Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
03.12.19
- “Sizə Avropanın istədiyiniz hər hansı bir yerində vətəndaşlıq haqqı, mənzil və firavan yaşamaq təklif olunur. Amma bir şərtlə ...”
Biz QARABAĞA ağı demək və çalıb çağırmaqdan və pafoslu yazılar yazmaqdan başqa nə edə bildik ki?! Heç olmasa bu yurdunu yuvasını atıb,ömrünü bütünlüklə Qarabağa həsr edən bu fədakar insandan ibrət dərsi də ala bilmirik. Nə də lazımınca tanıyıb tanıdırıq, dəyər veririk. Onu mənəvi cəhətdən hələ bir neçə il əvvəl öldürmüşdülər...
Azad Avropa radiosunun “İlin jurnalisti”mükafatçısı, Latviyanın seçilən qəzetlərindən birinin redaktoru, Avropada Qarabağ həqiqətinin çarçısı, Azərbaycan sevdalısı, istedadlı publisist Tatyana Çaladzenin kədərli qısa həyat hekayəsi.
Bu fədakar qadının Qarabağla, Azərbaycanla bağlı gördüyü işi heç bir azərbaycanlı millət vəkili, hüquqşünas, siyasətçi, beynəlxalq politoloq, hərbçi görmədi. Görməməzlikdən gəldilər. Pafosdan, bədii ritorikadan və s. uzaq olub yazıram bunları. Qarabağla bu qədər siyasət aparılır, danışılır. Amma çifayda. Sərhəddən o yana keçirmi? Qarabağda və onun ətrafındakı erməni hərbçi qruplaşmalarının cinayətlərini sözdə yox, hüquqi sənədlərdə əks etdirmək bununla bağlı sənədli kitab yazmaq və həyatını o hadisələrin şahidi olub zərər çəkmişləri bir-bir həyat salnaməsini yazmaq, sənədlərlə bağlı Beynəlxalq Hüquq məhkəməsinə vermək ancaq onun ağlına gəldi. Və bunu etdi. Ermənilərin hədə-qorxusu altında, azyaşlı uşaqla Bərdədəki qaçqın düşərgəsində yaşamaqla, savaşda həm də yaralı əsgərlərə şəfqət göstərməklə (ayağındakı qəlpə də onu ölümə yaxınıaşdırdı).
Qarabağ müharibəsindəki həqiqətləri dünyaya çatdıran ilk jurnalistlərdən idi, bunula bağlı qiymətli kitablar yazmışdı. Sonda erməni quldur birləşmələrini ilk dəfə Beynəlxalq məhkəməyə verməyə nail oldu. Buna elə sevinirdi ki... Xocalılar öz aralarında onu öz müdafiəçisi-vəkili seçmişdilər. Necə deyərlər ”bərk gedən” bir jurnalistin ermənilərə satıldığını faş edən gündən onun qara günləri başladı. Amma bizimkilərə belə (əcnəbi olsa belə) mərd, prinsipial, ləyaqətli, dünya malında gözü olmayan gerçək fədakarlar lazım deyilmiş. Çox yazdım bu haqda. Gözümüzlə yox, qulagımızla görürük. Nə sağlığında bu Qarabağ qazisinə qiymət verildi, nə də ölümündən sonra. Yeri gəlmişkən bir dəfə Bakıda dolanmaq üçün boş vaxtında taksi sürücü kimi işləyəndə gəlmə bir erməni arxada oturub ona belə “sifariş” çatdırmışdı. -“Sizə Avropanın istədiyiniz hər hansı bir yerində vətəndaşlıq haqqı, mənzil və firavan yaşamaq təklif olunur. Amma artıq bizlərə işləyəcəksiniz”. Bunu mənə o vaxt bir sirr kimi söyləmişdi. Təbii ki, bu “seçim”dən imtina etmişdi. Baxmayaraq ki, evdə ehtiyac maddi içində böyütdüyü yarıac, yarıtox məktəbli övladı gözləyirdi.
Onu bizim Qarabağ məsələsinə olan biganəliyimiz (eləcə də bəzilərinin onun gördüyü işlərə qısqançlıqdan doğan jest-hərəkətləri, maddi ehtiyacdan və mənəvi dəstəksizlikdən doğan sıxıntılar, sarsınrılar) öldürdü.
Onu iki il öncə itirdik. Tatyana Çaladzeni qədrini bilmədik, onu qoruya bilmədi k. Onun ölümünə inana bilmirəm. O, Çaladzenin ki, ermənilərin yuxusunu ərşə çıxarmışdı, başına pul qoymuşdular. Qarabağ müharibəsindəki həqiqətləri dünyaya çatdıran ilk jurnalistlərdən idi. Onu 20 ilə yaxın idi ki, tanıyırdım, həm də dost idik. O rus ismini, gürcü familyasını daşısa da, təmiz latış idi, avtomobil qəzasında həlak olan gürcü-həyat yoldaşının soyadını daşıyırdı. Bir neçə çox qiymətli kitab yazmışdı, albomlar hazırlamışdı. Üstəlik azyaşlı qızı Cəmilə ilə Bərdədəki qaçqın düşərgəsində 5 il yaşayıb, sənəd toplamışdı. Bunlar erməni quldur birləşmələrini Beynəlxalq məhkəməyə vermək üçün toplanmış hüquqi sənədlər idi. Buna nail olmuşdu da. Rəhmətlik Heydər Əliyev onu gördüyü işlərinə görə tanıyırdı və dəyərləndirirdi. Çox məğrur idi, könlü, gözü tox idi. Hər əziyyətə qatlaşırdı, amma çəkdiyi çətinlikləri heç zaman dilə gətirmirdi. Son illər sağlamlığında ciddi problemlər yaranmışdı. Hərbi jurnalist kimi Qarabağda döyülərdən birində ayağından zədə almışdı. Sözün əsil mənasında Fədakar İnsan idi. TRT Türkiyə onun haqda ayrıca film çəkmişdi. Müalicə üçün Türkiyəyə dəvət edilmişdi. O isə imtina etmişdi. Azərbaycana çox bağlanmışdı. Ən sadiq dostları döyüş yoldaşları idi. Cəbhə dostları ona hər zaman dəstək olurdu. Onu heç zaman taleyindən şikayətlənən görmədim. Amma bir dəfə zarafatla dedi ki, məni ermənilər öldürə bilmədi, öldürsə də məmurların etinasızlığı öldürəcək...
P.S. Məndə onunla bu fədakar qadınla bağlı informasiya az deyil. Mənim zamanımı elmi işlər çox alır. Bir oğul istəyirəm ki, bu məsələ ilə ciddi məşğul olsun. Bizə mifik qəhrəman da lazımdı, həyatda yaşamış qəhrəman da. Birinciləri tanıyırıq. Amma ikincilər uzaq yox, yaxın keçmişdə yaşayıblar, M.İbrahimov kimi, T.Çaladze kimi.
|