Ədəbiyyat İnstitutunda “Koreya poeziyası Azərbaycan dilində” mövzusunda məruzə dinlənilib
11.04.19
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Koreya ədəbiyyatı ilə bağlı seminar keçirilib.
İnstitutdan bildirilib ki, seminarda filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli Asiya xalqları ədəbiyyatı ilə bağlı görüləcək işlər haqqında məlumat verib. Bildirilib ki, Asiya xalqlarının ədəbiyyatından bəhs edən məqalələr toplusu bu il çap olunacaq.
Şöbənin elmi işçisi, Koreya ədəbiyyatının tədqiqatçısı Leyla Həsənzadə “Koreya poeziyası Azərbaycan dilində” mövzusunda məruzə ilə çıxış edib. O, Şərq ədəbiyyatının hər zaman özünün orijinallığı ilə seçildiyini bildirib. Vurğulanıb ki, istər mədəniyyəti, incəsənəti, istərsə də sosial həyatı Qərblə müqayisədə daha nadir xarakterlərlə yadda qalan Şərqin fərqli mədəniyyəti onun mədəni nümunələrinə öz ciddi təsirini göstərib.
Tədqiqatçı çağdaş dövrümüzdə Koreyada XX əsr Qərb və Şərq poeziyasının təsiri ilə modern, sərbəst, postmodern şeir formalarının inkişaf etməsinə baxmayaraq koreyalı şairlərin klassik janrlara tez-tez müraciət etdiyini bildirib. Azərbaycanda Koreya dilindən ilk bədii tərcümələrin tarixinə nəzər yetirən məruzəçi diqqətə çatdırıb ki, Mikayıl Rzaquluzadə, Rəsul Rza, Arif Əbilov və başqaları Koreya şair və yazıçılarının əsərlərini rus dilindən doğma dilimizə çeviriblər. Tədqiqatçı onu da bildirib ki, Koreya ədəbiyyatından tərcümələr azlıq təşkil edir.
Seminarda digər çıxış edənlər Koreya ədəbiyyatı və onun tərcümə problemləri ilə bağlı fikirlərini bölüşüblər. /Azərtac/
|