Bəsirə Əzizəli - Əhməd bəy Ağaoğlu yaradıcılğında türk və islam dəyərləri
18.06.19

Azərbaycan və Türkiyə ədəbi-mədəni və ictimai fikir tarixində önəmli yer tutan görkəmli ziyalılarımızdan biri də Əhməd bəy Ağaoğlu idi. Yüksək təhsil və zəngin dünyagörüşə məxsus ictimai xadimin yaradıcılığı çoxcəhətli və əhəmiyyətli problemlərin şərhi baxımından diqqət çəkir. Bunlar arasında türkçülük məsələlərinə ümumi şəkildə baxış, islam dəyərlərinə münasibət, qədim və zəngin mədəniyyətə sahib türk millətinin əzəmətli tarixi və mifologiyası, qadının ailə, cəmiyyət və dindəki mövqeyini şərh etmək kimi mövzular da vacib yer tutmaqdadır. “Tanrı dağında” və “İslama görə və müsəlmanlıqda qadın” əsərlərində həmin əhəmiyyətli cəhətlərdən bəhs edir.

XX əsrin əvvəllərində bütün türk dünyasının ədəbi və ictimai fikirində türkçülük ideyası geniş vüsət almışdır. Əsərlərində türkçülük düşüncəsi aparıcı yer tutan ədiblərimizdən biri də Əhməd bəy Ağaoğlu idi.

Ə.Ağaoğlunun “Tanrı dağında” əsəri türkçülük, şamanlıq, eləcə də təsəvvüf ideyalarının ifadəsi baxımından maraq kəsb edərək ədəbiyyat və mifologiyanın ortaq müstəvisində zəruri məsələləri ifadə edir. Müəllifin “Əski türk həyatından alınma bir olonxodan” adlandırdığı əsər türkçülük, türk kimliyi, türk xalqlarının keçmişi və müasir durumu məsələlərini obrazlı şəkildə, rəmzlərlə ifadə edən, türk tanrıçılğı simasında islam dəyərlərini də önəmsəyən kiçik həcmli və maraqlı bir əsərdir.

Əsərdə müəllifin təbirincə, “Tanrı aşiqinin” Tanrı dağına qalxması və türk tayfalarının şamanlarının maddi dünya və nəfsin hakim olduğu cismani dünyanın çirkablarından qurtulmaq üçün Tanrıya etdikləri dua mərasimləri təsvir olunmuşdur. Türk şamanizminə müraciət isə əsərdə türk xalqlarının qədim tarixə və mədəniyyətə sahib olduqlarını göstərməyə xidmət edir.

Əsəri danışan “Tanrı aşıqi olan” təhkiyəçi və əslində müəllif obrazı yaşadığı əsrin mənəvi böhranından təmizlənmək və parçalanmış türk dünyasının xilas yolunu axtarmaq üçün keçmişə üz tutmuşdur.

Tanrı aşiqinin gəldiyi ilk ulus Ellik ulusudur. Bura əsərdə “Tanrının sevdiyi bir ulus” kimi qiymətləndirilir. “Bəmbəyaz saqqalı, uzun saçları çiyninə tökülmüş” “Böyük Şaman” adlandırılan Ellik Tanrı aşiqinə verdiyi xeyir-duası ilə möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanlarındakı Dədə Qorqudu da xatırladır: “Yolunuz uzun, yükünüz ağır, gücünüz az! Fəqət könül istəyənə qarşı heç nə dayana bilməz.  Sənə Tanrıdan yorulmaz könül eşqi və çox güclü bir istək diləyirəm...”

Əsərdə Tanrıya dua etmək mərasimləri, “Qutlu od” kimi məsələlər də türklərin qədim ənənələri və keçmişi ilə bağlıdır. Məlumdur ki, qədim türklər Odu Tanrının nəvəsi, Günün oğlu hesab edirdilər.

Əsərdə türk yurdu geniş əraziyə malik bir diyar kimi vəsf olunur: “Bozqur dənizində oturan. Şimal dənizində bağlanan, Yanları batı dənizinə varan, Ətəkləri cənub dənizinə çarpan, İşığı Kil dağı, Üzü orta yayla, Köksü oddan günəş...”

