İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçildi
27.06.19
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində ümumi yığıncağı keçirilib.
Təşkilatın ötən ümumi yığıncaqdan bu günə qədər göstərdiyi fəaliyyətə qiymət verilib, seçkili orqanların gördüyü işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.
Təşkilati məsələlər də daxil olmaqla, nizamnamədə nəzərdə tutulmuş əlavə və dəyişikliklər müzakirə edilib və səs çoxluğu ilə qəbul olunub.
Bundan sonra təşkilatın seçkili orqanının idarə heyəti adlandırılması qərara alınıb və idarə heyətinin yeni tərkibi formalaşdırılıb.
Ümumi yığıncaqdan sonra İdarə Heyətinin ilk iclasında yekdilliklə İntiqam Yaşar İdarə Heyətinin başqanı seçilib.
Qeyd edək ki, təşkilata 1998-2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013-2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014-2016-cı illər yazar Əfsanə Ələsgərli rəhbərlik ediblər. 2016-cı ildən təşkilatın Məclis başqan əvəzi olan İntiqam Yaşar artıq fəaliyyətini İdarə Heyətinin başqanı olaraq davam etdirəcək.
İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. Azərbaycan Universitetinin Filologiya fakültəsini bitirib. “İlk görüş”(2012), “...və susarsan” (2016 ), "Evdə yoxam" (2018) adlı şeir kitabları çap olunub.
2009-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən Məclis Başqanı əvəzi olub.
Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi bir sıra layihələrin rəhbəri olub. 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib, 2019-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatı ilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.
AYB-nin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı şeir” müsabiqəsinin qaliblərindən olub. Mətbuatda mütəmadi olaraq müxtəlif məzmunlu yazılarla çıxış edir. 2015-ci ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na layiq görülüb. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Uğur" mükafatına layiq görülüb. Şeirləri yerli türkcələrə uyğunlaşdırılaraq, Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb.
|