Keçmiş kəşfiyyatçı:"Mən kabinetə şkafdan girdim"

15.03.19

“Azərbaycan xüsusi  xidmət orqanlarının əfsanələri”

Birgə layihə (FOTO)

       Bu il martın 28-də Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasının 100 ili tamam olur. Azərbaycan xüsusi xidmət orqanları veteranlarının “Alyans” ictimai birliyi, Trend İnformasiya Agentliyi və Dey.Az-ın bu tarixə həsr olunmuş “Azərbaycan xüsusi xidmət orqanlarının əfsanələri” birgə layihəsini diqqətinizə çatdırırıq. İlk buraxılış Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan ulu Heydər Əliyevə həsr olunur. Heydər Əliyevin rəhbərliyi altında keçirilmiş əməliyyatlar barəsində Azərbaycan xüsusi xidmət orqanları veteranlarının “Alyans” ictimai birliyinin sədri, əfsanəvi kəşfiyyatçı, istefada olan polkovnik Şamil Süleymanov söz açacaq.
       Əvvəlcə Şamil Süleymanovun özü haqqında məlumat verək. O, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirmiş, bir müddət 26 Bakı komissarı adına NQÇİ-də baş mühəndis vəzifəsində çalışmışdır. Belorusiyanın Mogilyov şəhərindəki 302 saylı xüsusi əks-kəşfiyyat məktəbində oxuduqdan sonra, 1961-ci il dekabrın 27-də Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan DTK-sı 2-ci (əks-kəşfiyyat) şöbənin 5-ci bölməsində əməliyyat müvəkkili vəzifəsində fəaliyyətə başlamış, 1963-cü il yanvarın 1-də Heydər Əliyevin məsləhəti ilə Azərbaycan SSR DTK-nın 1-ci (kəşfiyyat) şöbəsinə keçirilmişdir. 1968-1973-illərdə Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin beynəlxalq elmi-texniki əlaqələr üzrə köməkçisi adı altında SSRİ DTK-nın Birinci baş idarəsinin  (kəşfiyyat)  mülki idarələrdə çalışan zabiti kimi fəaliyyət göstərmişdir. 1973-1977-ci illərdə SSRİ DTK-nın Birinci Baş İdarəsinin (kəşfiyyat) rezidenturası tərkibində İranda işləmişdir. Xaricdə işlədiyi müddətdə nəinki DTK xətti üzrə, həmçinin təcrübəli diplomat kimi də qeyri-adi bacarıq nümayiş etdirmiş, gördüyü işə görə SSRİ və Azərbaycan DTK-ları tərəfindən dəfələrlə təltif olunmuşdur. Bununla yanaşı o, həmişə deyirdi: “Biz, əsil “çekist”lər, mükafat barəsində yox, vətənimizin mənafeyi barədə düşünürük”. 1982-86-cı illərdə Azərbayca SSR DTK-sı 1-ci (kəşfiyyat) şöbə rəisinin elmi-kəşfiyyat məsələləri üzrə müavini vəzifəsində çalışmış, eyni zamanda, SSRİ DTK Birinci Baş İdarəsinin (kəşfiyyat) elmi-texniki kəşfiyyat xətti üzrə rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu dövrdə yüksək peşəkarlıq səviyyəsində bir sıra kəşfiyyat tədbirləri hazırlamış və həyata keçirmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirliyinin (MTN) 2-ci (əks-kəşfiyyat) İdarəsinin rəisi təyin olunmuşdur. 1992-ci ildə kəşfiyyat və əks-kəşfiyyat orqanlarının veteranı Şamil Süleymanov MTN əməkdaşları arasındakı peşəkarlığına və hörmətinə görə silinməz izlər buraxaraq, təhlükəsizlik orqanlarından könüllü surətdə istefaya çıxmışdır.

