"Ulduz" jurnalının mart sayı işıq üzü görüb
05.04.19
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" jurnalının mart sayı işıq üzü görüb.
Jurnal ənənəvi olaraq ekspert rəyi ilə başlayır. "Ulduz"un bu ilə olan ikinci nömrəsi haqqında Pərvanə Məmmədli "Sabaha açılan pəncərələr" adlı məqaləsində danışıb. Rəyi Qan Turalının özüylə söhbəti və "Banan" hekayəsi izləyib.
Cəlal Məmmədovun təqdimatında hazırlanan "Qısa fikirlər xəzinəsi" rubrikası budəfə də müxtəlif dahilərin müdrik düşüncələri ilə zəngindir.
Emil Rasimoğlu, Aysel Səfərli, Könül Arif, Süleyman Abdulla, Əbülfət Mədətoğlu və Rəfail Tağızadənin poeziya nümunələri "Şeir vaxtı"nda, Şəhla Aslanın "Fıştırıq çalmayan oğlanlar", Aynur Nurlunun "Ölmüş heykəl" hekayələri isə "Nəsr"dədir.
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Günay Səma Şirvanın "Milli mentalitetin ifadəsi" məqaləsi ilə yad edilib.
"Tənqid"də Vaqif Yusifli "Poeziyamızın sevgi qadınları" məqaləsi ilə yer alıb. Fərid Hüseyn "Siqaret qutusundakl tale yazısı..." (Musa Yaqubun həyat və yaradıcılığı haqqında qeydlər) məqaləsini bu sayda da davam etdirib. "Debüt"də Nemət Mətinin "Uğura aparan yol", Nərmin Fərzəlinin "Baqaları" və "Təksən" esseləri çap olunub.
Qulu Ağsəsin "Ətəyində namaz qılınan Savalan", Tamilla Abbasxanlı Əliyevanın "Sona Vəliyevanın "Arazbarı" şeirinin təhlili", Həyat Şəminin "Ürək daşı adlı qardaşın kitabı", professor Mahmud Allahmanlının "XVI əsr Bağdad ədəbi mühiti", Təranə Vahidin Fərqanə Mehdiyevaya həsr etdiyi "Günəşə, dənizə, şeirə oxşayan" məqalələri də jurnalın mart nömrəsindədir.
"Böyükdən uşağa" xüsusi rubrikasında İnqilab İsaqın uşaq şeirləri, "Sənət"də isə Murad Köhnəqalanın "Çox yaşa, Barış Manço" yazısı yer alıb.
Ənənəvi "Dərgidə kitab"ın budəfəki qonağı yazıçı Nargisdir.
Son olaraq, "Sərgi" rubrikasında Ələkbər Ağasiyevin rəsmləri yer alıb.
|