Lakin eyni zamanda türk dünyasını parçalayan, onu böhrana yuvarlayan məsələlər də Tanrı səsi ilə müasir aktuallığı ilə səslənir. Müəllifə görə, dünyanın bir ucundan digər ucuna qədər mədəniyyət saçan, insanlıq yayan Türk ulusu “güclülrə uyaraq” ağalığını itirmiş, köləlik qazanmışdır. Söz birliyinə baxmayan, Tanrını unudan qövm bəlalara düçar olmuşdur.

Əsərin sonunda türk şamanları birlikdə bir and içirlər. Bu and türk millətinin birliyini və Tanrıya yaxınlığını ifadə edir: “Yerin, göyün, canlı-cansız – hər şeyin yaradıcısı uca Tanrıya bu andı içiriz: haqdan başqa bir kimsəyə uymayacağız! Əlimiz var – işləyəcək, ayağımız var gedəcək! Beynimiz var – düşünəcək, könlümüz var – duyacaq! Bir-birimizə sarılacağız!”
Bu əsərdə ifadə etdiyi fikirlər Ə.Ağaoğlunun türk xalqına verdiyi yüksək dəyərdən və türk dövlətlərinin gələcək inkişafına kömək edəcək məsələləri reallaşdırmaq arzusundan irəli gəlirdi. “Müsəlman xalqlarının vəziyyəti” əsərində də Əhməd bəy Ağaoğlu Şərq, xüsusilə islam mədəniyyətinin bərqərar olması və inkişafında türklərin mühüm roluna diqqət yetirmişdir. Müasiri olduğu dövrün problemlərinin köklərini araşdırmağa və həlli yollarını göstərməyə çalışan ictimai xadim XVIII əsrə qədərki mərhələdə islam mədəniyyətinin tərəqqisində türklərin xidmətlərini önə çəkir: “XVIII əsrin ikinci yarısı müsəlmanlığın tarixində bir dövr təşkil edir - tənəzzülün başlanması dövrü! Lakin bu dövrdən əvvəl bir-birinə tamamilə zidd iki mərhələ olmuşdur – daxili və xarici qüvvələrin yüksəliş mərhələsi (VII əsrdən XVI əsrə qədər) və durğunluq mərhələsi (XVII-XVIII əsrlər). Doqquz əsr davam edən birinci mərhələdə üç xalq - ərəblər, farslar və türklər növbə ilə islamın istinadgahı olmuşdur. Birincilər islamın meydana gəlməsindən VIII əsrin yarısına kimi, ikincilər VIII əsrdən XII əsrə kimi, üçüncülər isə XII əsrdən indiyə qədər”. Müəllif türkləri sağlam və qüdrətli xalq adlandırır, onların islam Şərqinə verdikləri töhfələri sadalayır: “Bu irqin bir ovuc nümayəndəsi – Səlcuqlar əsrlərlə birləşmiş Avropanın qarşısında sinə gərib dayanmışdır”.

Əhməd bə Ağaoğlu türk xalqını nadir mənəvi və fiziki keyfiyyətlərə məxsus xalq kimi dəyərləndirir: “Nadir mənəvi keyfiyyətlər – doğruluq, namusluluq, sadəlik, mülayimlik, mərdlik, cəsurluq onların vücudlarının nadir keyfiyyətləri – möhkəmliliyi, dözümlülüyü, irq təmizliyi və gözəlliyi ilə bağlıdır”. XVIII əsrdən sonra elm və mədəniyyətdə böhranla üzləşən və intelektual inkişafda problemləri olan bu xalqın tarixi keçmişində “intelektual sahəyə maraq göstərdiklərini” xatırladır və bir çox faktları sadalayır. Müsəlmanlar arasında geniş yayılmış təqvimin Hülaki xanın adı ilə bağlı olduğunu, Teymurləngin dövründə Səmərqəndin elm, mədəniyyət, incəsənət mərkəzinə çevrildiyini yazır: “Günəşlə bağlı bir sıra dəqiq bilgilər üçün, Ptolomey loqarifmalarının təkamülü üçün Avropa Hülakinin istəkli dostu Nəsirəddin Tusiyə borcludur”.

