Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19

Dil canlı orqanizmdir və istənilən orqanizmdə gedən üzvi prosesləri burada da müşahidə etmək olur. Həmin müşahidələr ilkin qənaət və sonradan ortaya qoyulan nəticələri ilə elmi baxışların istiqamətini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. AZƏRTAC xəbər verir ki, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap olunan “Dilin elmi və estetik problemləri” kitabı o müşahidələr və mütəxəssis rəyləri kimi maraq kəsb edir. Dövri mətbuatda çap edilmiş məqalə, resenziya və müsahibələrin məcmusundan ibarət olan kitabın özəlliyi onunla xarakterizə edilə bilər ki, həmin yazılarda qaldırılan məsələlər təkcə müəllif üçün deyil, dilçiliyimizdə perspektiv problemlərin araşdırılması yollarının müəyyənləşdirilməsində alimlərimiz üçün də maraqlıdır.

Müəllif dilin qorunması və inkişafında dövlətin oynaya biləcəyi rolu və onun əhəmiyyətini göstərməklə müasirlərinə, həmçinin gələcək nəslə bunun nə qədər vacib olduğunu xatırladır. O, mülahizə və qənaətlərində elmi əsaslara söykənir, tarixi faktlara əsaslanır. Kitabın rəyçilərindən biri, müasir dilçiliyimizdə araşdırma metodologiyasına görə fərqlənən filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Hüseynov “Ön söz”də yazır: “Mahirə Hüseynova haqqında belə bir fikri tam qətiyyətlə demək mümkündür ki, onun qələm məhsulları irəli sürülən problematika dairəsinin genişliyi, elmi-nəzəri əhatəliliyi, aktuallığı ilə bərabər, həm də faktlara yanaşma həssaslığı, təhlil mədəniyyətinin yüksək səviyyəsi, tədqiqata cəlb olunan məsələlərin mahiyyətinə nəzəri baxışların dəqiqliyi, müasirlik mövqeyi ilə seçilir”.

Kitab müxtəlif tematikalar üzrə ayrı-ayrı məqalələrdən ibarət olsa da, son əlli ildə Azərbaycan dilinə dövlət qayğısının leytmotivini birinci səhifədən sonuncu səhifəyə qədər özündə saxlamaqla yanaşı, həmin qayğının vacibliyini qabardır. Nəticə olaraq oxucu müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevlə əsası qoyulan “Dilin qorunması və inkişafı dövlət siyasətinin başlıca tərkib hissəsidir” siyasətinin verdiyi konkret nəticələri aydın dərk edir, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin şahidi olur. Müəllifin təqdimatında bununla bağlı söhbətin təkcə Azərbaycan dilinə aid prinsipial əhəmiyyətli məsələlərə dövlətin baxışlarından getmədiyinin şahidi olmaqla bərabər, həmin dilin saflaşması və inkişafında rolu olmuş və olan fikir adamları ilə bağlı sərəncamların nə qədər gərəkliliyi qənaəti möhkəmlənir. Dövlətimizin başçısının İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İsmayıl Şıxlı, akademiklər Məmməd Cəfər, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə və başqaları ilə bağlı sərəncamları təkcə onlar və onların şəxsində digər ədəbiyyat və elm adamlarının yubileylərini gündəmə gətirmir, bu insanların həyat yolunun örnək kimi Azərbaycan gəncliyinin yaddaşında yer tutmasına vasitə olur.

Professor Mahirə Hüseynovanın növbəti kitabının təqdimatında müasir dilimizin problemləri ilə yanaşı (“Mətbuat dilində durğu işarələri səhvlərinə yol verilməsi bağışlanılmazdır” və digər məqalələr), müxtəlif tarixi dövrlərdə dilimizin mənzərəsini əks etdirən Azərbaycan ədəbiyyatının klassikləri İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İsmayıl Şıxlı və başqalarının əsərlərindəki dil hadisələri tədqiqata cəlb edilərək daha geniş mənbələr əsasında öyrənilir. Bununla yanaşı, Mahirə Hüseynovanın tədqiqatlarında Azərbaycan ədəbi dil tarixinin metodoloji ardıcıllıqla ümumtürk kontekstindən araşdırmalara cəlb edilməsi tendensiyası açıq-aydın özünü göstərir. Professorun yanaşmaları müəyyən tarixi təkamül prosesində diferensiallaşmış konkret bir türk ədəbi dilini ümumtürk dil prosesinin tarixi və üzvi tərkib hissəsi kimi təqdimatı ilə seçilir. Bu baxımdan onun dövri mətbuatda çap edilmiş, kitabında da yer alan “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası problemi tədqiq edilir” müsahibəsindəki fikirləri xüsusi maraq doğurur. Bu fikirlər ona görə maraqlıdır ki, professor elmi ictimaiyyətə müraciət edərək Azərbaycan dilində gedən prosesləri lokal mühitdə deyil, vahid ailə mühitində izləməyin daha mükəmməl nəticələr verəcəyinə əminliyini bölüşür: “Məlumdur ki, türk dillərinin daşıyıcısı olan xalqlar çox yaxın genetik ortaqlığa malikdirlər və bu mövzu indiyəcən dialektal aspektdə demək olar ki, kifayət qədər geniş araşdırılmamış, cüzi şəkildə görülən işlər isə lokal və epizodik xarakterli olmuşdur. Bu da bir həqiqətdir ki, türk dillərinin dialekt sözlərində bu dillərin bir çox arxaikləşmiş, köhnəlmiş hesab edilən qədim elementləri, yarusları qorunub saxlanılır və bunların müqayisəli analizi çox gözəl tarixi-linqvistik nəticələr əldə etməyə imkan verər”.

