Üçlü formula yeni baxış
22.04.19

Bədirxan Əhmədlinin "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" kitabı haqqında qeydlər.

Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, professor Bədirxan Əhmədlinin yeni nəşr olunmuş "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" (Bakı, Elm və Təhsil, 2019) monoqrafiyası türkləşmək, müasirləşmək, islamlaşmaq kimi türk dünyasında iki əsrə yaxın bir mərhələdə müxtəlif fikir insanlarını düşündürən, mütəfəkkir şəxsiyyət və yazarların əsərlərində və dünyagörüşlərində irəli sürülmüş, müzakirə edilmiş və üçlü formul kimi formalaşmış vacib bir probleminin araşdırılmasına həsr olunmuşdur. Milli-mənəvi inkişaf tarixi, milli şüur və məfkürənin formalaşması və siyasi həyatda reallaşmasının əhəmiyyətli bir dövrünü əhatə edən kitabda müəllif sadəcə Azərbaycanda deyil, bütün türk dünyasında mövzu ilə bağlı məsələləri və şəxsiyyətlərinin fəaliyyətini tədqiqata cəlb etmişdir. Müəllif özü də kitabın "türk milli kimliyinin, ictimai şüurunun formalaşmasında davamlı, sistemli mücadilə aparan böyük düşünürlər - M.F.Axundzadə, Ə.Şüavi, C.Əfqani, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp və M.Ə.Rəsulzadənin əziz xatirəsinə ithaf olunduğunu" qeyd edir. Bu sözlərdən də göründüyü kimi, B.Əhmədli üçlü formulunun nəzəri və tarixi aspektlərini araşdırmaq üçün geniş çərçivəli bir araşdırma aparmışdır.

Kitabın əsas tədqiqat hədəfinin araşdırılmasının əhəmiyyəti, təbii ki, məlumdur. Lakin B.Əhmədlinin türkləşmək, müasirləşmək və islamlaşmağın tarixi-xronoloji, ilkin mənbələrə əsaslanaraq konseptual şəkildə, mövzunun reallığı və məntiqindən doğan sistematik formada araşdırması problemə yeni bir səciyyə vermiş, fərqli qənaətlərin ortaya çıxmasına səbəb olmuşdur. "Biz bu problemi nədən öyrənməliyik?" sualına müəllif elə əsərin ilk səhifələrindən aydınlıq gətirir: "Üçlü formulun türk milli şüurunun formalaşmasındakı və milli istiqlaliyyətinin qazanılmasındakı rolu ölçüyəgəlməzdir. Bu gün Azərbaycan Respublikasının bayrağında rəmzə çevrilməsi həm milli şüurun gəlişməsində, həm də müstəqilliyin təminatında əsas amillərdən biri olaraq çıxış edir". B.Əhmədli "Azərbaycan və Türkiyə ictimai-siyasi prosesində iki əsrə yaxın yol gələn və hər iki toplumun düşüncəsində, həyatında, nəhayət, dövlətçilik ideologiyasında mühüm yer tutan "türkləşmək, müasirləşmək, islamlaşmaq" üçlü formulunun bir ideoloji sistem olaraq formalaşmasından yüz ildən çox bir zaman keçir" deyə qeyd edir və bu çox əhəmiyyətli zaman kəsiyinin altı bölüm çərçivəsində mənzərəsini yaradır.

B.Əhmədli üçlü formulun nəzəri aspektlərini məsələnin qoyuluşu, yaranması, mahiyyəti və xarakteri kontekstində araşdırır. Müəllif obyektiv olaraq formulun təməl prinsiplərinin Türkiyədə daha çox müzakirələrə səbəb olduğunu, bu diskussiyaların sonradan Azərbaycana keçdiyini və ilk dəfə olaraq Cümhuriyyətin ideologiyasının ana xəttini təşkil etdiyini faktlara söykənərək əsaslandırır. Tədqiqatın fərqli cəhəti və yeni ruhu ondan ibarətdir ki, B.Əhmədli üçlü formulun şəriksiz müəllifliyini qəbul etmir, böyük və mühüm bir tarixi-ictimai dövrdə milli məfkürənin, ictimai və dini şüurun inkişafında rol oynamış aydınların fəaliyyətini kompleks olaraq diqqətə alır. Çünki müəllifə görə, bu formul birdən-birə, yaxud beş-üç günə ərsəyə gəlməyib, müəyyən zaman və mərhələ keçdikdən sonra bu şəklə düşmüşdür.

