Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19

“Hədəf” Nəşrləri ilə yolumuz təxminən yeddi il öncə kəsişib. Elə həmin ərəfədədə sonradan dostlaşdığım nəşriyyatın zəhmətkeş direktoru Müşfiq Xanla tanış olduq. Bir müddət birlikdə çalışdıq, maraqlı layihələr üzərində işlədik, çəkingən, ehtiyatlı münasibətlərimiz möhkəm dostluğa çevrildi. Bu dostluğu həm şəxsi münasibətlərimizdə, həm də yaradıcılığımızda illərdi davam etdiririk.

Müşfiq zəhmətkeş insandır. Onun necə şövqlə işlədiyini, bütün varlığı ilə gördüyü işə bağlı olduğunu birlikdə işlədiyimiz ilk zamanlardan müşahidə etmişəm. Nə vaxt otağının açıq qapısından boylansam, ciddi şəkildə bilgisayar başında oturub hansısa kitabı gözdən keçirdiyini, işə qapıldığını görürdüm. Bəzən gecə yarısına qədər ofisdən çıxmır, hansısa təcili işi gözdən keçirmək, hansısa dərsliyi nəşrə göndərmək üçün həvəslə işləyirdi. Bu gün də eyni həvəslə, eyni şövqlə və eyni templə iş həyatına davam edir. Həmişə həvəslə öyrənir və öyrəndiklərini paylaşmaqdan da zövq alır.
Müşfiq Xan həm də elm, təhsil adamıdır – elmi və pedaqoji fəaliyyətdən uzaq düşsə də, yazdığı kimya və biologiya dərslikləri öz sahəsi üzrə ən tələb olunan dərs vəsaitləri sırasındadır.
Oxucular Müşfiq Xanı  daha çox detektiv romanlar müəllifi kimi tanıyır. Yazdığı romanlar müxtəlif dillərə tərcümə olunub. Həm dərslikləri, həm də romanları vətənimizdə və ölkəmizdən kənarda ciddi mükafatlara layiq görülüb.
Bütün uğur və nəaliyyətlərinə baxmayaraq Müşfiq Xan dərviş hesab etdiyim adamlardandır. Onun üçün şöhrətin, vəzifənin, nüfuzun, populyarlığın bir önəmi yoxdur. Gördüyü işi vicdanla yerinə yetirməkdən, insanlara kömək etməkdən başqa bir qayğı duymur. Böyük ürəkli və eşqli adamdır.
Qarşıdan onun rəhbərlik etdiyi “Hədəf” Nəşrlərinin 10 illik yubileyi gəlir. Bu münsibətlə onu həm təbrik etmək, həm də söhbətə tutmaq üçün ofisindən, qayğılarından, yubiley təlaşından bir az uzaqlaşdırdım.
Nəşriyyatın yaranma tarixçəsindən danışırıq. Bu ideyanın necə yaranması, ümumiyyətlə təhsil sahəsində çalışan, müəllim kimi sevilən və tanınan Müşfiq Fərziyevin yazıçı və naşir Müşfiq Xana çevrilmə prosesinin necə baş verməsi, onun bu “metamarfoz”a münasibəti mənim üçün də maraqlıdır.

- Sənin metamarfoz hesab etdiyin prosesin, modifikasiya olduğu düşüncəsindəyəm. Çünki müəllimlik də ciddi yaradıcılıq tələb edir; ən azından mənimçün beləydi. Nəşriyyat rəsmi fəaliyyətinə 2009-cu ilin 23 oktyabrında başlasa da, bundan əvvəl də bir neçə fəndən əlavə dərs vəsaitlərimiz nəşr olunmuşdu. Rəsmi dövlət qeydiyyatından keçib nəşriyyat kimi fəaliyyətə başlamağımız üçün münbit şərait, tutarlı səbəblər var idi. Çünki o zaman əlavə dərs vəsaitlərimiz çox məşhur idi. Mən pedaqoji fəaliyyətdən yorulduğumçün nəşriyyat sahəsində çalışmağa başladım. Lakin düşünməmişdim ki, bu daha ağır, məşəqqətli, çətin işdi.

- Müşfiq Xan, yarandığı gündən “Hədəf” Nəşrlərinə rəhbərlik edir və artıq tanınmış naşirdir. Tanıdığım gündən həmişə onu gərgin və məşğul görmüşəm. Şəxsi söhbətlərimizdə də hökmən kitabdan, nəşriyyatla bağlı yeniliklərdən, kitabı sevdirmək üçün görüləcək işlərdən danışır. Azərbaycanda kitabçılığın, kitab bazarının inkişafını, perspektivlərini gözdən keçiririk. Nikbindir. Çəkdiyi əziyyətin boşa getməyəcəyinə inanır. Və ən önəmlisi bu sahədə olmasından, qarşısına çıxan çətinliklərdən şikayətçi deyil?

