İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş...
18.07.19
(Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu” kitabı haqqında. Bakı, Elm və təhsil, 2019.288 səh.)
Professor Bədrxan Əhmədlinin da qeyd etdiyi kimi, bu gün Azərbaycan Respublikasının bayrağında rəmzə çevrilmiş üçlü formulun türk milli şüurunun formalaşmasındakı rolu ölçüyəgəlməzdir.
Bəri başdan onu da qeyd edim ki, kitabın adı məndə sual doğurub. Çünki türkçülük özü Azərbaycan cümhuriyyəti, müstəqilliyi, dövlətçiliyi simvolikasında bir işarədir. Yəni, biz azərbaycanlıların bayrağında əks olunan türkləşmə - müasirləşmə -islamlaşma ideologiyası Azərbaycan adına. Məfkurəsinə aid edilir. Türkləşmə - müasirləşmə -islamlaşma türkçülük əlaməti kimi izah olunursa, bəs Azərbaycan respublikasının müstəqil dövlət kimi təqdimatı harada əks olunacaq? Lakin kitabın adını dəyişmək və yanaşmanı pozmaq iqtidarında olmadığımız üçün qeydlər və sitatlar zamanı müəllifin mövqeyini olduğu kimi saxlayacayıq.
Tədqiqatçının bu mövzuya həsr edilmiş kitabını oxuyanda məlum olur ki, bu formul yalnız siyasi deyil, həm də sosial-ictimai, mədəni-mənəvi güc simvolu kimi millətin formalaşmasında, sistemli şəkildə ideoloji əsaslarla inkişafa yön almasında mayak rolunda olan yenilməz fəlsəfədir. Onun böyük zəhməti, incəliklə apardığı müqayisəli təhlilləri sübut edir ki, o təkcə Azərbaycanda çap olunan materiallarla kifayətlənməmiş, daha geniş coğrafiyanın araşdırmaçılarının elmi qənaətlərini öz analitik təfəkkürü və erudisiyası süzgəcindən keçirmiş, uğurlu nəticələr əldə etmişdir. O, üçlü formul məsələsinin qoyuluşu, yaranması, inkişafı və mənbələri haqqında müxtəlif müəlliflərin tezislərini əldə əsas tutaraq araşdırma aparır. Və qarşıya qoyduğu məqsədini–üçlü formul fəlsəfəsinin müəlliflik hüququnu ortaya qoymaq, bu nəzəriyyənin inkişafı və şaxələnməsi prosesini dəqiqliklə izləmək, müxtəlif zamanlarda təzyiq və istehzalara tuş gəlməsi xronologiyasına obyektivliklə münasibət bildirmək (məsələn, N.Hikmət, B.Çobanzadə və başqalarının tənqidi yanaşması və s.), ideyanı yeni və daha münasib, ağlabatan konteksdə (məsələn, M.F.Axundzadə, Ə.Süavi, H.Zərdabi, İ.Qaspiralı, Y.Akçura, Ə.Hüseynzadə, H.Vəzirov, Ə.Ağaoğlu, Z.Göyalp, M.Ə.Rəsulzadə kimi şəxslərin aidiyyatı kitablarından bəhrələnərək ) təlqin etmək və s. məsələləri sistemli şəkildə təqdim edə bilir. Hərçənd ki B.Əhmədli bu formulun müəllifini tapmaq ideyasını tədqiqatının məqsədi hesab etmir (“Məsələ heç də formulun müəllifinin kimliyində deyil, bu heç tədqiqatımızın məqsədi deyil. Ancaq formulun keçmişini araşdırarkən, problemin üzərindən sükutla keçmək də olmur”. s.16), lakin bütün kitab boyu bu “kimlik” ana sual olaraq cavab tələb edir. Yəni müəllif özü də hiss etmədən oxucusunu həmin sadə görünən, əslində isə bütün süjet xəttini və kitabın kuliminativ notlarını öz ətrafında dövr etdirən suala cavab intizarında saxlayır. Siyasi doktrina, ideoloji sistem kimi qabardılan formulun xronologiyasını insan taleyi kimi izləyirik.