B.Əhmədliyə görə, üçlü formulun formalaşmasında zaman və sistem baxımından Ə.Hüseynzadənin mərkəzdə olduğunu nəzərə alsaq, ona qədər tridananın bu prinsipi yarım əsrdən çox yol gəlmişdi. Ona görə də kitabın "Avropanı təqlid-yeniləşmək-avropalaşmaq-müasirləşmək" adlı ikinci bölümündə müəllif ayrı-ayrılıqda M.F.Axundzadə, Əli Şüavi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp, M.Ə.Rəsulzadənin görüşlərində müasirləşmənin xüsusiyyətlərini araşdırır. Müəllif belə qərara gəlir ki, "Şərqdə yeniləşmə hərakatı bir neçə mərhələdən keçmişdir. Avropalaşma, sənayeləşmə və modernləşmə kimi mərhələnin hər biri müəyyən zaman almışdır. Azərbaycanda və Osmanlıda bu proses paralel olaraq getmişdir".

B.Əhmədli məsələyə o qədər diqqətli və dərindən yanaşır ki, üçlü formulun son şəklinə gələnə qədər keçdiyi mərhələrdə müxtəlif adlarda və semantikada işlənməsinin fərqli cəhətlərini də şərh edir. Bu baxımdan Ə.Hüseynzadəyə münasibətdə yazır: "Müasirləşmək xətti Ə.Hüseynzadə yaradıcılığında avropalaşmaq kimi ifadə olunmuşdur. O, "...firəng fikirli, Avropa qiyafətli fədai! İngilis, amerikan kimi tizrəftar, yeni yaponlar kimi kütahdamən fədai" kimi ifadə edir və müxtəlif məqalələrində tərəqqidə avropalaşmağı üstün tuturdu". Müəllif qeyd edir: "1915-ci ildə isə qərbləşmə ifadəsini müasirləşmə əvəz edir. Hələlik, müasirləşmə ifadəsinə ilk olaraq M.Ə.Rəsulzadənin "Tutacağımız yol" baş məqaləsində rast gəlirik". Bundan sonra müəllif tarixi həqiqətlərə sadiq qalaraq digər bir mənbəni də təqdim edir: "M.Ə.Rəsulzadədən üç il sonra isə Z.Göyalp "Türkləşmək, islamlaşmaq, müasirləşmək" kitabını  çap etdirir. Lakin onu da nəzərə almaq lazımdır ki, bu kitabda yer alan məqalələri yeddi il əvvəl "Türk yurdu" dərgisində dərc etdirmişdir. Bir qədər sonra isə bu formul bütün təfərrüatları ilə "Türkçülüyün əsasları" (1923) kitabında əhatə olunur". B.Əhmədli M.Ə.Rəsulzadənin ümumən türk dünyasına aid olan bu formulu Azərbaycan Cümhuriyyətinin bayrağının rəmzinə çevirdiyini və bununla da Şərqdə ilk demokratik quruluşun fəlsəfəsini müəyyən etdiyini əsaslandırır.

