Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Vladimir Nabokovun ingilisdilli ikinci böyük əsəri 1947-ci ildə yazdığı “Bend Sinister” – “Haram damğası” romanıdır. İlk baxışda siyasi problemlərin önə çıxdığı əsəri siyasi-ictimai mövzulu bir roman kimi qəbul etmək şərti xarakter daşıyır. Romanda da əsas məsələ qəhrəmanın xarakteri, fikirləri, hissləri, metofizik düşüncələri, bütün bunları əsərdə ifadə etmək üçün istifadə olunan forma və üsullardır. Yazıçının məqsədi siyasi və ya sosial-ictimai mövzulu bir roman yazmaq olmamışdır. V.Nabokov Sovet Rusiyasının və faşist Almaniyasının siyasi təqiblərini yaşayan bir yazıçı olmuşdur. Həmin siyasi münaqişələr, çevrilişlər yazıçıda nəinki sözügedən mövzunu işləməyə maraq oyatmış, əksinə, V.Nabokov siyasəti qeyri-ciddi hesab edərək, ona ironik tərzdə yanaşmışdır. Bunu əsərdə siyasi çevrilişdən sonra hakimiyyətə gələn Raduk – Quruqurbağası obrazı da təsdiq edir. V.Nabokov özü əsər haqqında yazırdı: “Haram damğası” romanında bəhs edilən tarixi əcaib polis hakimiyyətinin meydana çıxması və ölü-münün tarixi kimi qəbul etmək olmaz. Mənim qəhrəmanlarım “tip” deyil və onlardan heç biri bu və ya digər “ideya”nın daşıyıcıları deyillər”. Yazıçı öz ədəbi istiqamətinə də diqqət yetirir: “Bu müqəddimədə məqsəd “Haram damğası”nin “ciddi ədəbiyyata” aid olub yaxud olmadı-ğını göstərmək deyil. Mən heç vaxt, belə desək, sosial mənalı ədəbiyyata (jurnalist və ticari jarqonda “böyük kitablar”) maraq hiss etməmişəm. Mən “səmimi”, “arsız”, “satirik” müəlliflərə aid deyiləm. Mən nə didaktik, nə də alleqoristəm”. V.Nabokov yazıçıları dəyərləndirilməsinin standart prinsiplərini də qəbul etmir. Eyni prinsipi yazıçının bir çox əsərilərində müşahidə etdiyimiz üçün bu cəhət V.Nabokovun yaradıcılıq manerası kimi qiymətləndirilə bilər. V.Nabokovun əsərlərində daim gizli qalan tərəflər mövcuddur, həmin keyfiyyətlər isə yazıçının qəhrəmanlarına bir yalnızlık xarakteri verir. V.Nabokov maska arxasındakı həqiqətləri ifadə edir, yaxud da gerçəkliklərin üzərinə özünəməxsus bir maska taxır.
“Haram damğası” əsəri qəhrəmanı Kruqun ağrıları, əzabları üzərində qurulmuşdur. Digər bütün ictimai, sosial, siyasi məsələlər romanın Kruqun oğlu Davidə münasibəti fonunda arxa planda qalır. Kitabın ön sözündə yazıçı özü bu barədə yazırdı: “Haram damğasının” əsas mövzusu Kruqun sevən qəlbinin döyüntüsü, ona əziyyət verən şəfqət həyacanının əzabıdır, məhz David və onun atasına həsr olunmuş sətirlərə görə bu kitab yazılmış və onlara görə də onu oxumağa dəyər”.