“Cümhuriyyətin süqutundan sonra isə üçlü formulun adının çəkilməməsi bir yana, bu istiqamətdə çalışan fikir adamlarının şəxsiyyəti və yaradıcılığı öyrənilməmiş, yaxud ancaq tənqidlərə məruz qalmışdır. Tənqidlərdə “burjua ziyalısı”, “burjua mühərriri”, “millətçi”, “turançı”, “türkçü”, “pantürkist”, “panislamist” və s. epitetlər başlıca yer tutmuşdur. 37-ci il repressiyaları zamanı bu adlar yenidən gündəmə gəlmiş, sovet cəza aparatının istintaq sənədlərini “bəzəmişdir”. Postcümhuriyyət dönəmində türkçü, islamçı, yenilikçi düşüncəni proletar təfəkkürü əvəz etdi. Belə bir şəraitdə formul yalnız tənqid hədəfi olmuşdur”. (s.14)
“Üçlü formul nəzəri konteksdə” adlı I bölümdə Ə.Hüseynzadənin adı ilə daha çox bağlanan formulun sələf müəlliflərini xatırladır. Bizə də məlum olur ki, Ə.Hüseynzadə ilk dəfə bu mövzuya həsr etdiyi, 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetinin 56-cı sayında işıq üzü görən “Məktubi məxsusi” adlı məqaləsində Y.Akçuranın “Üç tərzi-siyasət” əsərinin adını çəkir. Eləcə də başqa bir məqaləsində Ə.Süavidən bəhs edir. Ə.Süavi (1839-1878) isə islam və türk birliyini müdafiə edən, avropalaşmaq siyasətini dəstəkləyən şəxs olub. B.Əhmədli göstərir ki, bu formul Azərbaycana gəlib çatana qədər türk dünyasında uzun bir inkişaf yolu keçmişdir. Lakin Ə.Hüseynzadə tədqiqatçıları həmin mənbələrin çoxundan xəbərsiz olduğu üçün onu uzun illər formulun yeganə ideya rəhbəri kimi təqdim etmişlər.
Müəllif öz polemikasını daha çox dəyərli araşdırmaçı alim, Əli bəy Hüseynzadə şəxsiyyətini və fəaliyyətini tədqiq edən O.Bayramlının nəzəri görüşləri, tezis və sitatları üzərində qurur. Və bir razılaşmadığım məqamı da buradaca qeyd etmək istərdim. Müəllif bəzən O.Bayramlının tədqiatlarından 20-25 il sonrakı (bəlkə də daha çox) müəlliflərin məzmununda qeyri-adi heç nə olmayan fikrini dəstəklədiyi halda, ən kəskin tənqidini nədənsə sırf daha çox faktlar ortaya qoyan, geniş tədqiqatlar aparan, polemika üçün də potensial imkanlar yaradan O.Bayramlıya hədəfləyir. Hər halda 1996-cı ildə, sərhədlərin və tədqiqat coğrafiyasının genişimkanlı olmadığı zamanla 2017-ci il tarixindəki imkanlar eyni deyil...