Üçlü formulun əsas komponetlərindən biri olan türkçülüyün şərhi kitabda daha geniş şəkildə öz əksini tapmışdır. Bu da problemin səciyyəsi ilə bağlıdır. Çünki müəllifin də qeyd etdiyi kimi, türkçülük triadanın ən çox müzakirə edilən məsələlələrindən biridir. B.Əhmədli yenə də məsələnin köklərinə enir və aydın şəkildə mövzunun tarixi və nəzəri aspektlərini izah edir, türkləşmənin keçdiyi tarixi mərhələni və son forma və mahiyyəti haqqında təsəvvür yaratmaq üçün müəllifin bu sözlərinə diqqət yetirmək lazımdır: "Türkləşmək" məfkurənin son halıdır, buna qədər isə bu təməl prinsip türk-türklük-türkçülük istiqamətində uzun bir inkişaf yolu keçib. Yəni bu gün ifadə etdiyimiz "türkləşmək" məfkurəsi əvvəlcə "türk", sonra "türklük", "türkçülük" kimi işlənmiş və nəhayət, məfkurə halına düşmüş, siyasi-ideoloji mahiyyət qazanmışdır. Aydın məsələdir ki, türk-türklük-türkçülük sözləri ilə türkləşmək məfkurəsi arasında yalnız semantika fərqliliyi yoxdur, həm də məfkurə müxtəlifliyi vardır. Təkcə bunu demək kifayətdir ki, "türkləşmək" 20-ci yüzilin əvvəllərində konsepsiya şəklinə düşsə də, buna qədər digər təməl prinsiplər kimi əlli ildən çox bir keçmişi var. Bu nədənlə də türkçülüyün inkişaf yolunu üç dövrə bölmək olar; elmi türkçülük, maarifçi türkçülük, siyasi türkçülük... Türkləşmək türkçülüyün son siyasi mərhələsidir". Müəllifə görə, üç təməl prinsipinin formalaşmasının son mərhələsində beş türkçünün - Ə.Şüavi, Y.Akçura, Ə.Hüseynzadə, Z.Göyalp və M.Ə.Rəsulzadənin ismi daha ön plana çıxır.

"Azərbaycanda türkçülüyün Ə.Hüseynzadə və onun baş mühərriri olduğu mətbuat orqanlarının adı ilə bağlıdır" deyən B.Əhmədli ona qədərki türk dünyasındakı aydınların faəliyyətinə də diqqət çəkir. Müəllifə görə, "Türkçülük bir siyasi düşüncə olaraq Türkiyədə 19-cu yüzilin 70-ci illərində yeni bir mərhələyə qədəm qoyur... Artıq Osmanlı sözü yerinə "türki", "lisani türki" sözləri sıx-sıx işlənməkdəydi. Şübhəsiz, bu dövrdə türklüyün, türkçülüyün bir fikir sistemi halında işlənilməsi və yerinin müəyyənləşməsində Əli Süavinin payı çox böyükdür. Dövrün bir çox aydınlarının türk, türkcə, türklük ilə bağlı çalışmaları və fikirləri olsa da, bu fikri sistemli şəkildə irəli sürən və müdafiə edənlərdən biri Ə.Süavi olur".

Üçlü formulun türkləşmək komponentindən danışarkən B.Əhmədli Z.Göyalp və M.Ə.Rəsulzadənin fəaliyyətinə böyük önəm vermişdir. Müəllifə görə, "ideya şəklində və elmi-tarixi cəhətdən ortaya atılmış türk, türklük, türkçülük və türkləşmək Z.Göyalp və M.Ə.Rəsulzadə yaradıcılığında məfkurə halına salınmışdır: "Türkçülük türk millətini yüksəltmək deməkdir", - deyən Z.Göyalp türkçülüyü mədəni, tarixi, sosioloji, siyasi, dini aspektlərdə təhlil edir, türklərin bütün sənət sahələrində görünən estetik-bədii xüsusiyyətlərin orijinallığını, özünəməxsusluğunu açır".

