Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərovanın “İmadəddin Nəsiminin anadilli poetik əsərlərinin diaxronik-dialektoloji tədqiqi” monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Nəsiminin dilinin diaxronik-dialektoloji tədqiqinə həsr olunmuş monoqrafiya “Nəsiminin dili və Azərbaycan şivələri” və “Nəsimi irsinin tədqiqi məsələləri” fəsillərindən ibarətdir. Birinci fəsildə Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji, leksik dialektizmlər tarixi-müqayisəli aspektdə tədqiq olunub. İkinci fəsildə isə müəllifin Nəsimi irsinin frazeologiyası, nitq mədəniyyəti ilə bağlı yazdığı, müxtəlif elmi toplularda və konfrans materiallarında dərc etdirdiyi məqalələri yer alıb.
Monoqrafiyada bildirilir ki, şairin dili XIV əsr Azərbaycan ədəbi dilinin əsasını qoyur. Bununla bərabər, həmin dövrdə ədəbi dilin koynesinin Azərbaycan dilinin Şərq qrupu dialekt və şivələrinə, eləcə də canlı xalq dilinə əsaslanır.
|