Bədirxan Əhmədlinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” kitabı nəşr olunub
29.03.19
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” monoqrafiyası nəşr olunub.
Monoqrafiya türk kimliyinin, ictimai şüurunun formalaşmasında davamlı və sistemli mücadilə aparan böyük fikir adamları - M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp və M.Ə.Rəsulzadəyə həsr edilib.
Kitabda türk dünyasının 150 ildən çox yol gələn və yalnız XX yüzilin ikinci onilliyində sistem halına düşən və Azərbaycan Cümhuriyyətinin dövlət rəmzi bayrağında simvollaşan “türkləşmək, müasirləşmək, islamlaşmaq” probleminə həsr olunub. Müəllif problemi nəzəri və tarixi aspektdə araşdırmaqla üçlü formulun doğuşu, mahiyyəti, xarakteri, inkişaf yollarını araşdırıb. İlk dəfə olaraq problemə kompleks şəkildə yanaşılır və ictimai fikrimizdəki ideyadan nəzəriyyəyə - formula doğru gələn ictimai fikir yolundakı bəzi məsələləri elmi qənaətlərlə zənginləşdirir. Tədqiqatçının elmi dövriyyəyə gətirdiyi materiallar və yeni yanaşmalar üçlü formulu bütün detalları ilə üzə çıxarır.
Monoqrafiya bu sahədə elmi-tədqiqat işi aparan araşdırmaçılar, alimlər, doktorant və magistrlər üçün olduqca faydalıdır. /Azərtac/
|