Bu bölümdə Ə.Hüseynzadə haqqında N.Yaqublunun, Ə.Quliyevin və başqa tədqiqatçıların da fikirləri polemika mövzusu olur. Nəticə olaraq B.Əhmədli nəzəri fikirlərini 6 maddədən ibarət tezislərlə konkretləşdirir və yekun olaraq göstərir ki, Ə.Hüseynzadənin bu ideologiya ilə bağlı həm sələfləri, həm də xələfləri olmuşdur. (M.F.Axundzadə, Ə.Süavi, H.Zərdabi, İ.Qaspiralı, C.Əfqani, Ə.Ağaoğlu, Y.Akçura, S.Hüseyn, Z.Göyalp, füyuzatçılar, M.Ə.Rəsulzadə və b.) Eləcə də panslavyanizm nəzəriyyəsi, Rusiya imperatorluğu, H.Kohnun “Dostoyevski millətçiliyi” məqaləsi, Y.N.Danilevskinin “Rusiya və Avropa” kitabında təlqin olunan slavyanizm və başqa məsələlərdən də söz açılır. Təbii ki bütün bunlar problemi daha əhatəli, genişmiqyaslı ampluada diqqətə çatdırmaq məqsədi ilə bağlıdır. Müəllif hələ XIX əsrdə ümumslavyan birliyi siyasəti qarşılığında ümumtürk və ümumislam birliyini yaratmaq istəyən ideoloqlara diqqəti yönəldir. Rus ziyalıları, ədəbiyyat adamlarının (N.F.Dostoyevski, V.Q.Belinski, A.S.Puşkin. F.Tütçev və b.) ümummilli mahiyyətli ideyasına qarşılıq olaraq türk və islam dünyası ideoloqlarının fəlsəfi, sosial-siyasi bəyanatları misal göstərilıir. Məsələn, Ə.Ağaoğludan sitat: “Nə üçün digər millətlərin həyat tərzini müsəlmanlar üçün uyğunsuz hesab edirlər? İndi avropada çoxlu ittifaq və partiya vardır: paniranizm, panslavizm, panlatinizm, panamerikanizm və s. panlar... Belə cəmiyyətlər sözdə deyil, həqiqətdə mövcuddurlar və fəaliyyət göstərirlər... Panslavizm adı altında rusların cəmiyyəti var və onlar bütün slavyanları siyasi cəhətdən birləşdirməyə cəhd göstərirlər. Bu ən qədim cəmiyyətlərdən biridir. Rusiyanın bütün görkəmli adamları Peterburqdakı bu cəmiyyətə daxil olub, var gücləri ilə öz məqsədlərinə çatmağa çalışırlar. Bu cəmiyyətin bütün slavyan torpaqlarında öz xadimləri var. Məqsədə çatmaq üçün başqa dövlətlərlə hətta müharibə də aparmışlar. Almanlar da pangermanizm cəmiyyətinin məqsədinə çatmaq üçün Fransa, Avstrya və s. dövlətlərlə maharibə aparmışlar”. (s.51)
B.Əhmədli tezisləri ilə onu da vurğulayır ki, bu formul “Alman birliyi”, “Slavyan birliyi” siyasətinə qarşı yaradılmış bir mücadilə idi, həm də...
“Müasirləşmə” adlanan II bölümdə Avropanı təqlid, yeniləşmək, avropalaşmaq, müasirləşmək məsələsi təhlil edilir. Və B.Əhmədli çox doğru olaraq modernləşmə tariximizi vərəqləyərkən ilk olaraq Ə.Hüseynzadədən xeyli əvvəl yaşamış və triadanın “müasirləşmə” konsepsiyasını hamıdan əvvəl işləyib hazırlamış, bu mövzuda praktik olaraq ortaya elmi-nəzəri, fəlsəfi, bədii, publisistik mətnlər qoymuş M.F.Axundzadənin adını çəkir. Daha sonra isə Ə.Süavi, C.Əfqani, Ə.Topçubaşov, Ə.Ağaoğlunun xidmətləri qeyd edilir. Eləcə də A.Bakıxanovun Qərb mədəniyyətini müsəlmanlar üçün ideal bir mədəniyyət hesab etməsi məsələsinə toxunur.
Ə.Hüseynzadənin avropaçılığı, Ə.Ağaoğlunun qərbləşmə siyasəti, Z.Göyalpın formulundakı müasirləşmə nəzəriyyəsi, triadada modernləşməyə M.Ə.Rəsulzadə münasibəti və s. məsələlər çözülür.
