Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə jurnalistika fakültəsində Füyuzat Mərkəzinin açılış mərasimi olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) birgə layihəsi əsasında qurulan Füyuzat Mərkəzinin tələbə və müəllimlər üçün yaradacağı imkanlardan danışıb. Gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinin, ictimai fəallığının artırılmasının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan A.Kazımzadə tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün belə mərkəzlərin yaradılmasının əhəmiyyətini qeyd edib.
Füyuzat Mərkəzinin əsas məqsədinin xalqımızın milli-mənəvi dəyərlərini, irsini, mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərmək olduğunu deyən A.Kazımzadə qurumun Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
“Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru, professor Teymur Əhmədov mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırıb. Bildirilib ki, mərkəz, eyni zamanda, BDU-nun tələbə və magistrantlarının MİMTA-da təcrübə keçməsi və işə cəlb olunması məsələlərini diqqətdə saxlayacaq.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov mərkəzin fond üçün önəmi və qarşıda duran vəzifələri haqqında fikirlərini bölüşüb.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev mərkəzin tələbələrin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, Füyuzat Mərkəzinin fəaliyyət planında Azərbaycan mətbuatı tarixinin öyrənilməsi, maarifləndirici tədbirlərin, BDU müəllimlərinin mühazirələrinin təşkili, MİMTA Fondu əməkdaşlarının müxtəlif mövzular üzrə təlimlərinin keçirilməsi nəzərdə tutulur.
Mərkəzin əlaqələndiricisi Afaq Sadıqova mərkəzdə onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsinin də yer alacağına diqqət çəkib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şərqşünas alim Allahşükür Qurbanov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və digər çıxış edənlər Füyuzat Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıblar.
Qeyd edək ki, MİMTA Fondu və BDU-nun anlaşma layihəsi əsasında təşkil olunmuş mərkəzin qurulmasına 2017-ci ildə - “Füyuzat” jurnalının 110 illiyi ərəfəsində başlanılıb.
|