BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
BMT Pablo Pikassonun “Gernika” əsərini “İspaniyada vətəndaş müharibəsi zamanı respublikanın törətdiyi vəhşiliklərə bədii etiraz forması kimi müəyyən etdiyi” üçün İspaniyadan açıq şəkildə üzr istəyib.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, qurumun mətbuat katibi Stefan Düjarrik BMT-nin veb-saytındakı mətni dəyişdirəcəyini elan edib. Onun fikrincə, əgər Gernikada sözün həqiqi mənasında nə baş verdiyi diqqətə alınsa, bu, qorxunc səhvdir.
Stefan Düjarrik etiraf edib ki, o, “bu səhvin düzəldilməsi üçün “Nueva Cultura” platforması tərəfindən başlanmış imza toplanması kampaniyası barədə məlumat alıb. O deyib ki, bu səhv iki və ya üç ay ərzində aşkar edilməyib.
Mətbuat katibi deyib: “Biz səhvə görə təəssüflənirik və İspaniya xalqından və hökumətindən üzr istəyirik. Biz gözəl bilirik ki, respublikaçılar Biskayya şəhərinin 1937-ci il aprelin 26-da Fransisko Frankonun müttəfiqi olan almanların “Kondor” legionunun təyyarələri tərəfindən bombalanmasının təşəbbüskarları deyil, qurbanları olublar”. /Azərtac/
|