Kitabda təqdim edilən digər araşdırmaların qaldırılan məsələlərlə bağlı tematik müxtəlifliyi isə alimin ardıcıl tədqiqatlarının nəticəsi olan qiymətli elmi mülahizələrlə maraqlıdır. Bu məqsədlə müəllifin tədqiqata cəlb etdiyi, mərhum akademik Ziya Bünyadov və Hüsaməddin Məmmədovun tədqiqatları üzrə ortaya çıxmış XVIII əsrin 20-ci illərində osmanlıların hazırladığı “Naxçıvan sancağının müfəssəl dəftəri” üzrə araşdırmalar maraq doğurur. “Dəftər” üzrə aparılan vergi adlarının tarixi-etimoloji təhlili, antroponimik vahidlərin tərkibi və semantikasının incələnməsi, etnotoponimlərin tarixi- linqvistik təhlilindəki yanaşmalar dilimizin yaşadığı dövrün ictimai-siyasi, iqtisadi-mədəni həyatının inikası kimi diqqət çəkir. Burada leksik vahidlərin tarixi-etimoloji yönümdən araşdırılması, həmin sözlərin mənşəyinin müəyyənləşdirilməsi, türkdilli xalqlardakı izlərinin müqayisəli təhlili aktual məsələlərdən biri kimi qaldırılır.

Tarixboyu orijinallığını qoruyub saxlayan, XIX əsrdə milli dilə çevrilən Azərbaycan dilinin potensial qatları elə həmin əsrdə Mirzə Fətəli Axundzadənin nəsr dili ilə özünü göstərdi. Yeri gəlmişkən, o məqamı qeyd etməyi zəruri sayırıq ki, böyük mütəfəkkir bu əsrdə təkcə dəyərli nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixinə yeni janrlar gətirmədi, o, mənsub olduğu xalqın, Avropa və Rusiyanın işıqlı insanlarının “Qafqazda başlıca ünsiyyət vasitəsi” hesab etdikləri Azərbaycan dilinin tamam yeni bir müstəvidə inkişafına təkan verdi. Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundzadə dilimizin çox qadir və poetik vüsətə malik olduğunu həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışdı. Azərbaycan yazılı ədəbiyyatının ilk nümunələri kimi maraqlı olan Həsənoğlu yaradıcılığından başlayaraq bütün Şərq dünyasını öz yeni baxışları ilə fəth edən İmadəddin Nəsimi və Məhəmməd Füzuli, yaxud XVIII əsr Azərbaycanının ən müqtədir şairlərindən Molla Pənah Vaqif belə dil uğrunda xidmətlərinə və mübarizəsinə görə Mirzə Fətəli Axundzadə ilə müqayisə oluna bilmədi. Məhz XIX əsrin sonları, XX əsrin əvvəllərində və sonrakı vaxtlarda dilimizin inkişaf tarixinin ədalətli olaraq Mirzə Fətəli Axundzadə ilə bağlanılması qənaətində, hesab edirik ki, professor Mahirə Hüseynova birmənalı olaraq haqlıdır. Belə ki, Azərbaycan ədəbi dilinin publisistik normalarını müəyyənləşdirən Həsən bəy Zərdabidən miras qalmış ənənələri qoruyub saxlamaq ziyalı hesab olunan hər kəsin borcudur. Buna görə də dilçi-alimin kitabında yer alan “Dilimizi qorumaq ən müqəddəs borcumuzdur” məqaləsində qaldırılan məsələlərə diqqət ayırmağı lazım bilirik. Söhbət, əsası Zərdabi tərəfindən qoyulan milli mətbuatımızda Azərbaycan ədəbi dilinə və onun normalarına açıq-aydın səhlənkar və savadsız yanaşmalardan gedir. Adıçəkilən yazıda qaldırılan məsələnin aktuallığı belə təqdim edilir: “İnformasiya vasitələri cəmiyyətin bütün sahələrində gedən proseslərin güzgüsüdür, bu güzgüdə dil prosesləri də aydın və şəffaf şəkildə görünür. Bu şəffaflığı şərtləndirən amillər çoxdur və həmin amillərin əsasında ədəbi dil normalarının aydınlığı, anlaşıqlığı, səlisliyi, məntiqliliyi dayanır. Maraqlı cəhətlərdən biri budur ki, informasiya vasitələrində savad səviyyəsindən asılı olmayaraq hər bir şəxs çıxış edə bilir və bu yazılarında hər hansı dil vahidi dəqiq seçilmir, linqvistik elementlər başqa ifadə vasitələri ilə harmoniya yaratmır, mövzu və müəllif təhkiyəsindən asılı olaraq üsluba ciddi fikir verilmir, söz və ifadələr yerli-yerində işlədilmir, yeknəsəq təsir bağışlayır, nəticədə isə əsrlərdən bəri formalaşma prosesi keçmiş ədəbi dil normalarının pozulmasının şahidi oluruq”.

