Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli dilçi və türkoloq alim Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına dair çoxsaylı elmi əsərlərin müəllifi olan Əhməd Cəfəroğlunun Türkiyədə yazdığı bu əsərləri ilə Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynadığını deyib. G.Baxşəliyeva Əhməd Cəfəroğlunun adını dünya türkologiya elminə böyük hərflərlə yazdığını qeyd edib.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova mühacirətdə yaşamasına baxmayaraq, qəlbi həmişə Azərbaycanla döyünən Əhməd Cəfəroğlunun Azərbaycanşünaslığa və türkologiyaya böyük töhfələr verdiyini söyləyərək, Şərqşünaslıq İnstitutunun keçirdiyi elmi sessiyanın əhəmiyyətini vurğulayıb.
Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli sessiyada çıxış edərək, Əhməd Cəfəroğlunun mühacirətdəki həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb, Almaniyadakı təhsil illərini xüsusi qeyd etdi, onun daima sovet xüsusi xidmət orqanlarının nəzarətində olduğunu bildirib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva Əhməd Cəfəroğlunun dilçilik fəaliyyətindən və yaradıcılığında lüğətçilik məsələlərindən, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədov onun ədəbiyyatşünaslıq sahəsində xidmətlərindən, Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı alimin pedaqoji fəaliyyəti, tədqiqatlarının çoxşaxəliyi və radio çıxışlarından, Şərqşünaslıq İnstitutunun Din və İctimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova Əhməd Cəfəroğlu ilə bağlı xatirələrindən danışıblar. Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Şəmsi Əhmədov Əhməd Cəfəroğlu ensiklopediyasının yaradılmasının əhəmiyyətini qeyd edib. /525.az/
|