Türk xalqlarının mövcud durumdakı inkişafına mane olan əngələri nəzərdən keçirən müəllif müasir dövrdə də aktuallığının saxlayan çox mühüm bir məqama toxunmuşdur: “Tarix səhnəsinə gəldikləri dövrdən onların daxili inkişafla məşğul olmalarının qarşısını alan əbədi və ciddi maneə meydana çıxır: türk-tatarlar həmişə özünümüdafiə vəziyyətində dayanmalı olmuşlar. Onların özlərini də, mənsub olduqları islam dinini də hər zaman və hər tərəfdən sıxışdırırdılar”. Bu məsələni Ə.Ağaoğlu intelektual inkişafa ən böyük maneə kimi qiymətləndirmişdir.

Əhməd bəy Ağaoğlu islam dininin ehkamlarını çox ciddi şəkildə mənimsəmişdir. Ona görə də yazıçının əsərlərində islam dəyərlərinə münasibət geniş şəkildə öz əksini tapmışdır. Həmin cəhətləri “İslama görə və müsəlmanlıqda qadın” adlı əsəri əsasında nəzərdən keçirəcəyik. Burada din və qadın məsələsi əsasında islam dəyərlərinə münasibət göstərilir.

Əsərdə yazıçı islam dinindən öncə və onun meydana gəlməsindən başlayaraq XX əsrdə çağdaşı olduğu dönəmə qədər qadının rolunu təhlil etmiş, islam dinində qadının yeri, ona cəmiyyətdə verilmiş haqqları araşdırmış və yeri gəldikçə Qərb dünyası ilə də müqayisələr aparmışdır. Bir ədib və ictimai xadim kimi Ə.Ağaoğlu islahatların tərəfdarı olmuş, problemləri mədəni və siyasi inkişafi nəzərə alaraq dəyərləndirmək və həll etmək tərəfdarı kimi çıxış etmişdir. İslamın meydana gəlməsinə qədər və islamın yayıldığı dövrdə Türk dünyasında qadının cəmiyyətdəki rolu və ona olan münasibətin əsərdə öz yerini tapması da önəmli məsələlərdən biridir.

Əsər zamanın çox mühüm aktuallığı kimi meydana çıxmış, qlobal düşüncənin, dövrün tələblərinin müsəlman cəmiyyətindəki qadınların vəziyyəti ilə nə qədər uyğun olub-olmaması sualı araşdırılmışdır. Əsərin yazıldığı dövrdə feminizmin geniş vüsət aldığı, Avropa və Amerika ölkələrində qadınların cəmiyyətdəki yeri və mövqeyi sahəsində bir sıra dəyişikliklərin baş verdiyini diqqətə çəkən Ə.Ağaoğlu iki əsas səbəbi göstərmişdir: 1. Həyat şərtlərinin ağırlaşması ailə təməllərini sarsıldaraq qadınların öz həyatları uğrunda müstəqil fəaliyyətinə gətirib çıxarmış. 2. Haqq və ədalət qavramlarının inkişafı əsrlərlə zəif cins hesab edilən qadınlar haqqındakı sterotipləri dağıtmış və onların hüquqlarını qoruyan bir sıra cərəyanlar meydana çıxmışdır. Belə bir şəraitdə müsəlman qadınlarının vəziyyəti necədir? Əhməd bəy Ağaoğlu, ilk növbədə, bu suala cavab axtarır.

Burada ilk olaraq yazıçı “İslam və qadın” probleminə diqqət çəkməyə çalışır. Qərb ictimai fikri və ədəbiyyatında uzun əsrlərdən bəri meydana çıxmış “islamın mənəvi və sosial inkişafa zidd” olması fikri, müəllifə görə, Qərbin müsəlman düşüncəsinə düşmən mövqedə olan Bizans və latın ədəbiyyatının təsirində qalması məsələsi ilə bağlı olmuşdur.

