Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
Çağdaş mətbuatımızın və poeziyamızın tanınmış nümayəndəsi Rəşad Məcidin bu günlərdə “Qələmsiz yazılanlar” adlı kitabı oxucuların ixtiyarına verilib. “Qanun” nəşriyyatında çap olunan kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, açar yazını qələmə alan Pərvin, redaktoru Yusif Rzayev, illüstrasiyalar gənc rəssam Nigar Məmmədzadədir. Kitabda “Qələmsiz yazılanlar” silsiləsindən müasir dövrün tələblərinə uyğun yeni səpkili əsərlər toplanıb. Kitabda toplanan esselər çağdaş dövrün dinamikasına uyğun- Rəşad Məcidin çoxillik təcrübəsindən, müşahidələrindən ərsəyə gələn bədii nümunələrdir. Bu əsərlər müəllifin bəzən ironik, bəzən də yumoristik münasibətinin təcəssümüdür. 10 ildən çox müddətdə qələmə aldığı, sosial şəbəkələrdə yazdığı statuslar oxucular tərəfindən rəğbətlə qəbul edilir və oxunur. Bu statuslarda şair Rəşad Məcidin sosial həyatla sıx kontaktda olan baş redaktor Rəşad Məcidin operativ münasibəti vəhdət tapır.
Akademik İsa Həbibbəyli Rəşad Məcidin kitaba yazdığı ön sözdə Rəşad Məcidin statuslarını belə səciyyələndirir: “Rəşad Məcidin “qələmsiz yazılar”ı iki qismə ayrılır: status-esselər; sms-esselər. Qeyd edək ki, bu janrlrin təyinatını Rəşad Məcid özü müəyyən etmişdir. Həqiqətən də, həm statuslarda, həm də xüsusən sms-lərdə esse janrının əlamətləri vardır. Esse janrına məxsus emosional düşüncə və mənsur şeir əlamətləri, Rəşad Məcidin statusları və sms-lərindəki bədiilik ünsürləri onun jurnalistliyindən çox, şairliyindən irəli gəlir. Əlbəttə, Rəşad Məcidin sosial şəbəkə yazılarında publisistikanın xüsusi yeri vardır. Status və sms-lərin ideya-mövzu cəhətdən gündəmə aid olması, cəmiyyətdə baş vermiş hadisələrlə səsləşməsi, aktuallığı və müasirliyi publisistika ilə üzvi surətdə əlaqədardır. Rəşad Məcidin statusları və sms-ləri müasir dövrün yazıçı müşahidəsinin, şair hissiyyatının və publisist müasirliyinin əsasında yaranmış orijinal şəbəkə ədəbiyyatıdır”.
Ümumiyyətlə deyərdik ki, kitabda gerçək insan həyatının, ruhunun təzadlı situasiyaları, enişi-yoxuşu, nikbinlik, bədbinlik esselərin leytmotivini təşkil edir. Kitab oxunaqlıdır, düşündürəndir.
Qələm dostumuz Rəşad Məcidə tale və yaradıcılıq yollarında uğurlar arzulayıram!
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Vüqar Əhməd
|