            Mən kabinetə... şkafdan girdim

       İşdə xətaları minimuma endirməyi yalnız öz nöqsanarının, daha yaxşı olardı ki, başqalarının nöqsanaları üzərində aparılan daimi iş, keçirilən xüsusi əməliyyatların dərin və hərtərəfli analizi bacarar. Həmin vaxtlar Azərbaycan DTK-nın 2-ci şöbəsinin rəisi olan Heydər Əliyev əməkdaşlarını məhz bu prinsiplər üzərində tərbiyə edirdi. Heydər Əliyev ayda iki dəfə gənc zabitləri öz iş otağına yığıb, DTK-nın arxiv materiallarından istifadə edərək, onlarla “çekist” məşğələləri aparardı. O, müdrik, diqqətli, istedadlı rəhbər idi, qarşıda duran əməliyyat tapşırıqlarını asan bir dildə izah etməyi bacarırdı. Gənc zabitlər üçün bu əla məktəb idi. Onların arasında Şamil Süleymanov da vardı. Heydər Əliyevin rəhbərliyi altında o, tez bir zamanda peşəkar əməliyyat işçisi kimi formalaşaraq, 30 ildən artıq fəaliyyəti ərzində nəinki Azərbaycanın, həmçinin İran, İsveç, Türkiyə, Macarıstan, Bolqariya, Finlandiya, Kipr və Əlcəzairin ərazisində də böyük müvəffəqiyyətlə əks-kəşfiyyat və kəşfiyyat fəaliyyəti həyata keçirmişdir.
        “Dövlət təhlükəsizliyi sistemindəki fəaliyyətimin ilk saatlarından tale məni Heydər Əliyevlə rastlaşdırdı. Bu 1961-ci il dekabrın 27-də baş verdi. İndiki kimi yadımdadır, kadrlar şöbəsinin əməkdaşı məni qarşılayıb, DTK-nın 2-ci şöbəsinin rəisinə təqdim etməkdən ötrü 3-cü mərtəbəyə apardı. Canımı həyəcan bürümüşdü, eyni zamanda qəribə bir halətdə idim, uzun dəhlizlə bir xeyli getdik, sağ və sol tərəfdə çoxlu qapalı kabinetlər vardı. Dəhlizin lap qurtaracağında küncdəki kabinetə girdik, üç katibənin işlədiyi balaca bir otaqdı, divarların yanında bağlı şkaflar vardı. “Görəsən məni hara gətiriblər? Rəisin kabineti haradadır?” – deyə düşündüm. Birdən bu əməkdaşın şkaflardan birinə girməsini, sonra oradan çıxıb məni içəri dəvət etməsini görərkən hansı təəccüb hissləri keçirdiyimi təsəvvür edin. Tam heyrət içərisində şkafa girdim, daha bir qapının peyda olduğu qaranlıq bir tambur idi və biz geniş kabinetə girdik. Bu iş otağı dənizə və “Dinamo”ya açılırdı – DTK-nın köhnə binası leytenant Şmidt küçəsi ilə Stalin prospektlərinin kəsişməsində yerləşirdi. Əməkdaş məni rəisə, podpolkovnik Heydər Əliyevə təqdim etdi. O vaxtlar bu cür rütbə almaq çox çətin idi.  Hətta kapitandan mayora adlamaq da mürəkkəb məsələ idi. Yüksək zabit rütbəsi qəti surətdə effektli fəaliyyət və tutulan yüksək rəhbər vəzifəyə görə verilirdi. “Xoş gördük. Sizinlə tanışlığıma şadam” – deyə Heydər Əliyev məni masanın arxasına dəvət edərək, özü də üzbəüz əyləşib söhbətə bu sözlərlə başladı. İki saat davam edən söhbətimiz belə başlandı. Heydər Əliyev hər şeyi lakonik formada və konkret surətdə ifadə etməklə həyatım və fəaliyyətim barədə danışmağımı xahiş etdi. Sonra məlum olduğu kimi, o, mənim atamı – köhnə bolşevik Qasım Əziz oğlu Süleymanovu tanıyırmış, onun sağlamlığı ilə, nə ilə kömək edə biləcəyi ilə maraqlandı. Heydər Əliyev təkcə mənim peşə və ictimai mühitimlə deyil, maraqlarım, idmanla məşğul olmağım, teatr və ədəbiyyatı sevib-sevmədiyim və s. barədə suallar verdi. Mən onun, neftçi olmasa da, bizim sahə barəsində hər şeyi bilməsinə təəccüb edirdim. Heydər Əliyev qeyd etdi ki, “Xruşşov ixtisarlarından” sonra iqtisadiyyatın müxtəlif sahələrində – sənayedə, kənd təsərrüfatında, həmçinin təbabət, mədəniyyət və s. sahələrdə fəaliyyət üçün az əməkdaş qalıb. O vaxtlar ölkənin həyat fəaliyyətinin müxtəlif sahələrinə nəzarət etmək üçün  DTK-da  müxtəlif bölmələr yaradılmışdı. Heydər Əliyev məni, bir neft mühəndisi kimi,  Yusif Həsənovun rəhbərlik  etdiyi  5-ci sənaye şöbəsinə təyin etdi. O, mənə neft sənayesinin zavod və müəssisələri də daxil olmaqla nəinki sadəcə böyük, quruda Azərbaycanın cənubundan Rusiya sərhədlərinə, dənizdə isə Türkmənistana qədər uzanan nəhəng bir sahəsini tapşırdı.  