Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Fərid Hüseynin “Səmərqənd divanı” poeması haqqında
Fərid Hüseynin “Səmərqənd divanı” modern poeması da tarixin dərin qatlarına və türk milli kimliyinə açılmış bir pəncərədir. Poemanın özəlliklərinə öncə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikirləri ilə işıq salmaq istəyirəm: “Şərqin Roması” adlandırılan bir şəhərin – Səmərqəndin tarixi yerlərini gəzən, bu səfər zamanı şəxsi, ictimai, fəlsəfi duyğu və düşüncələrini, əbədiyyət, fanilik və ötəriliklə bağlı fikirlərini bölüşən şairin monoloqudur. Bu monoloq şəhərin – Səmərqəndin tarixi ilə uğurlu şəkildə bağlanır, bəzən oxucuda tarixi-poetik esse təəssüratı yaradır”.
Gerçəkdən, epik və lirik vüsətin paralel üstünlüyü aydın görünən “Səmərqənd divanı” poetik silsiləsi müxtəlif tarixi hadisələr, xarakter və olayların konfliktlərin axınında təqdimidir. “Bədii təzadlar və rəmzlər, assosiasiyaların zənginliyi, poetik keçidlərin güclü məntiqi və ya lirik-fəlsəfi monoloqlar, poetik müraciətlər” poemanın dramatizmini, hadisə, duyğu və hisslərin hərəkət və inkişaf xəttini şərtləndirən əsas amilə çevrilir:
Sən demə, yalanla həqiqət, əhvalatla olmuşlar siam ekizləriymiş – biri öləndə, o biri də yaşamır. Ona görə hər dövran öz yalanıyla, hər vaxt öz həqiqətiylə sulayır könül səhramızı, evimizi, eşiyimizi, çatlamış tale məzarını, bəxtin xarabazarını.
misralarındakı əksliklərin vəhdəti gerçəklərin poetik biçimdə açıq-açıq etirafıdır. Əslində, gənc şair Fərid Hüseynin poema boyunca hədəflərə ünvanladığı suallar tarixən buraxılan səhvlər, yanlışlar üzündən yurdumuzun və xalqımızın düşürüldüyü acınacaqlı durumun səbəbkarlarına və tarixin dəllallarına qurulmuş haqq divanını – məhkəməni xatırladır. Əsər boyu lirik-poetik təhkiyə üsulu ilə anlatdıqlarında gənc şairin daxili etirazları, razılaşmadığı məqamlar da nəzərdən qaçmır... Bütün duyduqları və fəhmlə anladıqları gerçəklərin özü, yaşananların və yaşanmışların çılpaq üzü, fani dünyanın görən gözləri kor edən, duyğuları korşaldan, həzz və keflərinə uyub insanlığını itirənlərin və çox şeyləri – gözə görünməyən, dəbdəbə və hay-küy içində itirilməkdə olan insan münasibətlərinin, dədə-baba torpaqlarını, hakimiyyəti, milli-mənəvi dəyərləri bada verənlərin qulaqları batıran səsi, yaxın və uzaq keçmişin əks-sədasıdır... Bəli, Fərid hüseynin “Səmərqənd divanı” silsiləsində “zamanlar güzgülü zal kimidir; hansı tərəfə dönsən, fanilik duyğusunun dəyişməz əksi ilə üz-üzə qalırsan...” (K.Hacı)
“Səmərqənd divanı”nda daxili “süjet” mütəhərrikdir, özü-özünü qırıb parçalayır, sonra qırıqları bir araya gətirir, kompozisiya vahidi olan üslubi funksionallıq sıçrayışlarla irəliləyir. Ancaq bu sıçrayışlar daxili “dramaturji xəttə”, “iç-içə geydirilmiş poetik təhkiyə müstəvisində” həll edilir və zamanla dərinlərə işləyib orda gizlənir, görünməz olur. Divan, əslində, eyni zamanda həm monoloq, həm də dialoqdur (“poema janrının “poema-monoloq”, “poema dialoq”, “süjetsiz poema”, “poema-müraciət” formalarının funksionallıq qazanması” fikri özünü doğruldur – müəllifin qeydi). Şairin özüylə, zəmanə ilə, deyə bilmədiklərinin rahat, hətta qafiyələrlə süslənmiş ifadə etdikləriylə. Bu silsilə şairin Səmərqənddə gördüklərinin, hiss etdiklərinin bütün ömrü boyu yaşadıqları ilə həm oppozisiyası, həm də hardasa barışmasıdır, yəni özündən kənara qoyub tamaşa etməsidir. Silsilə məhz bu məqamı əks etdirir. Həm də, qəlbinə səcdə etməsini...” (Cavanşir Yusifli)
Fərid Hüseynin “Səmərqənd divanı”ının bədii ilhamdan, həqiqi yaşantıdan (həm də dərin poetik təfəkkür və məntiqdən – E.F.) yarandığını qeyd edən tənqidçi Əsəd Cahangir də silsilənin Xaqani Şirvaninin “Mədain xərabələri” kimi dünyanın, həyatın faniliyi haqqında yazıldığını vurğulayır: “Mən bilmirəm Səmərqənddə nə görüb, necə olub, amma bu poetik silsilə göstərir ki, F.Hüseyn orda faniliyin, ölümün nəfəsini duyub. Bu onun özünəməxsus fənafillahıdır”.
