Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
30.07.19
MİLLƏT VƏKİLİNİN DƏVƏTİ İLƏ RESPUBLİKAMIZA GƏLƏN QIRĞIZ YAZARLARI BAKIDAN MƏMNUN AYRILMIŞLAR
Milli Məclisin üzvü, dr.Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası”, 14 qırğız yazarının iştirakı ilə Bakıda ictimaiyyətə təqdim edilib. Bir sıra başqa tədbir və görüşlərin daxil olduğu maraqlı proqram əsasında respublikamıza səfər etmiş Qırğız nümayəndə heyəti Azərbaycandan zəngin təəssüratlarla ayrılıb. Qardaş ölkə yazarları Qırğız Mili Yazıçılar Birliyinin və özlərinin sosial media hesablarında Azərbaycan təəssüratlarını paylaşmaqda, burada keçirdikləri günləri həyatlarının ən yaddaqalan günləri kimi dəyərləndirməkdədirlər. Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi, qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət, Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib, muzeylərə baş çəkib, Bakı və Sumqayıtın görməli yerləri ilə tanış olublar.
Beynəlxalq Mətbuat Mərkəzində “üç əsrin qəzeti” fəxri ünvanını daşıyan tarixi “Kaspi” qəzetinin kollektivi ilə Azərbaycan Milli Mətbuat Günündə görüşən qardaş ölkə yazarları, Azərbaycanlı həmkarları ilə Azərbaycan-Qırğız ədəbi əlaqələrinin dünəni, bugünü və sabahı, habelə “Gənc Qırğız şeiri antologiyası” üzərinə fikir mübadiləsi aparıblar. Tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin şöbə müdiri, sözügedən antologiyanın baş redaktoru Əkbər Qoşalı antologiya, ümumən Azərbaycan-Qırğız ədəbi əlaqələri barədə danışıb. “Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Bir neçə aydınımız bu kitaba rəy, məsləhətçi və “ön söz” müəllifi kimi öz töhfələrini verib. Həmçinin Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucovun, Millət vəkili Cavanşir Feyziyevin və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulovun ürək sözləri antologiyanın girişində yer alıb. Bu görüş həm də Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq. Qardaş ölkə ilə Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var; biz eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq, müstəqilliyin ilk illərində əlaqələrimiz bir qədər zəiflədi, amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda, “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”. Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qeyd etib ki, hər bir türksoylu xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq. Bununla da qürur duyuruq ki, biz kök etibarı ilə türkük, eyni zamanda, Yer üzündə ilk dəfə Tanrının səsini eşidən türkün övladlarıyıq. Bu gün qarşımızda çox qiymətli kitab var. Bu şeir antologiyasında gənc qırğız şairlərinin şeirləri toplanıb. Şeirləri oxuduqca mənə çox təsir etdi”. Xanım Vəliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Antologiyanın çox mühüm bir nəşr olduğunu bildirən Qırğız Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekov əlavə edib ki, qırğız ədəbiyyatı dünyaya Çingiz Aytmatov kimi ədib bəxş edib. Azərbaycanın da görkəmli yazıçılarının, şairlərinin olduğunu söyləyən qonaq, ədiblərimizin əsərlərinin qırğız dilinə daha çox çevrilməsinin vacibliyini söyləyib. O, Qırğız şairlərinin Azərbaycanda təbliğ olunmasının yaxşı və artıq gerçəkləşmiş bir ideya olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaşadığımız qloballaşma dövründə bir-birimizlə dost olmağımız çox vacibdir. Daha sonra QMYB başqanı Nurlan Kalıbekov Birliyin nüfuzlu “Qızıl qələm” ali media mükafatını Sona Vəliyevaya təqdim edib. S.Vəliyeva “öz yaradıcılığımla bu qələmə layiq olmağa çalışacağam” – deyə bildirib. O, “Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularını əks etdirən ornamentlərlə süslənmiş xalçanı Nurlan Kalıbekova təqdim edib.
*** Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən görüşdə AYB sədrinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qardaş ölkə yazarları ilə görüşdən məmnunluğunu ifadə edərək, qırğız ədibləri ilə bağlı xatirələrini danışıb, qırğız gənc yazarlarını maraqlandıran suallara cavab verib. QMYB başqanı Nurlan Kalıbekov isə AYB və DGTYB ilə memorandum imzalamaq istəyini ifadə edərək, qardaşlıq duyğularının ədəbi qurumlar arasında həm də hüquqi sənədlərlə möhkəmlənməsinin ümumi işin xeyrinə olacağına inamını ifadə edib. Sonra qarşılıqlı hədiyyə mübadiləsi olub, Xalq yazıçısı qırğız və rus dillərində çıxmış kitablarını qardaş ölkə yazarlarına hədiyyə edib.