Əsərin süjeti həyat yoldaşını yenicə itirmiş professor Kruqun siyasi çevriliş baş vermiş və siyasi təqiblərin gücləndiyi bir ölkədə müxtəlif problemlərlə qarşılaşması, azyaşlı oğlunu həmin çirkablardan xilas etməyə çalışması və sonda isə onu itirməsindən bəhs edən hadisələr əsasında qurulmuşdur. Müəllifin təhkiyyəsi əsasında öyrənirik ki, Adam Kruq cəmiyyətdə kifayət qədər mövqeyi olan bir professordur, 40-dan bir qədər çox yaşı olan ağırgövdəli insan qəribəlikləri ilə diqqət çəkən şahmatçı, yaxud da öz dünyasına qapanmış bəstəkar təəssüratı doğurur. Universitet kollektivi arasında ağılı, məntiqi, nüfuzu ilə seçilən Kruq həm də siyasi çevrilişdən sonra hakimiyyət başına gəlmiş, məktəb illərindən Quruqurbağası ləğəbi ilə tanınan Padukun məktəb yoldaşıdır. Bu vəziyyət hakimiyyətini möhkəmləndirməyə çalışan prezidentin və eləcə də universitetin bağlanmasını əngəlləmək və mövqelərini saxlamaq istəyən rektor və müəllim heyətinin Kruqa xilasedici bir qüvvə kimi baxmalarına və ondan istifadə etmək cəhdlərinə səbəb olmuşdur. Əsər boyu hər iki tərəfin müxtəlif yollarla Kruqa təsir, təzyiq etdiklərinin şahidi olsaq da, professor öz məntiqi və prinsiplərindən kənara çıxmır, ətrafda baş verən bütün siyasi məsələlərə qarşı soyuqqanlı, laqeyd münasibətini ifadə edərək yenicə itirmiş həyat yoldaşının kədəri və oğlunu bütün söylənilən problemlərdən uzaqlaşdırmaq istəyi ilə yaşayır.
Yazıçı dövrün siyasi mənzərəsini təsvir etmədiyini söyləsə də, bəzi şərti məsələləri də nəzərdən qaçırmamaq lazımdır. V.Nabokov əsərə yazdığı ön sözdə həmin cəhəti aydın şəkildə ifadə edir: “Uyğun olaraq, dövrümün mənim bu kitabıma təsiri, kitablarımın, yaxud ən azı bu kitabın mənim dövrümə təsiri qədər inkar ediləcək səviyyədə azdır. Şübhə yoxdur ki, bəzi mə-sələlər bilavasitə bizim hamımıza məlum olan və bütün həyatım boyu ayaqlarıma dolaşan axmaq və bədbəxt rejimlər - zülm və özbaşınalıq, faşist və bolşeviklərin... əksi kimi görünür”. Yazıçı ona da şübhə etmir ki, həmin rəzil modellər olmasaydı, öz fantaziyasını Leninin nitqləri, sovet konstitutsiyası, nasist saxtakar cəldliyinin hissəcikləri ilə bəzəyə bilməzdi. Geniş mənada isə V.Nabokov siyasi və ictimai problemlərə qarşı modernist mövqeyini ifadə edirdi: “Siyasət və iqtisadiyyat, atom bombaları, incəsənətin primitiv və abstrakt formaları, Sovet Rusiyasında yaxınlaşma işarələri, Gələcək İnsanlıq və digərləri məni yüksək səviyyədə maraqlandırmır”.
Adam Kruq da cəmiyyətə və siyasi hakimiyyətə həmin cəhətlərə uyğun şəkildə yanaşır. Əvvəlcə universitetin rektoru Azureus çalışdıqları ali məktəbi yenidən fəaliyyətə gətirmək və yeni hakimiyyətdəki mövqeyini bərpa etmək üçün hazırladıqları məktubu Kruqa imzalatdıraraq keçmiş məktəb yoldaşına – ölkə prezidentinə verməsinə nail olmağa çalışırlar. Azureus öz nitqində söyləyir: “Burada bizim aramızda bir insan mövcuddur... dahi insan, icazə verin, əlavə edim ki, xoşbəxt təsadüfdən bizim dövləti idarə edən digər dahi insanın keçmiş məktəb yoldaşı”. Rektor və əksər universitet müəllimlərinin rejimin adını belə çəkməkdən qorxduqları prezidentini Kruq çox laqeyd şəkildə məktəb illərində olduğu kimi Quruqurbağası ləqəbi ilə çağırır.
