Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19

Son illərdə Azərbaycanla Qazaxıstan arasında elmi-ədəbi əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Qarşılıqlı olaraq müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlar keçirilir, fundamental elmi əsərlər, ədəbi nümunələr tərcümə olunaraq yayılır. Bakıda, Nursultanda, Almatıda müxtəlif mövzularda keçirilmiş çoxsaylı beynəlxalq tədbirləri, sərgiləri, kitab təqdimatlarını buna misal göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra aparıcı institutları ilə Qazaxıstanın elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdirilir.

Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının (BTA) fəaliyyəti daha əhatəli şəkildə aparılır ki, bu da təkcə Azərbaycan və qazax xalqlarının deyil, bütövlükdə türk dünyası ölkələri arasında ədəbi-elmi əlaqələri ardıcıllıqla davam etdirir. BTA-nın son illərdə məsələyə ümumtürk konstekstindən yanaşaraq başladığı irimiqyaslı layihələr geniş coğrafi əhatə dairəsi ilə seçilir. Ortaq türk dili, ədəbiyyatı, tarixi və başqa istiqamətlərdə bir sıra dərsliklərin hazırlanmasını, multimedia resurslarının meydana gəlməsini, elm, ədəbiyyat sahəsində kütləvi nəşrlərin işıq üzü görməsini BTA-nın son illərdə həyata keçirdiyi möhtəşəm layihələr sırasına aid etmək olar. Beynəlxalq Türk Akademiyası tərəfindən ayrı-ayrı türk xalqlarının ədəbiyyatlarını ümumiləşdirən antologiyaların hazırlanmasına start verilməsi isə daha böyük əhəmiyyət kəsb edir ki, bunu da həmin qohum xalqların ədəbi əlaqələrinin böyük coğrafi məkanda davam etdirilməsinin inkişaf göstəricilərindən biri kimi səciyyələndirmək olar.

Beynəlxalq Türk Akademiyasının ideyası və təşkilatçılığı ilə "Türk xalqları ədəbiyyatı" seriyasından ilk olaraq qazax dilində "Azərbaycan ədəbiyyatı antologiyası" nəşr olunmuşdur. Bu yaxınlarda Qazaxıstanın paytaxtı Nursultan şəhərində çapdan çıxmış, yüksəkixtisaslı mütəxəssislər tərəfindən hazırlanmış bu kitab qazax xalqına Azərbaycan ədəbiyyatı, onun klassikləri və müasirləri, görkəmli şair və yazıçıların yaradıcılığı haqqında mükəmməl və ətraflı məlumat verir.

Kitab Beynəlxalq Türk Akademiyasının prezidenti, Qazaxıstan MEA-nın müxbir üzvü Darxan Kıdırəlinin qələmə aldığı giriş sözü ilə açılır. Azərbaycan xalqının türk xalqları arasında bədii yaradıcılığa meyli ilə xüsusi seçildiyini, orta əsrlərədək türkdilli ortaq yazılı və şifahi ədəbiyyatımızın formalaşmasına əvəzsiz töhfələr verdiyini qeyd edən professor Darxan Kıdırəli giriş sözündə Azərbaycanın dünya şöhrətli klassiklərinin əsərlərinin bütün bəşəriyyətin dəyərinə çevrildiyini xüsusi vurğulayır. Bu ədəbiyyatın özünəməxsus təsirli bədii təsvir və ifadə vasitələrilə yüksək bəşəri düşüncə sayəsində fars və ərəbdilli ədəbiyyatın zənginləşməsində, Azərbaycan türkcəsində dolğun və əsrarəngiz ədəbi nümunələrin meydana çıxmasında, türkçülüyün bədii inikasının yaradılmasında hikmətli və fəlsəfi poeziya, təkrarsız dramaturgiya əsərləri ilə milli şüurun intibahına xidmət göstərdiyini bildirən yazı müəllifi haqlı olaraq "Azərbaycan ədəbiyyatı antologiyası"nın qardaş Azərbaycan xalqını daha yaxından tanımağa, onun mənəvi zənginliyini öyrənməyə şərait yaradacağına əminliyini ifadə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli antologiyaya "Azərbaycan ədəbiyyatı: çoxəsrlik zəngin ədəbi ənənə və müasirlik" adlı geniş həcmli ön söz yazmışdır. Məqalədə yarandığı qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yoluna ardıcıllıqla və ətraflı nəzər salınır. Akademik İsa Həbibbəyli Azərbaycan ərazisindəki qədim qayaüstü rəsmləri milli bədii təfəkkürün ilk təsviri nümunələri kimi xarakterizə edərək yazır: "Qobustan və Gəmiqaya rəsmlərindəki poetik baxış, süjet, silsilə və motivlər Azərbaycanda xalq yaddaşının ilkin bədii ifadəsidir. Əgər Qobustanda və ya Gəmiqayadakı təsvirləri eyni mövzular, oxşar süjetlər üzrə yan-yana düzsək, oxuyub bütövləşdirə bilsək, bir neçə dastanın mətni alına bilər. Qobustan və Gəmiqaya Azərbaycan şifahi xalq ədəbiyyatının daş kitablarıdır".