*** Qırğız yazarları Azərbaycana səfərin növbəti işçi günü Millət vəkili Cavanşir Feyziyevin təşkilatçılığı ilə Milli Məclisdə olublar. Azərbaycan parlamentinin tarixi, iş prinsipi barədə qonaqlara ətraflı bilgi verilib, onları maraqlandıran suallar cavablandırılib, xatirə şəkilləri çəkilib. Ardınca qloballaşan dünyada Azərbaycan-Qırğız mədəni əlaqələri ətrafında müzakirə aparılıb. Millət vəkili dr.Cavanşir Feyziyevin moderatoru və məruzəçisi olduğu “Dəyirmi masa”da TürkPA baş katibi Altınbek Mamayusupov, QMYB başqanı Nurlan Kalıbekov, Atatürk Mərkəzinin şöbə ümdiri Əkbər Qoşalı, DGTYB Qırğız təmsilçisi Altınbek İsmail, Sumqayıt Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı, müvəqqəti olaraq Mingəçevirdə yerləşən, Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər 35 saylı tam orta məktəbin direktoru, şair-publisist Elşən Əzim və başqaları çıxış ediblər. Nurlan Kalıbekov Azərbaycan-Qırğız ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Millət vəkili Cavanşir Feyziyevə QMYB-nin “Xidmətlərə görə” medalını təqdim edib. Millət vəkili də öz növbəsində qırğız heyətinin hər bir üzvünə adlı “Təşəkkür plaketi” və Azərbaycan ornamentləri ilə süslənmiş qiymətli hədiyyələr təqdim edib. Sonra Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupovun, TürkPA baş katibi Altınbek Mamayusupovun iştirakı ilə qonaqların şərəfinə Milli Məclisdə nahar təşkil edilib.
*** “Gənc Qırğız şeiri antologiyası”nın geniş təqdimatı 23 iyulda, rəsmi şəxslərin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı ilə Azərbaycanda ATATÜRK Mərkəzində baş tutub. Mərkəzin şöbə müdiri Əkbər Qoşalı, təqdimatı keçirilən antologiyanın layihə rəhbəri Millət vəkili dr.Cavanşir Feyziyev, QMYB başqanı Nurlan Kalıbekov, Mərkəzi qərargahı Nursultan şəhərində yerləşən Xalqlararası Türk Akademiyasının (TVESKO) nümayəndəsi Füzuli Məcidli, AYB-nin katibi Rəşad Məcid, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin təhsil koordinatoru Əli İhsan Çevik, Saxa (Yakutiya) Respublikasındakı Azərbaycan diaspor təşkilatının icraçı katibi Rahib Süleyman, dos.dr.Təranə Turan Rəhimli, dos.dr.Pərvanə Məmmədli, yazıçı-publisist Varis, Qırğız əsilli Azərbaycan vətəndaşı Elza Piri, eləcə də, Qırğız yazarları – Altınbek İsmail (Qırğız-Türkiyə MANAS Universiteti Qırğızca Koordinatoru, DGTYB Qırğız təmsilçisi), Jıldızbek Tursunbay (MANAS Radiosu Mədəniyyət proqramı redaktoru, “Nurborbor” Yaradıcı Gənclər Akademiyasının üzvü), Maksat Canqazi (“5-ci Kanal” Dövlət Televizyasının aparıcısı, “Nurborbor”un üzvü), Altınay Ormotay (“Kaganat” və “MezgilNews” saytlarının redaktoru, QMYB-nin üzvü), Venera Akmat (QMYB-nin üzvü), Kıyal Taci (Baken Kıdıkeyeva ad. Gənclər Teatrı Mədəniyyət bölümü başqanı, “Nurborbor”un üzvü), Bekbolot Saribay (“Super.Kg” bilgi portalının redaktoru, “Nurborbor”un üzvü), Bekmurat Keldibay (“Oş şamı” qəzetinin əməkdaşı, “Ciger” Ədəbiyyat Klubunun üzvü), Rıskül İzat (“Min Türkün” dərgisinin redaktoru, Canı Tolkun Ədəbiyyat Klubunun üzvü), Çolpon Orozali (QMYB başqan assistenti, “Nurborbor”un üzvü), Narsulu Qurqubay (QMYB-nin üzvü), Nuriza Ömürbay (QMYB-nin üzvü), Kamçıbek Uzakbayoğlu (“Ciger” Ədəbiyyat Klubunun üzvü) və b. çıxış ediblər. Təqdimatda qardaş ölkələrin ədəbiyyat təsərrüfatları arasında yaxınlaşma üçün görülməli işlər, mövcud durum, problemlər və perspektivlər barədə danışılıb, təqdim olunan antologiyanın bu bağlamda oynadığı rol vurğulanıb, Bişkekdə Azərbaycanla bağlı yeni nəşrlərin planlaşdırılması təklif olunub. Sonra QMYB başqanı Nurlan Kalıbekov “Gənc Qırğız şeiri antologiyası”nın hazırlan¬masında iştirak edən Azərbaycanlı yazarlara Birliyin mükafatlarını, “Fəxri fərman”larını təq¬dim edib.