Dövlət başçısına qarşı müəllif parodiyasını göstərən cəhətlərdən biri də onu Adam Kruqla müqayisədə təsvir etməsi, hətta böyüdükləri ailə və məktəb illərindəki cizgiləri ilə nəzərdən keçirməsidir: “Kruqun atası ciddi mövqeyə malik bioloq idi. Padukun atası xırda ixtiraçı, vegeterian, teosofist, ucuz hind müdrikliyinin böyük bilicisi olmuşdur; bir zamanlar o nəşriyyat işi ilə məşğul olmuş, əsas etibarilə, ağılsız və uğursuz siyasi xadimlərin əsərlərini çap etdirmişdir”. Müəllif “Quruqurbağası” təxəllüsünə açıqlıq gətirir: “Məlum deyil ki, “Qu-ruqurbağası” ləqəbi hardan götürülüb, çünki onun üzündə bu heyvanı xatırladan heç nə yox idi. Qəribə üzü var idi – bütün cizgiləri yerində idi, lakin nə isə anlaşılmaz, anormal cizgiləri var idi, sanki oğlanı plastik əməliyyata məruz qoymuşdular...”. Müəllifə görə, o heç zaman gül-mür, asqıranda da səssiz asqırır və üzünün cizgilərini belə dəyişmirdi. Bütün bunlar siyasi çevriliş nəticəsində hakimiyyət başına gəlmiş prezidentin cəmiyyətin təlabatlarından doğan təbii bir prosesin deyil, qurama, saxtakar, maska arxasında gizlənmiş bir dövlətin başçısı olduğunu ifadə etməyə xidmət göstərir. Padukun radio vasitəsilə əhaliyə çıxışını əks etdirən sözlər də yazıçının kinayəsi ilə örtülmüşdür, burada bolşeviklərin “bərabərlik” ideyasına yazıçı-nın kinayəli münasibəti hiss olunmaqdadır.
Romanın yazıçı kinayəsini ifadə edən ən maraqlı hissələrindən biri də Kruq və Padukun qarşılaşdırılması səhnəsidir. V.Nabokovun yaradıcılığı üçün nəsrin təhkiyyəsi içərisində sanki kiçik teatr səhnəsini yerləşdirməsi xüsusiyyəti çox xarakterikdir. Kruq ilə Padukun dialoqunu söhbətə müdaxilə edən, eyni məqsədə yönəldilən telefon zəngləri və məktubların izləməsi özünəməxsus bir kompozisiya yaratmışdır.
Prezident Padukun keçmiş məktəb yoldaşını dövlətin mənafeyi naminə çıxış etmək və hakimiyyətin tərəfdarı olmağa razılaşdırmaq üçün qəbul etdiyi zaman onun filosof ilə fikir mübadiləsi etməsinin zəifliyini göstərən əlamətlər kimi məhz telefon zənglərindən və məktublardan istifadə edilmişdir. Sözügedən vasitələr Kruqa tez-tez söhbət etdiyi şəxsin ölkə başçısı olduğunu xatırladır və professora söz və davranışlarında bunu nəzərə almağı tövsiyyə edirdi. Əslində, həmin “tövsiyyələr” qeyri-qanunu doğulmuş hakimiyyətin şantaj üsullarını da göstərirdi. Söhbət zamanı təqdim edilən məktublardan birində yazılır: “Professor, orada yazılmışdır, - Sizin rəftarınız hələ də düzgün deyil. Onu diqqətə almalısız ki, sizin iki tərəfi birləşdirən məktəb xatirələrinin dar və kövrək körpücüyünə baxmayaraq, dərinliyində onları böyüklük və hakimiyyət uçurumu ayırır ki, hətta dahi filosof (Məhz Siz beləsiniz, - bəli, ser!) belə onu dəyişmək ixtiyarına sahib deyil...”
