söz verdilər. Kirovun ölüm xəbərindən bir neçə saat sonra Siyasi Büronun təcili yığıncağı çağırıldı vəSSRİMİK-nin “1 dekabr qanunu” adını almış qərarı hazırlandı”.(F.Sabiroğlu)
Əsil müsibət də bundan sonra başladı...
12.12.2017.
|