Mən çaşıb qalmışdım: “Təkbaşına?! Axı, mənim təcrübəm yoxdur – bütün bunları necə qavraya bilərəm?” “Bəli. Təkbaşına! Qarşıda nəhəng və ağır iş durur, ancaq biz sənə kömək edərik. Başlanğıc üçün, insanlarla necə işləməkdən, agentləri necə cəlb etməyi öyrənməkdən ötrü səni təcrübəli bir işçiyə təhkim edərəm. Ancaq hər şeydən öncə sən bu sahələrin agentura şəbəkəsini – 90 nəfəri qəbul etməlisən. Onlardan çoxu köhnə qvardiyadır, ona görə yeni gənc nəsli cəlb eləmək lazım gələcək“.  Daha sonra Heydər Əliyev cəlb etmə prosesi, onun çoxşaxəli və mürəkkəb bir proses olması, hər şeyi dəqiqliklə analiz etmək, fərasətli, məntiqli və konkret, cəsur və qətiyyətli olmaq, hər bir insanın qəlbinə yol tapmaq, onların həyatı, fəaliyyəti və maraqları barədə hər şeyi bilmək  haqqında  xeyli faydalı şeylər danışdı. “Sənin işinin adı – yorulmadan yolda olmaq, rəhbərliklə münasibət qurmaq, bütün obyektlərə baş çəkmək, söhbətlər aparmaq, maraqlanıb iş üçün lazım olan insanları tapmaqdır”, – deyə Heydər Əliyev vurğuladı. Bu mənim Heydər Əliyevdən aldığım ilk ən maraqlı, əməliyyat işimin başlanğıcı üçün həyəcanlandırıcı və ibrətamiz böyük bir dərs idi. Onun yanından çıxdıqdan sonra mənə iş otağımı göstərdilər, masanın arxasına keçib, başımı əllərimin arasına alaraq, düşündüm: “Hə, belə-belə işlər! Mən bütün bunları necə əhatə edə biləcəm?” Heydər Əliyevlə olan iki saatlıq söhbət bir daha gözlərim önündə canlandı və anladım ki, həyatımın ən yüksəliş anı yetişmiş, ən mühüm dəyişikliklər baş vermişdir. Bütün arzuladıqlarım, gələcək həyat barəsində qurduğum planlar, ən yaxşı mütəxəssis kimi yetişmək, ictimai həyatda yüksəlişə nail olmaq istəyi Heydər Əliyevlə söhbətdən sonra bir anın içində alt-üst oldu. Mən anladım ki, həyatdakı təyinatım  məhz bu sahədə – əməliyyat işində, ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlı tapşırıqların yerinə yetirilməsindədir. Pərəstiş etdiyim şəxsiyyət isə Heydər Əliyev oldu. Onun məsləhət və tövsiyələrindən bütün ömrüm boyu istifadə etdim, həmişə də nailiyyət qazandım. Sonralar mən neft-qaz sahəsinin kuratoru olan DTK əməkdaşı kimi Azərbaycan iqtisadiyyatının Neft-qaz Sənayesi Nazirliyinin  rəhbərliyinə  təqdim olundum.  Həmin illər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikanın neft-qaz mədənlərində ölkənin neft sənayesinə məhvedici zərbə endirmək cəhdlərinin qarşısı alındı. Cəmi bir il onun rəhbərliyi altında, mən, təcrübəsiz bir işçi, elə nailiyyətlər qazandım ki, hətta DTK-nın ən təcrübəli əməkdaşları belə mənə qibtə edirdi.  Və o, mənə ən ciddi işləri tapşırmağa başladı.

       Unikal “Mohol” əməliyyatını necə keçirmək mümkün oldu və ya “Gəncə” konyakı.

       1960-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında keçirilmiş böyük və unikal tədbirlərdən biri olan “Mohol” əməliyyatı, 1994-cü ildə, “Əsrin müqaviləsi” çərçivəsində, Xəzər şelfində beynəlxalq neft konsorsiumuna start verilməsini təmin etdi.