Kruq müxtəlif təqiblərə məruz qalır. Onun yaxın dostlarından dördü həbs edilir. Kruqun Paduka verdiyi “Hər şeydən əvvəl mən bilmək istəyirəm ki, mənim dostlarımdan dördü niyə həbs olunub? Mənim ətrafımda vakuum yaratmaq üçünmü? Məni boşluqda titrək qoymaq üçünmü?” sualına prezident “sənin yeganə dostun dövlətdir” deyə cavab verir”. Məhz bu kontekstdə romanın qəhrəmanları biri digərindən əsaslı sürətdə fərqlənir. Kruq şəxsiyyəti, Paduk isə “kollektiv bərabərlik” ideyasını zorla cəmiyyətə aşılamağa çalışan hakimiyyəti təmsil edir.
Lakin “dövlət bütün ölümlülərdən əhəmiyyətli və müdrikdir” siyasətini əsas götürən hakimiyyət, “köhnə tiran, yaxud ölkənin prezidenti, yaxud kim idisə - bir sözlə Paduk adlı insan, digər sözlə Quruqurbağası” Kruqa “Həyatın Dinamik Obraz”ında fəal iştirak etmək üçün dövlətin mənafeyinə uyğun hazırladıqları çıxışı səsləndirməyi, onun müqabilində isə universitet rektoru olmaq, mükafatlar təklif edir. Hadislərin gedişi oğlunu qorumaq naminə Kruqun ölkədən qaçmaq qərarına gəlməsinə səbəb olur. Romanın sözügedən xətti qəhrəmanın əsas səciyyəsinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əsərin əvvəlində həyat yoldaşının xəstəxanada əməliyyat zamanı öldüyü təsvir edildikdən sonra Kruqun ilk qayğısı müəyyən müddət bu kədərli hadisədən səkkiz yaşlı oğlu Davidi xəbərsiz saxlamaq olur.
Kruq hətta dəfn mərasimində iştirak etməyərək oğlunu kəndə aparır. Professor oğlunun mənəvi dünyasını ətrafdakı çirkablardan qorumağa çalışır. Küçəni keçdikləri zaman bir maşının etinasızca yoldakı toyuğu vurub ötməsindən həyacanlanan Kruq həmin səhnəni oğlundan gizlətməyə çalışır: “Kruq dizlərinin zəiflədiyini hiss edərək, Davidi tələsdirdi ki, ölən toyuğu görməsin”.
Kruqun oğluna münasibəti və romanın ən dramatik hissəsi professorun həbs olunduğu zaman hər şeydən öncə öz övladı üçün keçirdiyi narahat hisslərin təsviri ilə bağlıdır. Romandan mə¬lum olur ki, Kruq prezidentin təkliflərinə razılaşmadığı və siyasi təqiblərdən xilas ola bilmədiyi üçün ölkədən qaçmaq qərarına gəlir. Əsərin hələ əvvəllərindən Maksimov vasitəsilə yazıçı ölkədən qaçmağın son əlac olduğuna diqqəti çəkmişdir: “Xahiş edirəm, Adam, beyninizi işlədin: nə bu gün, nə sabah – heç vaxt Paduk sizi xaricə buraxmayacaq. Lakin indi siz hələ qaça bilərsiz, necə ki, Berenç, Marbel və digərləri qaçdılar; sabah bu artıq mümkün olmayacaq...”. Əslində, belə də olur.