III bölüm “Türkləşmək” adlanır. Bilirik ki, “Türkləşmək” şüarının ana kitabını təkcə Azərbaycanda yaşayan türklər deyil, eyni zamanda Rusiyada və Türkiyədə yaşayan türklər işləyib hazırlamışdır. Bu bölümdə türklük, türkçülük və türkləşmə ayrıca, bir-birindən fərqli proses kimi təqdim edilir. Müəllif göstərir ki, fransız tarixçisi Leon Cahunun “Asiya tarixinə giriş: türklər və moğollar” adlı əsəri elmi və maarifçi türkçülükdə çox böyük iş görmüşdür. 1899-cu ildə Nəcib Asimin həmin əsəri türk dilinə tərcümə etməsi isə ideologiyanın təbliğatını daha da genişləndirmişdir. Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” əsərinin yaranmasında bu kitabın rolu olub. Daha sonra müəllif Z.Göyalpın və Y.Akçuranın türkçülük təlqininə üz tutur və türkçülük, oğuzçuluq, tükmənçilik problematikasını çözür. “Siyasi türkçülər”, “batı türkləri”, “türkçülüyün mərhələləri” anlayışlarının mahiyyəti də bu fəsildə ifadəsini tapır. Avropada türkologiyanın formalaşmağa başlaması, XX əsrin əvvəllərində Türkiyənin siyasi, hərbi, sosial problemləri və s. bu kimi mühit problemlərinə də toxunulur. Bu bölümdə müəllif konkret olaraq türkçülük ideyasının rəhbəri kimi ilk növbədə Ə.Süavinin adını çəkir. Daha sonra Y.Akçura və Ə.Hüseynzadə gəlir. Z.Göyalp və M.Ə.Rəsulzadə isə davamçılar kimi göstərilir.
Bu məqamda C.Əfqaninin türkçülük fəlsəfəsi daha əhatəli şəkildə yer almalı idi. Lakin epizodik təəssüratlar bu dahi şəxsiyyət, M.Ə.Rəsulzadə və başqa ictimai xadimlər üçün örnək olan türkçü, islam dini islahatçısı və modern təfəkkür intellektuallığı ilə Şərqi və Qərbi heyrətləndirən azərbaycanlı haqqında lazımi bilgi vermir. Müsəlman Şərqində millət nəzəriyyəsini ilk təlqin edən siyasi lider kimi həm də onun tükçülük ideologiyasına geniş nəzər salınmalı idi. Hər halda bu bölümdə oxucu belə bir boşluqla rastlaşır. Bəlkə M.Ə.Rəsulzadəni bir azərbaycançı kimi, C.Əfqanini isə daha fəal türkçü kimi tanımalıyıq? Hər halda, triadada C.Əfqani sələfliyi mahiyyəti üzrə tədqiq və təbliğ olunmalıdır.
“İttihad və Tərəqqi” cəmiyyətinin türkçülük siyasəti, Y.Akçuranın siyasi türkçülüyü, Məmməd Əmin Yurdaqulun ədəbi türkçü kimi xidmətləri, C.Əfqaninin siyasi türkçülüyündən bəhrələnərək həmin ideyaları ədəbi düşüncəyə köçürməsi və s. məsələlərdən söz açılır. Ancaq yenə də qeyd edim ki, C.Əfqaninin “siyasi türkçülüyü” əsl xüsusiyyətləri, xarakter və mahiyyəti ilə lazımi məqamlarda açılmır.
Ə.Hüseynzadənin türkçülüyündən danışılanda isə müəllif onu daha çox türkçülüyü təbliğ edən, redaktor və ədib kimi təqdim edir. “Türkçü” və “türkçülük” ifadələrinə münasibətini bildirir. Halbuki Ə.Hüseynzadənin ölümünə qədər Türkiyə siyasi dairələrindəki fəaliyyəti haqqında bilgi almağa ehtiyac duyuruq. İstər çox zaman mübahisəli şəkildə danışılan “İttihad və tərəqqi” cəmiyyəti ilə əlaqəsi, istər Bakıya səfərlərindəki siyasi tapşırıqların icraçısı, Türkoloji qurultayla bağlı fəaliyyəti və s. maraqlı məqamlara aydınlıq gətirilməli idi.
Ə.Ağaoğlunun türkçülük görüşləri və bununla bağlı əsərləri haqında söhbət açılır.