“Orta əsrlərdə Qərb islamı necə görürdü?” süalı ətrafında düşünən  Əhməd bə Ağaoğlu orta əsrlərdə Qərbdə islam dini və Məhəmməd peyğəmbər haqqındakı fikirlərin çox yalnış olduğunu, hətta Dantenin məşhur “İlahi komediya” əsərində islam peyğəmbərini ilk çağ filosofları ilə yanaşı qoymaq istəyinə görə təqiblərə məruz qaldığını, əksər yazıçı və fikir adamlarının isə yalnış tendensiyanı davam etdirərək islama yalançı din kimi yanaşdığını təəssüf hissi ilə qələmə alır. Hətta fransız yazıçısı Volterin papa yanında mövqeyini möhkəmləndirmək məqsədilə islam dininə qarşı çıxışlarını xatırladır.

Əhməd bəy Ağaoğlu XIX əsrin birinci yarısında da Qərbdə islama doğru olmayan münasibətin davam etdiyini qeyd edərək yalnız sözügedən əsrin ikinci yarısında obyektiv fikirlərin meydana çıxdığını yazır. Həqiqətən də XIX əsrin ikinci yarısından etibarən Qərb və Şərq ölkələri arasında əlaqələr də inkişaf etmiş, Qərbin islam və Şərqin digər dəyərləri haqqındakı görüşlərində həqiqətə uyğun dəyişikliklər müşahidə olunmağa başlamışdır.
Din və cəmiyyət məsələsinə Ə.Ağaoğlu özünəməxsus münasibət göstərir. Müəllifə görə, dinin cəmiyyətə təsiri cəmiyyətin dinə təsirindən aşağı deyil, ona görə də bütün problemlərin arxasında dini məsələlərin dayanması kimi yalnış fikirləri təkzib edir. Buradan çıxış edərək də yazıçı müsəlman qadınının müasir vəziyyəti ilə musəlmanlığın ona verdiyi məziyyətləri və ilk müsəlman cəmiyyətindəki qadının vəziyyətini müqayisə edir.

Ə.Ağaoğlu islam dininin qadınlara verdiyi dəyəri göstərmək üçün öncə dinin meydana gəlməsindən öncəki ərəb həyatına nəzər salır: “O dövrdə elə bir varlı ərəb göstərə bilməzsən ki, 15, 20 hətta 100 arvadı olmasın. Bu qadınlar bütün haqqlardan məhrum idilər. Hə ərlərinin, nə də kişi qohumlarının mirasına sahib ola bilərdilər. Qız ataları müqəddəs bir ənənə olaraq qızlarına istədiklərini etmək haqqına sahib idilər. Daha beşikdə ikən onu istədiklərinə nigahlaya bilirdilər (daha doğrusu vəd edirdilər). Məhəmməd ilk vaazlarinda böyük bir səmimiyyətlə çevrəsində qadınlarla bağlı bu barbar ənənələr əleyhinə çıxmağa başladı. Bu soylu, bu duyğulu varlığı Ərəbistandakı qadınların vəziyyəti kimi heç bir şey belə həyacana gətirmirdi”.

Əsərin “İslam qaynaqlarına görə qadın” adlı ikinci bölümündə islamda qadına olan yüksək münasibət daha aydın şəkildə ifadə olunmuşdur. Müəllifə görə, yalnız “Quran”da qadınlardan bəhs edən “Əl-Nisa” surəsi belə peyğəmbərin qadın məsələsinə nə qədər böyük önəm verdiyini göstərməkdədir. Ə.Ağaoğlu fikirlərini aydın şəkildə ifadə etmək üçün həmin surədən bir ayəni təqdim edir: “Ey insanlar! Sizi eyni maddədən yaradan, ondan da bərabərini yaradan və ikisindən də bir çox kişilər və qadınlar çoxaldıb yaradan Allahdan qorxun!” Müəllifə görə, bu həm bütpərəstliyə qarşı çıxır, həm də qadınların cəmiyyətdəki yerini yeni baxışdan dəyərləndirirdi.

