AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
21.12.19
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib. İclas Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub.
İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən danışıb. Akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsindən sonra İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı ciddi tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, onun prezident seçilməsindən sonra islahatlar çərçivəsində həyata keçirdiyi ilk təyinat Ağahüseyn Şükürovun İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunmasıdır. Həmçinin əlavə edib ki, akademiya rəhbərliyinin dəyişməsindən sonra rəsmi qəzetlərdə akademiya ilə bağlı informasiyaların yayımlanması çoxalıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Bu işlər görülərkən İctimaiyyətlə əlaqələr şöbələri siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirməli, dövlətçilik prinsiplərinə əməl etməlidirlər. Həmçinin elmi və analitik materialların hazırlanmasına xüsusi diqqət yetirilməsinə, akademiyada çalışan alim və mütəxəssislərdən aktual mövzularda müsahibələrin götürülməsinə, şöbələr ilə “Vikipediya” arasında münasibətlərin qurulmasına xüsusi önəm verilməsini də diqqətə çatdırıb. Akademik AMEA-nın rəsmi internet səhifəsi olan “science.az”, “Elm” qəzeti” və “Elm və həyat” jurnalının fəaliyyətindən və qarşıda duran məqsədlərdən söz açıb.
Sonra AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov 2019-cu il üçün şöbənin hesabatını təqdim edib. Ağahüseyn Şükürov “science.az” veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib.
Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev və Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova təmsil etdikləri institutların illik hesabatlarını təqdim ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi
|