Əlbəttə, bu poetik silsilə təkcə Səlim Baullaoğlunun dediyi kimi “poeziyamızda, həm də onun (Fəridin – E.F.) yaradıcılığında yeni mərhələyə keçidin başlanğıcı” deyil, həm də ənənəyə qayıdış, Xaqani Şirvani irsinin incisi sayılan, “həyatın və cəmiyyətin amansız qanunlarının dərin sükutla haray qopardığı, uçuq tağlardakı daşların hər naxışının bir tarix danışdığı” “Mədain xərabələri” məsnəvisinə yaradıcı baxışın pıçıldadıqlarına yeni təfəkkür işığında bir nəzərdir. Silsilənin preambulasında gənc şairin: “Fanilik duyğusuna ithaf edilir” qeydi və “Mədain” xərabələrindən seçdiyi epiqraf Zəni eylə o əyyamdır, fikr ilə nəzər sal gör, Dərgah haman dərgahdır, meydan da haman meydan. Söyləyər: ayağın bərk bas, göz yaşını tök rahat, Biz torpaq olub getdik, sən də diri torpaqsan. – onun klassik irsimizdən, tarixi keçmişimizdən, öyrənmək, daha çox nəsnələri əxz etmək eşqini, dahi Xaqani Şirvani yaradıcılığına bağlılığını göstərir. Gənc bir şairin səssiz yaşayan tarixin itən, ilğımlara qarışan addım səslərini dinləmək, Adəm övladının ayrı-ayrı yaşam mərhələlərini, tiranların, fatehlərin ağalıq iddialarının kökündə duran səbəbləri öyrənmək və nəzmə çəkmək istəyi uğurlu alınıb: Tarixin adətidir səssiz yaşamaq, bizim adətimizdi itən addım səslərini dinləmək: qanlı saraylarda, sağalmayan yaralarda. Çox şey bizə danışılan kimi deyil deyə dünyaya baxıram gözüdolusu nabələdliklə... Adəm övladının tarixini öyrənirəm: vaxt gəlir insan, hamının gözündən yayınıb doymağını hiss etmək istəyir, bax, onda qaçır yüksəldiyi vəzifədən, qazandığı addan, gələcəyindən, cənnətindən, daha onun qorxusu qalmır, əliboş dağlara zəncirlənməkdən. Divarın üstündəki adlara qızıl qatılmış palçıqla suvanan qalalara baxıram, – insanın özünün dırnaqla, tişəylə, dəmirlə ölümsüzlüyə həkk etmək həvəsinə – uzun yaşamaq nəfsinə, fanilərin əbədiyyət tamahına, silinmiş insan izlərinin əlləri yaman yaraşır, unudulacaq insanların yaxasına.Fərid Hüseynin “Səmərqənd divanı” poemasında poeziya və epik şeirin, eyni zamanda oxucunun öyrəşdiyi şablonlar, əski təqdimatlar sıfırlanaraq yox dərəcəsinə enir, ahəng, ritm və intonasiyanın, bədii ricətlərin, fikrin obrazlı ifadəsinin, lirik ovqatın yeniləşdiyi, lirik və epik vüsətin qoşa qanad kimi paralel uçuş trayektoriyasında olduğu apaydın görünür və tarixi köklərə söykənən bütün bu təzələnmələr ötəri baxışla deyil, üzərində düşünülərək qavranır. “Səmərqənd divanı”nda Fərid Hüseyn “şəhadət nəhəngi adlandırdığı və “əlçatmazlığa aşiqliyi öyrədən göylərə” boylanarkən, uzun müddət səmanın intəhasız dərinliyinə, ulduzlara, aya baxarkən nələri görür, dəqiq müşahidələri nələrdən xəbər verir, hansı sirləri açıqlayır ona? Əfsus ki, şairin görüb müşahidə edə bildiyi ulduzlar, ucsuz-bucaqsız səma susqun, dinməz və sirlərini ələ verməyəndi...
Bu məqam da oxucuda ciddi maraq doğurur: Gənc şairin ibrət aldığı mətləblər çox dərindi. İbrət almağa, dərs götürməyə dəvət etdiyi günümüzün adamları isə, min təəssüflər ki, daha “səmaya baxmağa vaxt tapmır, susmağı göylərdən öyrənmək istəmir” və anlamırlar ki, deyilməyən, qəlblərdə dustaq edilən sözlərin qiyamət günü gələcək və alacaqları qisas dəhşətli olacaqdır. Şair “Ulduzların səyahətini, səmanın sevgisini, ilin günlərini bircə günlük yanlışla öyrənən bəndələr”in, elmi hücrələrdə mənimsəyən fikir adamlarının tikdiyi ibrət köynəklərinin “cahil cəsarətlərinin əyninə gəlmədiyini” kinayə ilə poetikləşdirir:
İndi səmaya baxmağa vaxt tapmır adamlar – daha heç kəs susmağı göylərdən öyrənmir. Baş əyilən qapıların arxasında boyun əydirməyən adamlar əyləşmədikcə, bükülən qədlər düzələn, kəsilən səslər eşidilən deyil... Şair qəlbində sözlərin qiyamət günü var, o sözləri ki, deyə bilməmişik, o kəlmələri ki, beşiyində boğmuşuq, o sözləri ki, susmuşuq, həmin körpə sözlər bir gün qundaqlarından qalxacaqlar, bələklərinin iplərini açıb boynumuza dolayacaqlar və bizi yaşadığımız yalanlar boyu sürüyəcəklər...
Fərid Hüseynin Səmərqənddə görüb müşahidə etdikləri əsasında yaranan düşüncələrin mayasına tarixi bilgiləri də sintez etmələri, klassik Azərbaycan və dünya ədəbiyyatı örnəklərindən yaradıcılıqla bəhrələnmək və sanballı sonuca varmaq missiyasını yürütmək niyyəti dayanır.
|