“İllərin qanadında” şeir antologiyası nəşr olunub
04.04.19
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsindən olan altıncı kitab – “İllərin qanadında” şeir antologiyası çapdan çıxıb. Şeirlər toplusu ilk dəfə 1998-ci ildə Tehranda nəşr olunub, tərtibçisi Eloğludur. Müəllifin kimliyi haqqında məlumat yoxdur.
İnstitutdan bildiriblər ki, mətni transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.
Antologiyaya XX əsrdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində - Təbriz, Qaradağ, Urmiya və digər şəhərlərində yaşayıb-yaradan otuz şair haqqında ətraflı məlumat və onların əsərləri daxildir. Şairlərdən Ağyarlı, Miyanlı Əlirza, Ahəni, Leyla Kəhali və başqalarının adlarını misal göstərmək olar.
Eloğlunun dili sadə və anlaşılan olduğu üçün kitabın transfoneliterasiyası zamanı Azərbaycan dilinin cənub ləhcəsi olduğu kimi saxlanılıb.
Nəşrin redaktoru Seyyid Əsri, rəyçiləri Qutiyera Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Lamiyə Cəfərovadır.
|