“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas informasiya təminatçısı Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).
Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, görkəmli ədib, şair və mütəfəkkirlərin əsərlərinin hər iki xalqın dilinə tərcümə olunaraq yayılmasının münasibətlərimizin daha da inkişafına xidmət etdiyini bildirib.
Kitabın tərcümə və nəşrini həyata keçirən “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzinin sədri Şəfəq Yusifova Mir Cəlal Paşayev yaradıcılığından söz açıb. Bildirib ki, kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd yerli oxucuları ədibin yaradıcılığı ilə tanış etməkdir.
Şəfəq Yusifova kitabın Gürcüstanda maraqla qarşılanacağına və gürcü oxucular tərəfindən çox seviləcəyinə ümidvar olduğunu vurğulayıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələrin inkişafına kömək etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında görkəmli ədibin əsərinin onun ad günü ərəfəsində gürcü oxucuları üçün tərcümə edilməsini tarixi hadisə adlandırıb. Bildirib ki, bu cür tədbirlər, təkcə mədəniyyət sahəsində deyil, bütün istiqamətlərdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Deputat Mahir Dərziyev Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bakıda ali təhsil aldığı dövrdə M.C.Paşayevdən ustad dərsləri aldığını bildirib.
“Georgian Times Holding”in prezidenti Malxaz Qulaşvili Mir Cəlal Paşayev haqqında məlumatlı olduğunu, onun əsərlərini maraqla oxuduğunu bildirib. Qeyd edib ki, zəngin dünyagörüşünə malik ədibin “Bir gəncin manifesti” povesti dərin məzmunu və oxunaqlığı ilə gürcü oxucuların xoşuna gələcək.
Digər çıxış edənlər “Bir gəncin manifesti” əsərinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirib, yeni kitabın Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər. Kitabın gürcü oxucularının Mir Cəlal Paşayevin yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradacağı xüsusi qeyd edilib.
Əsəri gürcü dilinə İmir Məmmədli tərcümə edib. Kitabın redaktoru Mirzə Məmmədoğludur. /Azərtac/
|