Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “aybKitab” layihəsi çərçivəsində çap olunmuş “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusunun imza günü keçirilib. Əsəd Cahangirin aparıcılığı ilə keçən təqdimat mərasimində AYB-nin sədri Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, şair Səyyad Aran çıxışlarında Vaqif Yusiflinin təmənnasız tənqidçi mövqeyini yüksək qiymətləndiriblər. Sonra “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək bildirib ki, müəllifin bu kitabında məhz həmin layihədə çap olunan digər kitablar haqqında olan məqalələr yer almışdır.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış edərək Vaqif Yusiflinin zəhmətkeşliyi ilə yanaşı, Ədəbi tənqid şöbəsinin müdiri kimi də sanballı işlərin öhtəsindən əzmkarlıqla gəldiyini vurğulayıb. Həmin şöbənin digər əməkdaşlarının da iştirak etdiyi imza günündə şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə müəllifin həm elmi fəaliyyəti, həm də tənqidçi kimi özünəməxsusluğu haqqında fikirlərini bölüşüb.
Şairlərdən Firuzə Məmmədli, Musa Ələkbərli, Balayar Sadiq, Güləmail Murad çıxışlarında Vaqif Yusiflinin onların da yaradıcılığına ürək genişliyi ilə yer ayırmasını təqdir ediblər. Tənqidçilərdən İradə Musayeva, Cavanşir Yusifli də öz növbəsində müəllifin bənzərsiz, orijinal ədəbi tənqidlə məşğul olmasını yüksək qiymətləndiriblər. Gənc yazarlardan Arzu Hüseyn, Gülnar Səma, Qoşqar Qaraçaylı çıxışlarında Vaqif Yusiflinin ədəbi gəncliyə həmişə xüsusi diqqət ayırmasından məmnunluqla söz açıblar.
Bölgələri təmsil edən şairlərdən Sabirabaddan Şahnaz Şahin, Gəncədən İradə Aytel, Lənkərandan Sevda Əlibəyli, Cəlilabaddan Gülbala Teymur isə çıxışlarında müəllifin bölgələrdə yaranan ədəbi nümunələri də diqqətdə saxlamağından minnətdarlıq hissi ilə danışıblar. Elmira Aslanxanlı Turan və digər tədbir iştirakçıları da müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Vaqif Yusifli çıxış edərək hər kəsə təşəkkürlərini bildirib. Ustadı saydığı böyük tənqidçilərin adlarını çəkərək onları da ehtiramla xatırlayıb.
Gülnar Səma
|