Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
11.04.19
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çox
az adam bilir ki, Cəfər Cabbarlı milli hökumət dövründə parlament
iclaslarının stenoqrafı olub, siyasi motivlər əsasında 1923-cü ildə həbs
olunub, bir neçə ay məhbəsdə qaldıqdan sonra müxtəlif şərtlərlə, ən
əsası isə bundan sonra sovet hökumətinə qarşı heç bir çıxışlar
etməyəcəyinə boyun olmaqla həmin ilin avqustunda azadlığa buraxılıb.
Əslində, 24 yaşlı bir gəncin cümhuriyyət, türkçülük, millilik naminə
hansısa bir nüfuzlu layihələrə qol ata, yaxud bu sarıdan necə ciddi
fəaliyyət göstərə bilməsi bizi heyrətləndirməyə bilmir. Xüsusən də yaşı
altmışı ötmüş oxucularımıza onun bir türkçü və müsavatçı kimi
təqdimatımız qəribə görünməyə bilməz. Maraqlıdır ki, Cəfər Cabbarlı hələ
1915-ci ildə M.Ə.Rəsulzadənin təsisçiliyi ilə yaradılan,
M.B.Məmmədzadə, S.Hüseyn, Ə. Cavad və başqa bu kimi türkçü əqidəli
vətənpərvər ziyalıları ətrafına toplayan “Açıq söz” qəzetinin ən fəal
nümayəndələrindən biri olub. 1916-1917-ci illərdə Türkiyənin Avropa
dövlətlərinin cəngində sıxıldığı bir zamanda, Osmanlı imperatorluğunun
dağılması ərəfəsində milli hərəkatın geniş vüsət aldığı illərdə baş
verən hadisələri böyük can yanğısı ilə izləyib, o dövrdə qələmə aldığı
üç pyesindən ikisini – “Trablis müharibəsi” (“Ulduz”) və “Ədirnə fəthi”
əsərlərini bu mövzuya həsr edib, xalqın öz ərazilərini qorumaq uğrunda
mübarizə əzmini uğurla təsvir etməyə müvəffəq olub.
Əsərdə alovlu
nitqi ilə seçilən vətənpərvər hərbçi, istedadlı sərkərdə və alovlu
natiq Ənvər obrazı yaradılır. Bu obraz 1918-ci ildə Bakının
erməni-daşnak və bolşevik işğalından azad olunmasında müstəsna xidməti
olan Qafqaz-İslam ordusunun komandanı Nuru paşanın qardaşı Ənvər paşanın
prototipidir. Əsərdə onun əsgərlərə müraciətlə dediyi sözlər bu gün də
orduda ruh yüksəkliyi yaratmağa qadirdir ki, faciənin yazıldığı anda
xüsusən zəruri idi: “ - Ey qəhrəman türklərin igid balaları! Siz şanlı
türk övladları olduğunuzu heç hərbə girmədən bu qədər böyük məsafəni 3
günə piyada gələrkən sübut etdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni
əzməyə gəlmədik, biz kimsəyə hücum etmək, kimsəni tapdalamaq istəmədik
və kəndimizin də tapdanmamıza yol vermərik. Bunu görməkdənsə, ölümümüzü
görmək istərik. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad
Asiyanın istiqanlı, igid balaları! Qarışqalar kimi ayaq altında
tapdanmağa həyatmı deyirik? Xayır, türk olduğunu anlayan hər bir kəs
bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl
deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi
deməkdir. Silahına təkyələnməyən bir millət yüksək dağlara belə
dayanırsa, nəhayət yıxılacaqdır, …haydı qardaşlar, qəhrəman əsgərlər”.
Heç
təsadüfi deyil ki, Bakının azad olunmasından sonra Nuru paşanın
şərəfinə təşkil olunan tədbirdə məhz C.Cabbarlının “Ədirnə fəthi” əsəri
tamaşaya qoyulub və deyilənə görə, Nuru paşa qardaşının qəhrəman
obrazını səhnədə gördükdə heyrətlənib. O zaman Rusiyada baş verən siyasi
qalmaqallar, 1918-ci ilin martında Azərbaycanda bolşevik havadarlarına
arxalanıb kommunist bayrağı altında soyqırımı aktı törədən ermənilərin
vəhşilikləri də Cabbarlının yaradıcılığında əksini tapıb. Bu illərin
qanlı hadisələrini özündə ehtiva edən “Bakı müharibəsi” əsəri hazırda
əlimizdə olmasa da, təkcə əsərin adı, mövzusu və mündəricəsi haqqında
məlumatımız onu deməyə imkan verir ki, dramaturq xalqının, millətinin
ağrı-acısını duyan, onun dərdinə şərik olan, eyni zamanda, onun
gələcəyinə ümidlə yanaşan sənətkardır. Bu qırğın onu daim düşündürüb,
ixtişaşların səbəblərini arayan sənətkar hadisələrin tarixi
ardıcıllığını araşdırarkən sələfi Nəriman Nərimanovla eyni fikrə
gəlibdir. Sonralar 1931-ci ildə Cəfər Cabbarlının “1905-ci ildə” əsərini
yazması da zahirən xalqlar dostluğunu ifadə etmək məqsədi daşıyırdısa,
əslində, bunda əsl məram bu iki xalq arasına nifaqın məhz rusların
salmasını, müharibə fitnəkarının çar siyasəti olmasını göstərmək idi.