Bu, Mahirə Hüseynovanın vətəndaş və alim mövqeyidir: “Fenomen elektron erasında yaşadığımız bir dövrdə cəmiyyətin sosial strukturunda, eləcə də estetik və mənəvi sərvətlər sistemində özünəməxsus yer tutan, spesifik ifadə vasitələrinə malik informasiya vasitələrində dilimizin fonetik, morfoloji, qrammatik, sintaktik quruluş və xüsusiyyətləri ilə bağlı hər hansı nöqsana yol verilməsi bağışlanılmazdır”.

Mahirə Hüseynova Azərbaycan dilinin dövlət dili olmasını hər məqamda vurğulamaqla ona dövlət atributlarının biri və ən vacibi kimi yanaşma mövqeyində çox haqlıdır. Onun “Prezidentin dil haqqında Fərmanı ana dilimizə qayğının təzahürüdür” məqaləsi 2018-ci il noyabrın 1-də Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələr haqqındadır.

Beynəlxalq linqvistikada Azərbaycan dili qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik dil olaraq dəyərləndirilir. İçində millət və vətən sevgisi ilə bərabər gələcək nəsillər qarşısında məsuliyyət hissi yaşamış böyük fikir adamları dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir. Dilimizin dövlət dili statusunun onun qorunması və inkişafı üçün hansı əhəmiyyət daşıdığını konkret faktlarla əsaslandıran Mahirə Hüseynova onun bu statusa çatdırılmasını haqlı olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlayır. İlk dəfə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyası ilə bu hüququn qazanıldığını qeyd edən müəllif nominal dövlətçilik statusunda olsa belə bu tarixi hadisənin oynadığı rolu qiymətləndirir, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarların dilin inkişaf etməsi üçün açdığı yolların mənzərəsini yaradır, suveren dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili elan olunmasının təsbit olunduğu 21-ci maddəsini xatırladır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Məlumdur ki, ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Həmin işlər sırasında professor Mahirə Hüseynova Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri kimi 2001-ci il iyun ayının 18-də Prezident Heydər Əliyev tərəfindən imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın əhəmiyyətini xüsusi olaraq qeyd edir. Müəllif vurğulayır ki, Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib, eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Fərman Azərbaycan xalqının bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən qərar qəbul etdiyini göstərdi. O zaman Ulu Öndər demişdi: “Bilirsiniz ki, mən Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında Fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır”.

Prezident İlham Əliyevin dil haqqında imzaladığı ali dövlət sənədlərinin dəyişməz dövlət siyasətinin davamı hesab edən Mahirə Hüseynova yazır: “Dil haqqında mükəmməl Qanun hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar dövlət proqramları qəbul edilmiş, Prezident fərmanları, sərəncamları verilmiş, bu məsələlər ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Çağdaş Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, Ulu Öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin məmnunedici örnəkləri ilə zəngindir”.

Yuxarıda dediklərimizi belə yekunlaşdıra bilərik ki, filologiya üzrə elmlər doktoru, professor xanım Mahirə Hüseynovanın “Dilin elmi və estetik problemləri” kitabı dilimiz və onun ətrafında gedən proseslərə adekvat reaksiyası ilə bərabər, onun perspektivləri üçün narahatlıq keçirən ardıcıl və zəhmətkeş alimin əməyi, elm adamının baxışları kimi maraqlıdır.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.