Z.Göyalpın formulunda türkçülük bir məfkurə işi kimi təhlil edilir və B.Əhmədli haqlı olaraq Y.Akçura türkçülüyü ilə Z.Göyalp türkçülüyünü müqayisə edir, dəqiq analizlə doğru qənaət alır. Z.Göyalp Y.Akçuradan cəmi 10 il sonra və ondan daha geniş arenanı nəzərə alaraq osmançılıq yox, türkçülük peşində olur. Və onun düşüncəsində türkçülük ilk, müasirlik isə 3-cü sırada durur. “Türkçülük türk millətini yüksəltmək deməkdir” – ideyası onun bu barədəki nəzəri görüşlərində aparıcı olur. Türk tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid yazdıqlarında da bu aparıcılıq aydınca görünür. B.Əhmədli də göstərir ki, o, türkçülüyün proqramını təkbaşına işləyib hazırlamış və müəyyənləşdirmişdir.
Doğrusu, bu bölümün 1.8. bəndindəki “M.Ə.Rəsulzadənin formulunda türkçülük” adlı başlıq daha çox diqqətimi çəkdi. Çünki Rəsulzadənin türkçülük ideologiyası təbliğ olunduğu qədər sadə deyil. Onun davası daha çox Azərbaycan eşqi ilə bağlı idi. Cümhuriyyətin “Azərbaycan” adlandırılması, bayrağımızın türk bayrağından fərqli şəkildə olması tələbi və s. onlarla nüanslar var ki, onların da bu bəhsdə təhlili arzuediləndir. Müəllif M.Ə.Rəsulzadə haqqında yazılan onlarla kitab, yüzlərlə məqalədə bu məqama aid olan detalları, görünür, çox incəliklə seçmiş və sistemli, anlaşıqlı şəkildə təqdim etmişdir.
“M.Ə.Rəsulzadənin türkçülüyü ilə bağlı geniş araşdırmalar aparılmamış, istər Azərbaycan, istərsə də Türkiyədə bu barədə yazılmamışdır. Azərbaycanda onu daha çox azərbaycançı kimi qələmə vermişlər. Türkiyədə türkçülük tarixi ilə bağlı yazılarda da M.Ə.Rəsulzadənin adı çəkilmir. “Türkçülüyün tarixi” əsərinin müəllifi Yusif Akçura türkçülük ideologiyasının formalaşmasında adı keçən ayrı-ayrı şəxsiyyətlər haqqında yazsa da, M.Ə.Rəsulzadənin adını unutmuşdur. Görünür, müəllif Türkiyədə yaşayan türkçülər haqqında yazmağı üstün tutmuş, ya da M.Ə.Rəsulzadənin türkçülüyü ilə bağlı məlumatlara malik olmamışdır. İkincisi daha ağlabatandır, çünki M.Ə.Rəsulzadənin siyasi türkçülüyü Azərbaycana qayıtdıqdan sonra başlamış, çox qısa bir müddətdə siyasi ideoloji müstəvidə başında durduğu dövlətin ideologiyasının bir hissəsinə çevirə bilmişdir”. (s.170)
B.Əhmədlinin türkçülüyün üçlü formulu axtarışında osmançılıq, turançılıq, türkçülük terminləri qarışdırılmır və hər bir ideologiyanın daşıyıcıları, təbliğçiləri öz spesifik baxış və fəaliyyət ampluasında təqdim edilir. Məsələn, “Siyasi və ədəbi turançılıq” bəhsində turançılığı formulun dördüncü ayağıtək izah edir. Və bu artıqlığın səbəblərini də göstərir. Onu da qeyd edir ki, zəif, tədricən uzaqlaşan turançılıq ideologiyası zaman-zaman gündəmə gəlmiş, ardınca minləri, milyonları aparmışdır. XX əsrin əvvəllərində də turançılıq həm siyasi, həm də ədəbi düşüncədə qabarmış, çox zaman da emosionallıqla təzahür etmişdir.