İkinsi bölümdə “Məhəmmədin qadınlara verdiyi haqqllar” adlı bir başlıq yer almışdır. Burada deyilir: “Peyğəmbər bir başqa münasibətlə “Allah cənnəti anaların ayaqları altına sərdi” demişdir. Beləcə qadınların mənəvi dəyərini ucaldan Məhəmməd onlara elə geniş haqqlar verdi ki, Fransa kimi bu günün bəzi məmləkətləri belə hələ bu haqqları tanımaq cəsarəti göstərməmişdir”. Göründüyü kimi, müəllif islam dəyərlərini və qadınlara verilmiş hüquqları Qərb dünyası ilə də müqayisə etmişdir. Onu da qeyd etmək lazımdır ki, Ə.Ağaoğlunun müasiri olduğu dövr üçün bunu yazması çox mühüm əhəmiyyət kəsb edirdi. İslama görə, ailə, cəmiyyət, miras, evlilik, idarəetmə kimi mühüm sahələrdə qadınların hüquqları Ə.Ağaoğlu tərəfindən əsərdə sadalanmışdır. “İslamın qadına verdiyi dəyər” bölümündə də daha çox ailə və nigah məsələlərində qadınlara verilən haqqlar və üstünlüklərdən bəhs edilmişdir. 

Əsərin ən önəmli hissələrindən biri “Türk və tatarlarda  qadın” hissəsidir. İslamın qəbulundan öncə türklərdə qadınların sərbəst olduğunu yazan yazıçı qeyd edir: “İslamlıq Türk - Tatar qadınları arasında ənənələrin meydana gətirdiyi durumu sadəcə qəbul etdi. Bu hal onların əcəmlərlə qaynaşmasına qədər davam etdi. XIII əsrin başlanğıcında Asiyadan səyahət edən... İbni Batuta o dövr Türk-Tatarların qadına qarşı göstərdikləri hörmətə və qadının faydalanmaqda olduğu özgürlüyə təəccüblənmişdir”. Türklərin təhsilə hər zaman maraqlı olduqlarını da yazıçı ayrıca vurğulamışdır. “Türk və tatar qadınları daha bundan çox öncə Bağdad xəlifələrinin və ərəb uyğarlığının qüdrət və şöhrətinin ən parlaq dönəmlərində göstərdikləri yüksək qabiliyyətlərlə ərəbləri təəccübləndirirdilər”. Əsərdə türk qadınları gözəl, zəkalı, tez qavrayan qadınlar kimi qeyd olunur, Bağdad xəlifələri Harun Rəsid, Məmun və digərlərinin türk qanı daşıdıqları yazılır.

Nəticə olaraq Ə.Ağaoğlu müsəlman cəmiyyətinin inkişafında qadınların mühüm rolu olduğunu göstərməyə çalışır: “Müsəlmanların qurtuluşu onların maddi, mənəvi, siyasi yüksəlişi sadəcə iki məsələni; qadın məsələsi və əlifba islahatının həll edilməsinə bağlıdır. Bu günün müsəlman qadını sərbəst və bilikli ana, bir eş olmaq şərtiylə sosial vəzifələrini faydalı bir şəkildə başara bilir. Ancaq bu şərtlər altında o uşaqlarına sosial həyatda çox önəmli olan sağlam bir xarakter və iradə aşılaya bilir. Onlara yüksək duyğular, soylu düşüncələr aşılaya bilir”.

Milli-mənəvi dəyərlərimiz, onların qorunması və gələcək nəsillərə ötürülməsi hər zaman yazıçı və ictimai xadimin yaradıcılığı və fəaliyyətində ön planda olmuşdur. Türk millətinin sahib olduğu zəngin tarixi əzəmət, dövlətçilik ənənələri, kültürü Əhməd bəy Ağaoğlunun daim yüksək dəyərləndirdiyi, örnək göstərdiyi məsələlər idi. Eyni zamanda, görkəmli ictimai xadim Qərb dünyasının inkişaf göstəricilərinin ön plana keçdiyi dövrdə həmin cəhətləri millətinə xatırlatmaqla, milli irsimizin ənənlərini yeni şəraitdə və müasir dünyaya uyğun şəkildə davam etdirməyi çox vacib hesab edirdi.

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.