Rövşən Yerfi - Cəlil Məmmədquluzadə kim olmuşdur?
01.04.19
(Bilməyənlər üçün...)
Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir. Eyni zamanda Azərbaycanda və Yaxın Şərqdə ilk feminizmin əsasını qoymuş ictimai xadimdir. O, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. İlk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı isə onun ilk dram əsərlərindəndir. Bu əsərlə, o, ədəbiyyatımıza mənzum alleqorik pyes janrını gətirmişdir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini də həmin dövrdə yazmışdır. 1903-cü ildən Tiflisdə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Bu jurnal vasitəsilə Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. 1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdır. “Ölülər” əsəri Təbrizdə tamaşaya qoyulmuş, həmin dövrdə Cənubi Azərbaycanda realist – satirik ədəbiyyat və mətbuat inkişaf etmiş, karikatura sənətinin meydanı genişlənmişdir. 1922-ci ildə Bakıya gəlib jurnalın nəşrini davam etdirmiş, “Maarif və mədəniyyət”, “Şərq qadını” və sair mətbuat orqanlarında fəaliyyət göstərmişdir. Redaktoru olduğu “Yeni yol” qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışmışdır. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunmuşdur. Cəlil Məmmədquluzadə əsərlərini lirik, epik, dramatik növlərdə, həm nəsrlə, həm də nəzmlə yazmışdır. Onun bədii nəsri ədəbiyyatımızda yeni ədəbi hadisə idi. Yazıçının publisistikasında da azərbaycançılıq mövzusu özünəməxsus yer tutur. Belə əsərlərində işlətdiyi təxəllüs “Molla Nəsrəddin” idi. Cəlilin bədii irsinin əsas xüsusiyyətləri zəhmətkeş insanların taleyinin təsviri, milli oyanış və dirçəlişə şağırış, yığcamlıq, sadə dil və üslubdan ibarətdir. Onun “Poçt qutusu”, “Qurbanəli bəy!” kimi hekayələri, “Ölülər” komediyası, “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı” kimi dram əsərləri Azərbaycan realizmində özünəməxsus şərəfli, əbədiyaşarlıq qazanmşdır. Dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında tamam yeni bir mərhələ təşkil edir. M.F.Axundzadənin janrca drama yaxın olan komediyalarından fərqli olaraq, Cəlilin komediyaları faciəvi xarakter daşıyan tragikomediyalardır. Tragikomediya faciə (tragediya) və komediya xüsusiyyətlərini üzvi surətdə özündə cəmləşdirən dramatik əsər, facianə və komik hadisələrin, əhval-ruhiyyənin üzvi surətdə birləşməsidir. Ədəbiyyatımızda tragikomediyanın görkəmli nümayəndəsi C.Məmmədquluzadədir. “Ölülər” tragikomediyası ilə ədəbiyyatda cəhalət dünyasının qatı dumanlarının parçalanması başlanır. “Ölülər” mənəvi əsarəti, fanatizmi yıxıb dağıdan, Azərbaycan və ümumən türk-müsəlman dünyasının mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli və dahiyanə bir əsərdir. 1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji teroruna məruz qalan yazıçı 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir. Böyük ədib 4 yanvar 1932-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. Haqqında sənədli və bədii film çəkilmiş, “Ölülər” komediyası və ondan çox hekayəsi ekranlaşdırılmışdır. “Ölülər” operası (V.Adıgözəlov) yazılmışdır. 1967-ci ildə bir rayon və şəhər onun şərəfinə Cəlilabad adlandırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Dövlət Ədəbiyyat Muzeyinə adı verilmiş, Bakıda Ədəbiyyat muzeyinin eyvanında, Naxçıvanda və Cəlilabadda heykəlləri ucaldılmışdır.
|