Kitabın kompazisiya mükəmməlliyi bir də onda özünü göstərir ki, müəllif 3 formul əlamətlərini xarakterizə edərkən bu formula fikrən və əmələn xidmətkar olan adamların şəxsində hər üç ideologiyanı (türkləşmək, müasirləşmək, islamlaşmaq) ayrı-ayrılıqda tətbiq edir. Məsələn, biz Z.Göyalpı, Ə.Hüseynzadəni, M.Ə.Rəsulzadə və başqalarını altı bölümün altısında da görürük. Yəni, məsələn, Ə.Hüseynzadə birbaşa türkçü, modernçi və islamçı kimi təqdim edilmir. Hər bölümün ideoloji-nəzəri suallarına cavab məhz onların fəaliyyəti, düşüncələri əsasında ifadəsini tapır.
IV bölüm “İslamlaşmaq” adlanır. Bu bölümə müəllif M.F.Axundzadənin dini görüşlərinə münasibətlə başlayır. H.Zərdabinin xalqı “müsəlman milləti” adlandırması, dilimizin və milli kimliyimizin adsızlığı problemi təhlil edilir. Bilirik ki, XIX əsrdə dilimizə “tatar dili” deyiblər, “müsəlman camaatı”, “Qafqaz müsəlmanları” və s. adlarla çağırılmışıq. Ən yaxşı halda “Qafqaz türkləri” kimi səciyyələndirmə olub. Bu bölümdə yenidən üçlü formul fədailərinin islamlaşma siyasəti ilə tanış oluruq. “Əli Süavinin islamçılığı”, “Cəmaləddin Əfqaninin islami modernləşməsi”, “Yusif Akçuranın islamçılığı”, “Əhməd bəy Ağaoğlunun islamçılığı”, “Əli bəy Hüseynzadənin islamçılığı”, “Haşım bəy Vəzirovun islamçılığı”, “Ziya Göyalpın formulunda islamlaşmaq”, “Məhəmməd Əmin Rəsulzadənin formulunda islamlaşmaq” başlıqları altındakı materialların təhlili, müqayisəli xarakterizəsi kitabda qoyulan sualı cavablandırır. Nəticədə formul yaradanlar və formulun qanunları ilə ictimai-siyasi xadim, mütəfəkkir, filosof kimi yetişənlər birliyinin tarixini öyrənmiş oluruq.
Kitabda bizim üçün aydın olan, bu kitaba qədər oxuduğumuz məlumatlar nə qədər çox olsa da, B.Əhmədlinin problemə yanaşması və üslub, təhlil manerası birbaşa oxu şəraiti yaradır. Görünməyən tərəfləri açmaq, şəxsiyyətlərin portretlərindəki artıq rəngləri silmək soyuqqanlılığı, həqiqi xidməti dəyərləndirmək obyektivliliyi ciddi bir araşdırma mütaliə etdiyimizi hər dəqiqə xatırladır.
Təəccüblüdür ki, müəllif V və VI bölümlərə ayrıca ad qoymayıb. Yarımbaşlıqlar isə “İdeyadan nəzəri konsepsiyaya – formula doğru”, “Gələcəyə baxış” adlanır. Adlardan da göründüyü kimi, tədqiqatçı alim son olaraq ümumiləşdirmə aparır, müxtəlif düşüncə sahiblərinin eyni ideya uğrundakı mübarizəsinin konkret, bitkin, daşlaşmış və dəyişməz formul yaratması reallığını bəyan edir. Və sadəcə sözlə yox, analitik təfəkkür və müqayisəli təhlil, obyektiv qənaətlər əsasında...
Professor B.Əhmədlinin bu araşdırması çox vacib və əhəmiyyətli mövzuya həsr olunub. Yuxarıda da qeyd etdiyim kimi, illərin mütaliəsini yeni baxış bucağında elə təqdim edib ki, yeni-yeni tədqiqatlar zərurəti meydana çıxıb. Suallara cavab tapa-tapa yeni və aktual, maraqlı problem suallar yaradıb. Üçlü formul müəllifliyi və digər problemli məsələlərlə bağlı bu günə qədər orta və ali məktəblərdə beyinlərə yeridilən təhrif fikirlərə cəsarətlə müdaxilə etdiyinə, həqiətə işıq tutduğuna görə müəllifə təşəkkür edirik.
18.07.2019.
|