Şifahi xalq yaradıcılığı nümunələrindən xalqın bədii təfəkkür yaddaşı kimi söz açan akademik İsa Həbibbəyli azərbaycanlıların qədim əcdadları olan oğuz türklərinin həyat tərzini, dünyagörüşünü və taleyini əks etdirən möhtəşəm ədəbi abidə "Dədə Qorqud" dastanı, həmçinin, xalqın vətənpərvərlik və qəhrəmanlıq duyğularını, bununla bağlı müxtəlif motivləri özündə əks etdirən "Koroğlu" eposu haqqında fikirlərini bölüşür. Məqalədə ümumtürk ədəbiyyatının bir qolu olan Azərbaycan bədii söz sənətinin bəşəri duyğularla köklənmiş bədii yaradıcılıq nümunələri ilə yanaşı, öz mənbəyini qədim dövrlərdən alaraq orta əsrlər, intibah dövrü, romantizm, realizm mərhələsi, sovet epoxası və müstəqillik dövrünün bədii söz sahibləri haqqında məlumat verilir, şair və yazıçıların əsərlərindən misallar göstərilməklə ön söz müəllifinin ədəbiyyatşünaslıq elmi üzrə səlis və mükəmməl qənaətləri sadalanır. Ön sözdə min illik tarixi bir dövrdə Azərbaycan ədəbiyyatının keçiyi yol bütün mərhələlər və dövrlər üzrə ardıcıllıqla, bəhs olunan dövrün qüdrətli ədəbi şəxsiyyətləri olan görkəmli yaradıcı simaları, müxtəlif istiqamətli yaradıcılıq xətləri akademik araşdırma ilə müfəssəl olaraq öz yerini tutur. "Bütün inkişaf mərhələlərində Azərbaycan xalqının böyük dayağı və əsas hərəkətverici qüvvəsi olmuş" (İsa Həbibbəyli) çoxəsrlik Azərbaycan ədəbiyyatının rəngarəng mənzərəsini yaradan antologiyanın Qazaxıstanda nəşr olunmasını Beynəlxalq Türk Akademiyasının türk dünyası ədəbiyyatını tanıtmaq və inkişaf etdirmək yollarında atdığı əhəmiyyətli addımlardan biri olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatı antologiyası"nı xalqımızın davamlı ənənələrə malik olan böyük ədəbiyyatının mükəmməl bir ədəbi təqdimatı kimi səciyyələndirir. Ümumiyyətlə, akademik İsa Həbibbəylinin kitaba yazdığı iri həcmli ön söz bütün əsas mərhələləri ilə Azərbaycan ədəbiyyatı, onun tarixi inkişaf yolu, yaradıcıları və davamçılarını tam və hərtərəfli əhatə edən tamamlanmış mükəmməl konspektdir ki, bu da milli ədəbiyyatımızın heç bir vacib elementin diqqətdən kənarda qalmadığı real mənzərəsini yaradır.

Kitab Nizami Gəncəvinin "Leyli və Məcnun", həmçinin, "Yeddi gözəl" poemalarının böyük bir hissələrinin təqdimatı ilə açılır. Sonra İmadəddin Nəsiminin qəzəli, Şah İsmayıl Xətainin şeirləri, Məhəmməd Füzulinin qəzəl və rübailəri, Molla Pənah Vaqifin qoşmaları, Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib", "Hacı Qara" əsərləri, Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası, "Poçt qutusu" hekayəsi, Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" hekayəsi verilir. Daha sonra oxuculara Mirzə Ələkbər Sabirin "Millət necə tarac olur-olsun...", "Bizə nə" şeirləri, Hüseyn Cavidin, Əhməd Cavadın, Cəfər Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə İbrahimovun poeziya nümunələri və nəsr əsərlərindən parçalar təqdim olunur. Qazax oxucuları antologiyada həmçinin, Mir Cəlalın "Göz yaşı romanı", Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması və şeiri, eləcə də Məmməd Arazın "Ayağa dur, Azərbaycan" və "Mənim elim" şeirləri ilə də tanış olmaq imkanı qazanırlar.

Nursultan şəhərinin "Elm" nəşriyyatında qazax dilində nəşr olunmuş "Azərbaycan ədəbiyyatı antologiyası"nın beynəlxalq redaksiya heyəti Darxan Kıdırəli (Qazaxıstan), İsa Həbibbəyli (Azərbaycan), Kenyexan Matıjanov (Qazaxıstan), Abdıldajan Akmataliyev (Qırğızıstan), Nasimxon Raxmonov (Özbəkistan), Firdaus Xisamitdinova (Rusiya, Başkortostan) və Kim Minnullin kimi türk dünyasının nüfuzlu alimlərindən (Rusiya, Tatarıstan) ibarətdir.

Antologiyada toplanmış tərcümeyi-hal məlumatları və müəlliflərin bədii əsərləri Kasım Amanjolov, Ulıkbek Esdəulet, Kədirbek Kunıpiyaulı, Aynur Maemerova, Amantay Şərip, Füzuli Məcidli, Akedil Toyşanulı, Amantay Şərip, Jandos Bədelulı və başqalarından ibarət təcrübəli alim-tədqiqatçılar qrupu tərəfindən yüksək peşəkarlıqla tərcümə edilmiş, BTA əməkdaşlarının iştirakı ilə yaradıcılıqla tərtib olunmuşdur.

Böyük mütəfəkkirlər İmadəddin Nəsiminin və Cəlil Məmmədquluzadənin yubileylərinin beynəlxalq miqyasda bütün türk dünyasında qeyd olunduğu bir ərəfədə işıq üzü görmüş bu kitab əlamətdar tarixlər üçün qiymətli töhfədir. İnanırıq ki, 30 çap vərəqi həcmində 1000 nüsxədə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı antologiyası" müntəxəbat xarakterli dəyərli ensiklopedik məlumat toplusu olaraq qardaş qazax oxucuları arasında xüsusi dəyərə malik yer tutacaqdır.

Ağahüseyn ŞÜKÜROV
filologiya üzrə fəlsəfə doktoru
/525.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.