Əsərdən də göründüyü kimi, müəllif 12-ci şəklində Allahverdi, İmamverdi
və Aramın mehribancasına adi məişət söhbəti aparması zamanı güllə
səsinin gəlməsini verir, elə bu dəm Allahverdinin dilindən: “Atan
kazaklardır…” ifadəsini işlədir. Nəriman Nərimanov da özünün “Bir kəndin
sərgüzəşti, yaxud “Əmi” adlı əsərində metaforik dillə suyu üçüncü
birisinin bulandırdığı qənaətinə gəlir.
Artıq 1918-ci ilin may
ayında mili hökumət qurulduqdan sonra Cabbarlı yaradıcılığında da bir
yüksəliş müşahidə olunur, həm ədəbi, həm də ictimai fəaliyyətində inam
hissi güclənir. Tək bircə “Azərbaycan bayrağına” şeiri onun milli
bağımsızlığa vurğunluğunu ifadə etmək üçün kifayət edər.
Kölgəsində ay əyilib bir gözəli qucmada, Qucuşaraq sevdiyilə yüksəklərə uçmada, Şu görünüş bir ananın şəfqətinə oxşayor. Düşündükcə zövqlərimi, vicdanımı oxşayor. Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bizcə böylə sevilmək! Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yulduz da səkkiz hərfli “od yurdu”, Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur. Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, Yurdumuzu qucmuşdur!
Bu
şeir o dövrdə qələmə alınan Azərbaycan bayrağına həsr olunan ən mənalı
təsvir, ən dolğun vəsiqədir. Əsər təkcə müəllifin vurğunluq hissini
deyil, eyni zamanda, milli vətənpərvərlərin qürur və sevinc
əhval-ruhiyyəsini də ifadə edir. Sonralar müstəqilliyini bərpa etdiyi
kimi, bayrağını və himnini də yenidən qaytaran gənc azərbaycanlılar
üçrəngli, aylı-ulduzlu bayrağın rəmzi anlamını daha dəqiq məhz bu
şeirdən öyrənə bildi. 1920-ci il aprelin 27-də parlamentin hakimiyyəti
dinc yolla Azərbaycan bolşeviklərinə təhvil verməsi, azadlığın qoxusunu
belə dadmamış başqa soybir qardaşlarından fərqli olaraq özgürlüyün
dadını bilən azərbaycanlıların müstəqilliyini itirməsi C. Cabbarlını
sarsıtdı. Sözügedən tarixdə milli təəssübkeş olan gənclər M.Ə.
Rəsulzadənin evində “Gənc müsavatçılar” təşkilatını yaratdı. Həmin gizli
təşkilatın katibi Cəfər Cabbarlı, sədri isə onun məktəbdən belə
tanıdığı Mirzə Bala Məmmədzadə idi ki, onun bir sıra yığıncaqları
Cabbarlıların bağ evində keçirilibdir. Təşkilatın qeyri-leqal mətbu
orqanı olan “İstiqlal” qəzetinin də ən fəal müəlliflərindən biri məhz
Cəfər Cabbarlı olub. Elə yuxarıda sadaladığımız səbəblər ucbatından
1920-1926-cı illər azadlıq aşiqi Cabbarlının yaradıcılığında bir mənəvi
böhran, axtarış məqamı olub. Bu illər ərzində o, tərcüməçiliklə məşğul
olub, ali təhsil almaq haqqında düşünüb və bunu reallaşdırıb. Cəfər
Cabbarlının 1919-cu ildə yazmağa başladığı və artıq yeni rejim
çərçivəsində (1921-ci il) tamamladığı “Aydın” əsərində müəllifin yeni
quruluşa qarşı olan münasibəti baş qəhrəmanın çıxışlarından üstüörtülü
olsa da, hiss olunmaqdadır. Əqidəsiz, quru vədlərə inanıb inqilaba
qalxan kütləni Aydın “qoyun sürüsü” adlandırır. O, Dövlət bəyin otağının
qapısını qırmağa cəhd edən işçilərə müraciətində deyir: “Durun,
zavallılar! Siz bütün yaşayışı, həyatın bütün gözəlliyini, bütün bu
iztirab, bu göz yaşlarını bir qarın çörəyəmi fəda etmək istəyirsiniz?