      “1963-cü il idi. Bakıda DTK-nın elmi-texniki kəşfiyyatının filialı yaradılmışdı, orada mən agentlərin cəlb olunması və fəaliyyət  prosesinin təşkili işini aparırdım. Bizə məlum oldu ki, amerikanlar Meksika körfəzində okeanın 5 km dərinliyində neft quyuları qazmağa imkan verən nəhəng və ultramodern texniki qurğunun sınaqlarını keçirir. Bu yarısualtı üzən neftqazma platforması (YÜNP) – kinoteatrı, restoranı, yaşayış otaqları, müvafiq texniki təchizatı və s. olan əsil şəhərcik idi. Özü də onu peyk vasitəsi ilə görmək mümkün deyildi, çünki üstü xüsusi qurğu ilə örtülmüşdü. Və biz unikal bir əməliyyat işləyib hazırlamağı qət etdik. Hər şeyi daxildən öyrənə biləcək bir şəxs lazım idi. Çox axtarışlardan sonra seçim ABŞ-ın elmi dairələrində əlaqəsi olan akademik Məmmədpaşa Quluzadənin üzərində dayandı, o, kömək etməyə söz verdi və biz onun üçün Texasa ezamiyyət təşkil etdik. O vaxtlar ildə yalnız bir dəfə 10-15 günlüyə xaricə getmək olardı. Ancaq bu az idi. Biz Babayevlə birlikdə  Moskvaya uçduq və SSRİ Nazirlər Soveti yanında Dövlət elm və texnika komitəsi  (DETK) sədrinin müavini Cermen Qvişiani ilə görüşdük. O, partiya və dövlət xadimi Aleksey Kosıginin kürəkəniydi və böyük nüfuza malik idi. O, bizi çox yaxı qarşıladı, biz ona “Mohol” haqqında,  planlarımız barəsində danışdıq. O, bu amerikan layihəsi ilə yaxından maraqlandı və bizə “yaşıl işıq” verdi. Bir-iki səfərdən sonra Məmmədpaşa Quluzadə dedi ki, qurğunun yerini və texniki xarakteristikasını bildiyini təsadüfən ağzından qaçıran bir alim tapa bilib. Özü də alim bunu “Gəncə” konyakının təsiri altında edib! Ancaq “Mohol” adlandırılan və ABŞ-ın milli elmi fondu tərəfindən icra olunan YÜNP haqqında informasiya ciddi şəkildə məxfiləşdirilib və MKİ-nin nəzarəti altındadır. Akademik Məmmədpaşa Quluzadəni bir neçə şüşə “Gəncə” konyakı ilə təchiz edildi, amerikalı alimlə daha da sıx əlaqə yaratmaqdan ötrü yenidən Texasa yolladıq. “Kontakt alındı! “Gəncə”konyakı öz işini gördü!”- deyə akademik Bakıya qayıdıb “Mohol” barəsində ətraflı danışdıqdan sonra  sevinclə ucadan dedi. Belə məlum oldu ki, amerikalı “Mohol”un elmi texniki şurasına daxildir. Alimlər elmi konfranslarda görüşməyə razılaşdılar. Öncə bu Yaponiya, sonra isə Bolqariya idi. Və burada qəribə bir hadisə baş verir. Amerikalı Bakıda “Neft daşları”nı görmək  arzusunda olduğunu bildirir, ancaq pasportuna vurulacaq sovet ştampı karyerasına son qoya biləcəyindən bunu edə bilmir. Öncədən təlimatlandırılmış Məmmədpaşa Quluzadə yüksək vəzifəli bir dostunun köməkliyi ilə ona “Neft daşlarına” gizli səfər təşkil edəcəyini söyləyir. Amerikalı buna son dərəcə təəccüb edərək inanmır: “Bu necə mümkündür ki, pasportunda ştamp olmadan bütün Sovet İttifaqından keçib Bakıya gəlib çıxasan? Axı, bu mümkün deyil”. Ancaq Məmmədpaşa Quluzadə onu dilə tutmağı bacarır və o, razılıq verir. Biz belə düşünüb tapdıq ki, guya o, Polşadan Karlovı Varıya dincəlməyə uçur (bir qədər sonra biz bütün sənədləri hazırladıq, guya o, həqiqətən də orada dincəlmişdir). Ancaq Polşanın sərhədini keçəndə onu Moskvaya uçan təyyarəyə oturdub, Şeremetyevo hava limanında yerə endik, təyyarənin trapı yanında onu akademikin dostu, yəni mən qarşıladım. Amerikalının SSRİ-yə gizli