Həmin gün Sumqayıta gələn qırğız nümayəndə heyəti ilə Əli Kərim adına Poeziya Evində görüş olub; qardaş ölkələr arasında ədəbi əməkdaşlığın yeni üfüqləri barəsində fikir mübadiləsi aparılıb.
*** İyulun 24-də Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev QMYB başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətinin bir qrup üzvü ilə görüşüb. Görüşdə qardaş ölkələr arasındakı mədəni əlaqələrdən söz açılıb. Azərbaycanda mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əbülfəs Qarayev bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirilib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsər¬ləri ölkədə və xaricdə nəşr olunaraq, geniş təbliğ edilir. Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən xalqlararası kitab sərgiləri, xarici yazı¬çıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türksoylu xalqların ümumi ədəbi-mədəni inkişafına töhfələr verir. QMYB başqanı Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə Azərbaycanın mədəniyyəti ilə yaxından tanışlıq imkanı qazanıblar. Xalqlarımız arasındakı dil və mədəniyyət yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. QMYB başqanı vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidir. Görüşdə MANAS Universitetinin əməkdaşı, DGTYB-nin Qırğız təmsilçisi Altınbek İsmail, “MANAS” Radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbay, şair-tərcüməçilər Nuriza Ömürbay, Narsulu Qurqubay, Millət vəkili dr.Cavanşir Feyziyev və Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı iştirak ediblər.
*** Qırğız yazarları ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı görüşü Akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili İsa Həbib¬bəyli açaraq, qardaş ölkədən gəlmiş qonaqları məhəbbətlə salamlayıb. Akademik çıxışı zamanı qeyd edib ki, Qırğız Respublikası Azərbaycana qardaş ölkədir, bu iki ölkə arasında böyük əlaqələr var. Qardaş ölkələr arasında ən böyük ədəbi körpü Çingiz Aytmatovdur. Biz onu həm də Azərbaycan yazıçısı hesab edirik. Eyni zamanda “Manas” eposu da Azərbaycanda öyrənilir. Akademik həmçinin bildirib ki, keçən il İssı-Kulda keçirilən konfransda institutun elmi katibi Mehman Həsənli ilə birgə iştirak ediblər. Mehman Həsənlinin qırğız ədəbiyyatı ilə bağlı dissertasiya müdafiə etdiyini, Çingiz Aytmatovun əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırdığını nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli DGTYB-nin və Birliyin qurucusu Əkbər Qoşalının bu istiqamətdə gördüyü işləri də yüksək qiymətləndirib. Sonra QMYB-nin başqanı Nurlan Kalıbekov çıxış edərək Elmlər Akademiyasında belə bir görüşdən məmnun qaldıqlarını bildirib. Əkbər Qoşalı da Ədəbiyyat İnstitutunda bu cür görüşlərin keçirilməsinə şərait yaratdığı üçün institut rəhbərliyinə təşəkkürlərini bildirib. Həmçinin DGTYB tərəfindən həyata keçirilmiş layihələr haqqında ətraflı bilgi verib. Ə.Qoşalı xatırladıb ki, 2017-ci ildə Qazaxıstan gənc yazarlarının əsərləri dilimizə çevrilərək çap olunmuşdu, bu il isə “Gənc qırğız şeiri antologiyası” işıq üzü görüb. Əlavə edib ki, şeirləri tərcümə edənlər arasında Ədəbiyyat İnstitutunun əməkdaşları Gülnar Səma və Pərvanə Məmmədli də var. Tədbirdə iştirak edən Qırğız yeni nəsil yazarlarından Altınbek İsmail, Nuriza Ömürbay, Narsulu Qurqubay, Bekbolat Sarıbay və b. da çıxış edərək, öz şeirlərini səsləndiriblər. Eyni zamanda, Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşlarından İsmixan Osmanlı və Mehman Həsənli də çıxış edərək Azərbaycanda ümumtürk ədəbiyyatının öyrənilməsi istiqamətində görülən işlərdən danışıblar. Tədbirin sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
*** Növbəti işçi gün yenidən Yazıçılar Birliyinə gələn QMYB başqanı burada AYB başqanı, Xalq yazıçısı ANARla görüşüb. Hər iki qurumun başçısı, qarşılıqlı əlaqələri gücləndirməyi ehtiva edən birgə çalışmalar üçün müvafiq “Memorandium”a qol çəkib. Xalq yazıçısı ANAR qardaş ölkələr arasındakı ədəbi-mədəni əlaqələrin keçmişindən, eləcə də, Azərbaycan həqiqətlərindən, Qarabağda yaşanan insanlıq dramlarından söz açıb, Qırğız yazarlarını Azərbaycanlı qardaşlarının yaşadıqları ilə yaxından tanış olmağa çağırıb. Nurlan Kalıbekov ANARın çağırışına olumlu cavab verərək, “Ala Tauu” dərgisinin bir sayını bütünlüklə Qarabağ hekayələri əsaslı Azərbaycan nəsrinə ayrımağa, qırğızcaya çevriləcək ədəbi örnəkləri çap etmək, yaymaqçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verib.
