“Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə və himayədarlığın təşkili” monoqrafiyası nəşr olunub
10.04.19
Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın “Elm və təhsil” nəşriyyatında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə və himayədarlığın təşkili” monoqrafiyası işıq üzü görüb.
ADU-dan bildirilib ki, monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə himayədarlıq və səhiyyənin təşkili, bu sahələrdə fəaliyyət göstərən rəsmi və qeyri-hökumət təşkilatlarının fəaliyyəti araşdırılıb. Nəşrdə Himayədarlıq və Xalq Səhiyyəsi nazirliklərinin təşkili məsələləri ayrı-ayrılıqda nəzərdən keçirilib, bu nazirliklərə rəhbərlik etmiş dövlət xadimləri və yüksək rütbəli məmurlar haqqında məlumatlar verilib, onların gördüyü işlər faktlar, rəqəmlər və sənədlərlə əsaslandırılıb. Kiçik qurum və qeyri-hökumət təşkilatlarının rolu və xidmətləri də kitabda yer alıb.
Monoqrafiya ADU-nun elmi şurasının qərarı ilə çap olunub. Monoqrafiyanın elmi redaktoru ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru İbrahim Kazımbəylidir. Kitaba Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İskəndərov, ADU-nun regionşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradov rəy veriblər. /Azərtac/
|