Padukun şərtlərinə razılaşmadıqdan sonra Adam Kruq yeganə çıxış yolunu ölkədən qaçmaqda görür. Qaçmaq ideyası, ona hazırlıq qəhrəmanın daxili sarsıntıları və həyacanları ilə müşayət olunur: “O, həyacan, inamsızlıq, təlaş hiss edirdi. Padukqraddan xaricə qaçmaq fürsəti ona keçmişə qayıtmaq kimi görünürdü, çünki keçmişdə onun ölkəsi azad olmuşdur. Əgər məkan və zaman vəhdətdədirsə, qaçış və qayıdış qarşılıqlı şəkildə bir-birini əvəz edir”. Yazıçı keçmiş və qaçacağı ölkə, şərti olaraq, xaric arasında çox maraqlı paralellər aparır, zaman və məkanı keyfiyyətə görə dəyərləndirir və eyniləşdirir. Sözügedən keyfiyyət isə “onun oğlunun təhlükəsizlikdə, sülh şəraitində böyüyəcəyi” azadlığıdır. Oğlu Davidin rifahı naminə Kruq ölkədən qaçmaq üçün keçiləcək ən çətin yolları ram etməyə belə hazır olduğunu qətiyyətlə bildirir. Oğlunu mənəvi-psixoloji baxımdan çətinliklərə hazırlamaq üçün isə hər gecə ona ardıcıl olaraq səyahət haqqında düşündüyü povesti danışır. Lakin siyasi təqiblər Kruqun planlarını gerçəkləşdirməyə mane olur, oğlunun yeni dayəsi timsalında evinə belə daxil olan güc hakimiyyəti Adam Kruqu həbs edir.
Dörd il həbsxanada qaldıqdan sonra oğlu ilə qovuşmaq şərtilə hökumətin istəyinə razılıq verəcəyini deyən Kruq bu dəfə onu əbədi olaraq itirir. David saxlanıldığı uşaq sanatoriyasında atası ora yetişmədən öncə ölür.
Siyası təzyiqlər davam etdirilərək Adam Kruq imzası iyirmi dörd insanın, o cümlədən, filosofun dörd yaxın dostunun ölümünə qarşı qoyulur: “İyirmi dörd insanın həyatı sənin əlindədir. Sən “yox” dedin onlar da yoxdur, sən “hə” dedin, onlar da yaşayacaq. Düşün, necə ecaskar hakimiyyətdir! Sən imza qoyacaqsan və iyirmi iki kişi və onlarla iki qadın günəş işığına çıxır. Bu sənin son şansındır”.
Romanın son səhifələri V.Nabokovun metafizik düşüncələrinin ifadəsi baxımından çox əhəmiyyət kəsb edərək əsərin daxili məntiqini tamamlayır. Adam Kruq həm Paduk, həm də həbs olunmuş dostları ilə görüşmək məcburiyyətində qalır. Dostları onun fikrinə təsir etmək niyyətində olmadıqlarını, bununla belə yaşamaq istədiklərini və xüsusilə aralarında qadınların da olduğunu xatırlatsalar da, Kruq sonda onlara “Nədən qorxursunuz? Bütün bunların nə önəmi var? Gülməlidir!” cavabını verir. Bütün bunlar Kruqun hər hansı bir siyasi ideya uğrundakı fədakarlığı deyil, həyat və ölüm haqqındakı metafizik düşüncəsi ilə bağlı idi: “... onun həyatındakı ən son qaçış tamamilə xoşbəxt idi və o təsdiq etdi ki, ölüm – bu yalnız üslub məsələsidir”. Kruqa görə, ölüm daxili və xaricinin kəsişdiyi nöqtədir. Xarici dedikdə Kruq məkanı, zamanı, materiyanı, xarici dərkedilməzliyi, daxili dedikdə isə həyatı, təfəkkürü, sevgini, daxili dərkedilməzliyi nəzərdə tuturdu. Onların kəsişdiyi nöqtə isə ölümü ifadə edir, odur ki, müəllif ölümə son kimi deyil, üslub dəyişkənliyi şəkildə yanaşırdı.
Adam Kruq saxta prezidentə, gücə arxalanan hakimiyyətə, mövqeyini xilas etməyə çalışan universitet heyətinə, hətta həbsxanada həyatlarının xilası onun əlində olan məhbuslara belə istehza edir. Çünki oğlunun ölümü ona əsl həyatın və ölümün mahiyyətini açmağa kömək edir.
Avanqard.net
|