Sonra yeyib yatmaq, yenə yemək, yenə yatmaq - sizcə həyatdırmı? Həyat
göz yaşlarından ibarətdir ki, onun da saqisi ancaq onlardır”…
Göründüyü
kimi, Aydın hakimiyyət dəyişikliyinin heç də elə böyük bir fərqə səbəb
olmayacağını deyir. C.Cabbarlının Aydına qarşı qoyduğu əks qütbdə
dayanan obrazı məhz “Dövlət” adlandırması da təsadüfi deyil. Yəni bir
dövlətin başqa biri ilə əvəz edilməsi hələ azadlıq demək deyil. Əsl
azadlıq müstəqillikdir. Bir vətənpərvər və tərəqqisevər insan olan
Cabbarlı şura hökumətinin ağlabatmayan tələbləri içərisində də daha
dünyəvi məsələləri tapmağa - qadın azadlığı, savadsızlığın ləğvi, köhnə,
vaxtı ötmüş adətlərin tənqidi, xalqlar dostluğu və tolerantlıq kimi
önəmliləri üzə çıxarmağa müvəffəq olur, onlara yetəri münasibət “Sevil”,
“Almaz”, “1905-ci ildə”, “Yaşar” və s. kimi əsərlərində yer alır.
Cabbarlı adı gedən mövzulara həsr etdiyi əsərlərində də, əslində, öz
vətəndaşlıq təəssübkeşliyindən əl çəkmir, yeri gəldikcə obrazların
dilindən, replikalarla mövcud quruluşa, onun qərəzli siyasətinə olan
etirazını da ifadə edir. Daha çox 1927-ci ildə qələmə alınan “Od gəlini”
əsərində M. F. Axundzadənin həqiqəti söyləmək təlimatına uyğun olaraq
hadisələrin yerini və zamanını dəyiş ideyasına sadiq qalır. Eramızın IX
əsrlərində baş vermiş Xürrəmilər hərəkatını simvolik olaraq cümhuriyyət
dövrü hadisələrini təsvir etmək üçün əsas alan müəllif Elxanın simasında
milli demokratik qüvvələri, Aqşinin simasında əqidəsində aldanan
kommunist meyilli buyruq qullarını, Solmazın simasında isə təhlükədə
olan Vətən namusunu ümumiləşdirir. Məlumdur ki, burada yad din və
adətlər qəbul olunmaz mənəvi dəyərlərdəndir, əsərdəki hadisələri
reallığa köçürsək, qəbul olunmayan özgələrdən dəstək alan yeni
dövlətçilik hərəkatıdır. Nəzərə alsaq ki, din də, siyasət də ideoloji
faktordur, onda sözügedən əsərdə rahat paralellər aparmaq mümkündür.
Elxanın əsərin sonundakı monoloqundan bəzi cümlələri müəyyən ixtisarla
oxusaq, bu etirazın 20-ci illərlə bağlı olduğunu rahat görərik: “La
ilahə illəllah! … Yalnız mən demirəm. Yalnız mən, bir günəşin telləri,
bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyətin bu
qardaşlıq və azadlıq bayrağı altında tək qalıb, son nəfəsimdə də,
deməyib, sizə və bütün insan qəssablarına qarşı ucadan deyirəm: “Yoxdur
allah, yoxdur allah!”. Əgər bu parçadakı “La ilahə illəllah əvəzinə,
“kommunizm rejimindən savayı, azadlıq yoxdur” ifadəsi, “yoxdur allah,
yoxdur allah!” əvəzinə isə, “yoxdur azadlıq, yoxdur azadlıq” işlətsək
fikrimiz aydın olar. Yaxud bir az öncə əsərdə Aqşinin Elxana “Qarşında
iki yol var: Quranlı Solmaz, yaxud bayrağının altından görünən ölüm”, -
təklifi müqabilində Elxanın “Mənim üçün bu bəyazı qucmuş Solmaz,
yarpaqlarına qan çilənmiş bir çiçəkdən başqa bir şey deyildir”, - cavabı
məsələni daha da aydınlaşdırır. Elxanın söylədiyi: “Mən qan sovuran
allahlara, sümük gəmirən tanrılara baş əymirəm”, Qoy bütün tarix, qoy
gələcək azad bəşəriyyət bilsin ki, öz böyük əməlim uğrunda öz doğma
qardaşıma qarşı mən də silahsız deyiləm”, - ifadələri əslində Cəfər
Cabbarlının bizə - gələcək Azərbaycanın azad vətəndaşlarına bir
səslənişi idi. Çünki Cəfər Cabbarlının 1920-ci ildən ölümünədək qələmə
aldığı əsərlərini təhlil etdikdə görürük ki, o, heç vaxt sovet rejiminin
təbliğatçısı olmayıb, heç vaxt bu quruluşu tərənnüm etməyib, yəni
başqaları kimi ideologiyanın qurbanına çevrilməyibdir. O, milliliyi -
türkçülük və islamçılığı müasirləşmə çərçivəsində qəbul edib, üstüörtülü
olsa da, təbliğ edən mütərəqqi fikirli ziyalılarımızdan olub. /Azərtac/
|