- Uzun, upuzun bir yol düşünək və biz hələ o yolun əvvəlindəyik – belə qəbul edirəm. Perspektivlərdən danışıb qanımızı qaratlmağa dəyməz. Buna baxmayaraq, istənilən halda qalıcı, cəmiyyət üçün faydalı, üstəlik sevdiyimiz işlə məşğul olduğumuzdan dolayı ürəyim sakitdir.  Naşirliklə bağlı sadəcə onu deyə bilərəm ki, çox çətindir, lakin bu işdə çalışdığım, bu işi seçdiyim üçün peşman deyiləm.

- "Hədəf" ölkəmizdə kifayət qədər populyar, tanınan nəşriyyatdır. Bu populyarlıqda onun da danılmaz payı var. Və bütün uğurlu işlərin arxasında zəhmət, əziyyət, yuxusuz gecələr var.

- Doğrusu ilk illərdə, ələlxüsus tərcümə ədəbiyyatını nəşr eləməyə başladığımız dönəmdə xeyli tənqid olunurduq. Dərs vəsaitlərimizsə bizi həmişə qorumaqla məşğul idi. Yəni, nəşr etdiyimiz dərsliklərlə bağlı ciddi problem yaşamamışıq.  Sonralar redaksiyamıza gələn iradları, təndiqləri, lap elə tərifləri bir yerə toplayıb zaman-zaman təhlil etməklə işimizi dolğunlaşdırmağa, özümüzü doğrultmağa çalışdıq. Məncə alındı.

- Həftənin əsas xəbərlərindən biri “Hədəf Nəşrləri oxucularına 30 min manatlıq kitab hədiyyə edəcək” idi. Biznes maraqları olan, kənardan maliyyələşməyən bir nəşriyyatın kifayət qədər xərci olan kampaniya keçirərək dərslik, bədii kitab hədiyyə etməsi mənim üçün də çox maraqlı görünürdü. Amma işin içində olduğum üçün, buna təəccüb etmirdim. Bu aksiyanı PR, “marketinq hiyləsi” də hesab etmək olardı, amma mən bilirəm ki, kitab hədiyyə etmək artıq “Hədəf”in ənənəsinə çevrilib.

- Hamısı təsisçimiz Şəmil Sadiqin işləridir. Doğrudur, mən də kitab hədiyyə etməkdə çox səxavətliyəm. Lakin son dövrlərdə bu vərdişimdən qurtulmağa çalışıram. Bəlkə bir az qəribə görünə bilər, amma kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən. Məncə buna bir o qədər də gərək yoxdu. Bəli, nəşriyyat olaraq biz bu işi ənənəyə çevirmişik, təkcə onillik yubileyimizlə bağlı yox, ümumiyyətlə fəaliyyət göstərdiyimiz müddətdə minlərlə kitab hədiyyələrimiz olub. Və bu hədiyyələrin bir qismi sosial aksiyalar üçün ayrılıb.

- Ölkədə “Hədəf”lə yanaşı bir sıra özəl nəşriyyatlar fəaliyyət göstərir, “Hədəf”in digərlərindən fərqi, özəlliyi kənardan müşahidə olunur. Və maraqlıdır, nəşriyyat sektorunda rəqabət mühiti necədir?

- Rəqabətin, ümumiyyətlə bu ismin feilə çevrilməsiyçün tələb olunan sizin buyurduğunuz “mühit”in konturları sezilmir, nə yalan deyim, mən müşahidə etməmişəm. Çünki yoxdur. Fərqliliyimizi isə daha yaxşı olar ki, oxucularımız söyləsinlər.

- Müşfiq Xan nəşriyyat populyarlaşana, bazarda öz yerini tutana qədər detektiv yazıçı kimi daha çox gündəmdə idi. Ardıcıl detektiv romanları çap olunur, çox satılan müəlliflər arasında yerini qoruyurdu. Onu sevən, izləyən, növbəti kitabını həvəslə gözləyən oxucu kütləsi vardı. Əsərləri xaricdə də çap olunurdu. Nəşriyyat populyarlaşdıqdan sonra sanki yazıçılığı ikinci plana keçdi, müxtəlif səpkili kitabları çap olunsa da,  daha çox naşir kimi fəaliyyətinə diqqət ayırdı. Xeyli müddətdir şəxsi söhbətlərimizdə yarımçıq qalmış “Rəqib” romanını ona xatırladıram və o da bu söhbətdən ustalıqla yayınır.