Sonra “NATAVAN Klubu”nda DGTYB ilə QMYB arasında da birgə əməkdaşlığa dair “Memorandium” imzalanıb. Sənədi DGTYB Yönətim Kurulu başqanı İntiqam Yaşar, QMYB başqanı Nurlan Kalıbekov imzalayıb. İmzalanma törənlərində AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, DGTYB Məs¬ləhət Şurasının başqanı Əkbər Qoşalı, Qırğız yazarlarından Altınbek İsmayıl, Jıldızbek Tur¬sunbay, Azərbaycan Müəlliflər Birliyinin başqanı İsmayıl Məmmdkərimov, AYB Mətbuat Xidmətinin başçısı Xəyal Rza iştirak ediblər.
*** Qırğız yazarları Bakıdan ayrılmamışdan öncə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi rəhbərliyi ilə görüşüb. Millət vəkili, ABAİB başqanı Qənirə Paşayeva QMYB-nin başqanı Nurlan Kalıbekovu və bərabərindəki heyəti salamlayaraq, onları Azərbaycanda görməkdən çox məmnun oldu¬ğunu bildirib. Xanım Millət vəkili, yazarlar arasında sıx əlaqələrin, işbirliyinin ölkələrarası əlaqələrdə xüsusi mövqe və mənaya malik olduğunu bildirib. Qardaş ölkə yazarlarına Azərbaycan həqiqətlərindən, yazarlarımızın ömürlərinə çökmüş, əsərlərinə köçmüş Qarabağ üzüntüsündən, qaçqın-məcburi köçkün yazarlarımızın mənəvi-psxioloji qayğı¬larından danışan Qənirə Paşayeva, Qarabağda yaşanan erməni zülmünü, Xocalı soyqırımını türk dünyasının ortaq problemi kimi şərh edib, qardaş ölkədə “Qarabağ hekayələri” antologiyasının çıxması fikrinə dəstəyini ifadə edib. Xanım Paşayeva qırğız yazarlarına Azərbaycan mədəniyyətini, milli rəmzlərimizi əks etdirən hədiyyələr təqdim edib; qırğız yazarları da öz növbəsində millət vəkilinə qırğız əl sənəti nümunəsi olan mili ornamentlərlə süslənmiş saat hədiyyə ediblər. Qarşılıqlı fikir mübadiləsi ortamında keçən görüşdə kitablar da mübadilə edilib. Xanım millət vəkili Azərbaycana səfərə gələn qırğız yazarlarına, səfərin təşkilatçılarına minnətdarlıq edib, belə səfərlərin davamlı olmasını təmənna edib. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin başqanı Arzu Bağırova, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar, adıkeçən ictimai qurumların üzvləri iştirak ediblər. *** Qırğız yazarları Azərbaycana səfər müddətində “EkoAvrasiya”nın Bakı nümayəndəsi Yılmaz Okuklu, ATXƏM başqanı, Mətbuat Şurası İdarə Heyətinin üzvü İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Forumun Sumqayıt regional koordinatoru Mübariz Hacıoğlu və digər ziyalılarla da türk dünyasında mədəni işbirliyinin gücləndirilməsi yönündə fikir mübadiləsi aparıblar.
*** Onu da bildirək ki, “Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabr ayında Azərbaycanın Qırğız Respublikasındakı Səfiri Hidayət Orucovun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulovun, Qırğız ədəbi, elmi ictimaiyyətinin iştirakı ilə Bişkekdə də təqdimatı nəzərdə tutulub. Xatırladaq ki, “Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü Qırğız şei¬rinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Antologiyanın layihə rəhbəri – Millət vəkili Cavanşir Feyziyev, baş redaktoru Əkbər Qoşalıdır. Antologiyaya AYB katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib. Nəşrin məsləhətçiləri akademik Nizami Cəfərov və fəlsəfə üzrə elmlər doktoru Sona Vəliyevadır. Antologiyanı Qırğızıstanın istedadlı gənc yazarları - DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib.
|