Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan xalqının tolerantlıq mədəniyyətini və multikultural dəyərlərini bütün dünyada yaymaq, tanıtmaq üçün ən yaxşı platformalardan biridir. Belə tədbirlər təkcə Azərbaycan mədəniyyətini təmsil etməklə kifayətlənmir, həm də dünyanın müxtəlif xalqları ilə mədəniyyətlərarası dialoqun yeni formalarını yaradır.
Bu fikri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli AZƏRTAC-a müsahibəsində deyib. Qeyd edib ki, mədəniyyətlərarası dialoqun formalaşmasında ədəbi əlaqələrin mühüm rolu var. Təsadüfi deyil ki, üç il əvvəl Ədəbiyyat İnstitutunda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi yaradılıb. Məhz bu şöbənin yaranması ilə Çin, Pakistan, hind, yapon, əfqan, İndoneziya, Koreya ədəbiyyatı və mədəniyyəti öyrənilir. Şöbədə keçirilən seminar və tədbirlərə müvafiq ölkələrin səfirlərinin və əməkdaşlarının qatılması bu sahədə əməkdaşlığın qarşılıqlı olduğunu göstərir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Hindistanın Cavahirləl Nehru Universitetinin türkologiya kafedrasının müdiri Xous Xan Ədəbiyyat İnstitutuna gələrək şöbənin əməkdaşları qarşısında məruzə ilə çıxış edib. O, Azərbaycanda Asiya xalqlarının, o cümlədən hind ədəbiyyatı və mədəniyyətinin araşdırılmasını, ölkəmizin multikultural dəyərlərini, bu cür forumların təşkilini yüksək qiymətləndirib.
Professor Bədirxan Əhmədli vurğulayıb ki, dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasəti kontekstində Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşları həm bu xalqların ədəbiyyatını öyrənir, həm də Azərbaycan mədəniyyətini həmin ölkələrdə təbliğ edirlər.
|