- “Rəqib”in yazılması 2015-in martından başlayıb. Və üstündən dörd il yarım ötməsinə baxmayaraq, hələ də tamamlaya bilməmişəm. Amma zərərli vərdişlərimdən yaxamı qurtarıb yeni təqvim ilindən başlayaraq yalnız detektiv janrda, əvvəlki məhsuldarlıqla yazmağa başlamağı planlaşdırıram. Digər kitablarımdan isə imtina etməyə hazırlaşıram. Davam etməyimçün qarşımdakı əsas əngəl budur.

- Uzun illərdi “Hədəf” Nəşrləri ilə əməkdaşlıq etdiyimi,  eyni zamanda Müşfiq Xanla dostluq etdiyimizi yaxın ətrafımız bilir, oxucuların da bilməyində problem görmürəm. Yaxından tanıdığım adamla həmsöhbət olmaq məsuliyyətlidir. Yəni, həmsöhbətimi suallarla kəşf etmək, danışdırmaq çətinləşir, tanıdığım üçün müsahibdən çox özüm onun haqqında danışıram.
Tanıdığım üçün bilirəm ki, onun da hamımız kimi yorulan vaxtı olur, atdığı hansısa addımı yanlış anlaşılır, kimlərsə küsür, inciyir, ərköyünlük edir. Hazırda nəşriyyatın təsisçisi də, direktoru da, əməkdaşların əksəriyyəti də yaradıcı insanlardır. Bunun üzərinə kitablarını nəşr edilən yazıçıları, tərcüməçiləri gəlsək mənzərə daha da aydın olar. Yaradıcı ambissiyası, eqosu olan insanlarla işləmək çətindir. Görəsən bu qədər yaradıcı adamla işləmək onu yormur ki?

- Bunu nəşriyyatın mətbəxini, pərdəarxasını bildiyinçün deyirəm, mən illərlə qeyri-peşəkarlarla böyük işlər görməyə çalışmışam. Çox axsadığım, çox yorulduğum, usandığım günlər olub, lakin həvəsdən düşməmişəm, öyrətməyə, bildiklərimi paylaşmağa çalışmışam. Yeri gələndə dizaynerin, korrektorun da işini özüm görmüşəm. Nəticələr isə göz qabağındadır. Birmənalı, qəti şəkildə və əminliklə deyirəm, heç kimi küsdürməmişəm, əksinə məni çox incidiblər.

- Nəşriyyatın növbəti illərlə bağlı maraqlı hədəfləri var. O naşir kimi Azərbaycan oxucusunun büdcəsinə uyğun kitablara qovuşması üçün əlindən gələni edir və bundan sonra da edəcək. Kitabın qiymətinin baha olması bütün kitabsevərlər kimi onu da narahat edir. Məndən fərqli olaraq Azərbaycan oxucusu ilə bağlı ümidlidir.

- Təəssüf ki, kitab kifayət qədər bahadır. Bunun bir çox səbəbləri var, lakin əsas səbəbləri kağızın yerli istehsalının olmaması, çap qəliblərinin xaricdən gətirilməsi, əlavə dəyər vergisi, gömrük xərcləri, hələ də yetərli anadilli oxucu kontingetinin olmamasıdır. Nəşri proqnozlaşdırılan kitabların bir qismi özünü doğrultmur, iflasa uğrayır. Böyük zəhmətlər hesabına başa gəlmiş bu nəşrlərin belə acı taleyi işin ən məyusedici qismidir. Amma dediyim kimi, bizim kitabımızda “yorulmaq”, “ruhdan düşmək”, “geri çəkilmək” kəlmələri yoxdur, olmayacaq. Yeni silsilələrimiz, nəşr planlarımız əlbəttə var. “İlk Kitab”, “Aforizmlər”, uşaqlar üçün “Məlikməmməd” silsilələri yeni təsis olunub.
Azərbaycan oxuusundan qismən razıyam, qismən deyiləm. Bu çıxış yolları, konkret həll mexanizmlərinin təklifi ilə yekunlaşan, zaman-zaman əlavə, dəyişikliklər ediləcək uzun-uzun müzakirələr tələb edir. Çağdaş Azərbaycan oxucusu bəlaya düçar olub, elə naşirləri də. Xoşbəxtlikdən müalicə olunandır. Və ümidlərimiz böyükdür.

Söhbətləşdi: Cəlil Cavanşir
Ölkə.Az






















Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.