B.Əhmədli M.Ə.Rəsulzadənin türkçülük görüşlərini maarifçi türkçülük və siyasi türkçülük kimi iki hissəyə ayırmışdır. Müəllif 1915-ci ildə görkəmli ictimai xadimin dünyagörüşündə artıq üçlü formulun formalaşdığını da onun əsərindən gətirdiyi örnək əsasında təsdiq edir: "1915-ci ilə qədər onun dünyagörüşündə çoxdandır müzakirə obyekti olan formul artıq formalaşmalı idi ki, "Açıq söz" qəzetinin ilk sayında XX yüzili "milliyyət" əsri adlandıraraq "Tutacağımız yol" adlı baş məqaləsində xalqı "üç əsasa sarılmağa" çağırırdı: "Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor-mütləqa üç əsasa sarılmalıyız:

"Türkləşmək, islamlaşmaq və müasirləşmək" (Seçmə M.Ə.Rə-sulzadənindir - B.Ə.) (M.Ə.Rəsulzadə, 1915, №1)".

Kitabda islam-islam milləti-islam birliyi-islamçılıq-islamlaşmaq məsələsi də ayrıca fəsildə öyrənilmişdir. B.Əhmədli bu komponentin tarixini də XIX əsrin ortalarından başladığını diqqətə yetirir. Ə.Şüavi, C.Əfqani, Y.Akçura, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, H.Vəzirov, Z.Göyalp, M.Ə.Rəsulzadənin görüşlərində islamlaşmaq məsələsi ayrı-ayrı bölmələrdə tədqiqata cəlb olunmuşdur.

B.Əhmədli kitabda üçlü formulun formalaşması, onu doğuran tarixi-ictimai zəmin, milli şüurun səviyyəsi, yerli və dünyada gedən proseslərin təsiri, ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti və əsərlərində irəli sürdükləri məsələləri bu formulun hər üç komponentinin tədqiqi və ümumi şəkildə ideyadan nəzəriyyəyə - formula doğru kontekstində nəzərdən keçirir. Tədqiqat prosesində müəllif türk dünyasını hədəf alır, çünki bu məsələnin doğru şərhini və obyektiv nəticələrin əldə olunmasının mümkünlüyünü məhz bu çərçivədə düzgün hesab edir. Üçlü formul türk dünyasını yaxınlaşdıran, fərqli coğrafiya və siyasi həyatın hökm sürməsinə baxmayaraq, ideyada, milli məfkurədə birləşdirən, gələcək perspektivlərini hazırlayan bir sistem olmuşdur: "Beləliklə, M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Şinasi, Ziya Paşa, Əhməd Vefiq Paşa, H.Zərdabi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqalarının yaradıcılığında əlli ilə qədər müxtəlif mərhələlərdən (elmi, maarifçi, nəzəri, ictimai, siyasi) keçərək yol gələn üçlü düstur Z.Göyalp, M.Ə.Rəsulzadə ilə son məfkurəvi formalaşma mərhələsinə keçmişdir. Z.Göyalp Türkiyədə, M.Ə.Rəsulzadə Azərbaycanda üçlü düsturu formalaşdırmağa, ona ictimai, siyasi məzmun verməyə müvəffəq olmuşlar. Ayrıca üçlü düsturun Azərbaycan Cümhuriyyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır".

B.Əhmədli yeni dövrdə türk dünyası üçün formulun konturlarını göstərir ki, bu da tanınmış tədqiqatçının mövzunun müasir əhəmiyyətinə diqqət yetirməsi, ənənələr üzərində yeni konsepsiyanın formalaşmasına uğurlu cəhdidir. Müəllif bunu Turançılıq, Avrasiyaçılıq, Modernçilik kimi müəyyənləşdirir. Bununla da B.Əhmədli üçlü formulun XXI əsrdəki konturlarını göstərməyə çalışır. "Turançılıq bu gün daha aktual səslənir... Turançılıq, əslində, türklərin tarixi keçmişini bərpa etmək deməkdir" deyən B.Əhmədli çağdaş texnoloji zamanda sözügedən virtual birliyin olması üçün müəyyən zəmin olduğunu göstərir.

Muhsin KADIOĞLU
Bəsirə ƏZİZƏLİ

/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.