Səxavət Sahil - Təzə doğmuş ay İsa kimi suyun üstündə gəzir - Yeni şeirlər
29.03.19
Avanqard.net Səxavət Sahilin yeni şeirlərini təqdim edir.
Bəlkə sabah olmadı?!
Toran çökür Günəş “boğulur” təpənin arxasında, öz kölgəsini yorğan kimi başına çəkir ağaclar.
Buludsuz səmada nar dənəsi kimi qızarır ulduzlar bir azdan şeh düşəcək, hələ yuyunmağı var yaşıl yarpaqların.
Hələ heç kim daş atmayıb gölə, qurbağalar sabahadək “canlı konsert verəcək”.
Gecənin kədərinə aram-aram bayquş da töhfə verir cansıxıcı səsiylə.
Qaranlığın canına bir az da qorxu dolur - bəlkə sabah olmadı?! İçimdəki ümid də yavaş-yavaş can verir. Baxıram vahiməylə, qaranlığın canından neçə iblis doğulur.
İlan kimi sürünür budaqların kölgəsi
Nar ağaclarının arasındakı ev payızda miskin görünür. Yarpaqsız budaqlar, bozaran gövdələr və kəllə kimi çürümüş nar qalağı.
Seyr elədikcə bu mənzərəni elə bilirəm xarabalıqdayam, cənuba köçən quşların əvəzinə mərmilər uçub gəlib sanki.
Gecələr bu mənzərə qara rəngin çalarında daha da qorxunc görünür. Ay çıxıb hərlənəndə isə budaqların kölgəsi yerdə ilan kimi sürünür.
Əslində bu çox sadədi həm də xatirədi, gözlərimi yumuram hər yerdən, hər yerdən uşaqlığım görünür.
Gümüşü nar
Ay çıxıb yaşıl yarpaqlar gümüş olub, qıpqırmızı meyvələr gümüş olub. Narın kölgəsi gümüş olub torpağa səpilir.
İndi fərqi yoxdu qurd düşən narın da kölgəsi gümüş olub.
Kölgələr ayırmır yaxşını-pisi. Kölgələr ayırmır ağı-qaranı.
Bəlkə də belə olub dünya yaranan gün, hər şey kölgə olub.
Bilirsən nar ağacı
Bilirsən, nar ağacı, payızda küləklər başlayanda yarpaqların ayrılıq səsi gizilti salır canıma.
Xatirələr oyanır, elə olur ki, bir yox, bir neçə adamdan sarı darıxmağa başlayırsan!
Bilirsən nar ağacı, bir neçə adamdan sarı darıxmaq Tantal əzabıdır - heç nəyə çata bilmirsən, hərəyə görə bir az darıxırsan, bölünüb neçə yerə darıxırsan. Bu darıxmaq deyil e, nəsə ayrı bir əzabdı. Bəlkə də darıxa bilməmək əzabıdı. Bilirsən nar ağacı, bəlkə də elə sən bilirsən.
Ay nəğmə deyir
Buludlar dağılıb yağış ara verib, yaşıl nar kollarına ay nəğmə deyir süd rəngli işığıyla.
Külək də susub, yarpaqlar qımıldanmır budaqlar təmkinlidi, bircə ay oxuyur.
Pozulur kənd yolunun ay işıqlı sükutu, kimsə keçir kölgəsi yol yoldaşı, addımları yuxulu. Söykənib pəncərəyə baxıram aya sarı, baxıram, unuduram unuduram, dünyanı - Ay nəğmə deyir süd rəngli işığıyla.
Qara bulud
Qaraldıqca qaralır göyü üzü.
Bir igidin ömrü qədər kəsib ay işığını qara buludlar.
Ərəbzəngi dastanlardan çıxıb göyə qalxıb, bulud olub yol kəsib.
Qara yarpaqlı nar ağacı qara dənəli nar gətirir.
Bir igidin ömrü qədərdir ki, hər şey qara bar gətirir.
Su axır, ay aparır
Su axır. Təzə doğmuş ayın əksi düşüb suya.
Su axır, üzündə ləpələnir ay, tanrının kitabındakı balıq kimi bölünür, çoxalır ay.
Su axır, nar ağaclarının dibindən axır. Su axır, elə bil “əlində” ay aparır.
Su axır. təzə doğmuş ay İsa kimi suyun üstündə gəzir.
Su axır - ömür də su kimidi, heç yerdə dayanmır axır, axır, hey axır.
Sarı
Küləyin qulağından uzaq elə saralıb ki, nar yarpaqları bir əsim himə bənddi.
Günəş də öləziyib - öz sarısını “yarpaqlara verib”, daha yoxdur avqust qızmarı. Sarı zambaqlar baharda qalıb, indi çiçəklərin əvəzinə yarpaqlar saralır.
Amma ömrün payızı rəngsiz olur - yarpaq kimi tökülüb, günəş kimi öləziyib, çiçək kimi solursan.
O dünya yalandı sadəcə torpağa qarışıb, qarışıb, yox olursan.
Çiçəklərlə suvarılır ürəyi yanan çöllər
Sular axır, axdıqca toplayır yerə döşənmiş nar çiçəklərini.
Sular axır axır, aparır nar bağından nar çiçəklərini.
Sular axır, dodaqları çatlamış boz torpaqlara çiçək aparır.
Külək əsir çiçəklər səpələnir, sular axır, çiçəklər toplanır, çiçəklərlə suvarılır ürəyi yanan çöllər.
Ad günümə
Ömrüm nar qabığıdı, acılı-şirinli illər kimidi içindəki dənələr.
İsadan 7 gün sonra doğulmaq bəlkə də xoşbəxtlik deyil Məsihin fiziki əzablarını 8-ci günə daşımaqdır. Müsəlman olsaq da, İsadan öz payımızı götürmüşük - hərənin öz əzabı var, 1982 il sonra doğulsaq belə.
Ömrün əvvəli və sonu olmur, ömrün bədbəxtlik və xoşbəxtlik bölgüləri var.
Xilaskar İsa, xilas edə bilməsən də bizi yenə də sənə minnətdarıq, minnətdarıq ki, əzab çəkməyi öyrədibsən.
Xilaskar İsa, yenə də tənhayam, heç olmasa tənhalıqdan xilas et məni. Yeni ilin ilk günündəyəm əlimdə şərab, yenidən doğuluram, yenidən doğuluram, yenidən.
"525-ci qəzet"
|