“Türk xalqları ədəbiyyatı” dərsliyi çapdan çıxıb
03.04.19
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəri Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi dünyanın ən nüfuzlu nəşriyyatı və yayım təşkilatı olan “LAMBERT Academic Publishing” tərəfindən çap edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, dərslikdə türk dünyasının ədibləri haqqında araşdırmalar və məlumatlar verilib. Gərgin əməyin məhsulu olan“Türk xalqları ədəbiyyatı” dərsliyi dəyərli bir elmi mənbədir. Nəşrdə ən qədim türk dastanlarından başlayaraq çağdaş dövrədək özbək, türk, qazax, qırğız, tatar, türkmən və s. xalqların şair və yazarlarının həyatı, eləcə də yaradıcılığı yer allb. Hər bir xalqın ədəbiyyatı haqqında dolğun təəssürat yaradan bu dərsliyin elmi dəyəri olduqca yüksəkdir. Təhsil Nazirliyinin qrifi ilə 2017-ci ildə Bakıda nəşr olunan bu kitaba bu gün türk dünyasının bir çox ali məktəblərində kifayət qədər tələbat yaranıb.
Dərsliyin elmi redaktoru professor Himalay Qasımov, rəyçiləri isə akademiklər İsa Həbibbəyli, Gövhər Baxşəliyeva və Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Əsgər Rəsulov və Nizami Tağısoydur.
|