səfəri və maneəsiz keçidb getməsi barədə bütün xüsusi xidmət orqanları ilə danışılmışdı. Amerikalıya DTK-nın yalnız qeyri-leqal qonaqlar üçün nəzərdə tutulan,  pasportda ştampı olmayan viza açıldı. Çaşıb qalmış amerikalını pəncərələri pərdəli qara “Volqa”ya oturdub, bir növ DTK-nın mənzil-qərargahı sayılan “Pekin” mehmanxanasına gətirdik. Oturub söhbət etdikdən sonra Bakıya uçmaqdan ötrü “Vnukovo” hava limanına yollandıq. Birinci sıra, birinci yerlər, – hər cür diqqət göstərilən amerikalı  özünə gəlib, baş verənlərə inana bilmirdi. Bakıda böyük təntənə ilə qarşılanma oldu, onu həmçinin bir növ Azərbaycan DTK-nın mənzil-qərargahı sayılan “Köhnə inturist” mehmanxanasında yerləşdirdilər. Əla qidalanma, istirahət, mədəni proqram və iki gündən sonra, yeməklər düzülmüş katerdə, beşimiz – mən, amerikalı, Məmmədpaşa Quluzadə, həmçinin görkəmli alimlər kimi təqdim etdiyimiz DTK polkovniki Sami-Soltan Əfəndiyev və mayor Cabir Babayev, birlikdə “Neft daşlarına” yollandıq. Amerikalı elə bilirdi ki, onunla baş verənlər-yuxudur. Onunçün Qaz 21-də estakadaların üstü ilə, neft çıxarılan, neftçilərin işlədiyi yerlərlə ekskursiya təşkil etdik, o, özü qazmada iştirak edir, fəhlələrlə və rəhbərliklə söhbətlər aparır, “Neft daşları”nın yaranma tarixi və s. ilə  maraqlanırdı. Amerikalı: “Mən sarsılmışam! Nəhayət, arzuma çatdım! Məmmədpaşa, ömürlük sənin dostunam, əvəzində nə istəyirsən, istə!” – deyə söyləyirdi. “Bircə şeydən xoşum gəlmədi, niyə sizin fəhlələr bu cür cəhənnəm şəraitində, açıq havada işləyir?”- deyə amerikalı hiddətlənirdi. Onda Məmmədpaşa Quluzadə tədricən söhbəti “Mohol” layihəsinə yönəldərək dedi: “Elə isə, bizim fəhlələrə kömək et! ”Moholu” mənə göstər, ya da texniki sənədlərini əldə et. Nə qədər pul lazımsa, ödəyərik!” “Yox, bu mümkün deyil, hər şey tam məxfidir, mənim artıq 70 yaşım var, hər şeyi itirə bilərəm, məni tutub, həbs edə bilərlər”, – deyə amerikalı cavab verirdi. Bakıya çatınca yol boyu, sonra da Moskvaya qədər söhbət “Mohol” dan gedirdi, nəhayət, lap uçuş qabağı o, hörmət hissi duyub, qəlbən sevdiyi Azərbaycan neftçilərinə kömək etməyə çalışacağını dedi. “Sizin pullarınız isə, mənə lazım deyil. Alınsa, bunu qəlbimin çağırışı ilə edəcəm!”- deyə amerikalı ayrılarkən söylədi. Dörd ay sonra amerikalı Məmmədpaşa Quluzadəyə zəng edib onu Macarıstanda gözlədiyini dedi və elə oradaca “Mohol”un layihəsinin minlərlə səhifəsini ona verdi. O, bunları necə əldə etmişdi? Bu bizə məlum olmadı.  1964-cü il idi. Heydər Əliyev Azərbaycan DTK-sı sədrinin müavini təyin olundu. Biz tapşırığın yerinə yetirilməsi və Moskvanın təkidlə tələb etdiyi əldə olunmuş böyük layihə barədə məruzə etmək üçün onun yanına getdik. Heydər Əliyev layihəni verməyi qadağan etdi. “Moskvaya deyin ki, Azərbaycan Sovet İttifaqının  neft akademiyasıdır. Özümüz həll edərik!”  DTK-nın sədri Yuri Andropov Heydər Əliyevə böyük hörmət bəsləyirdi, o, layihəni Bakıda tətbiq etməyə icazə verdi. Dəniz-neft dövlət layihə institutunun Elmi tədqiqat institutunda “Mahol”un tədqiq olunması və analoqunun yaradılması istiqamətində ölkənin ən savadlı kadrlarının cəlb olunduğu qapalı laboratoriya yaradıldı, ancaq bu analoq qurğunun surəti olmamalı idi, çünki beynəlxalq qalmaqal düşə bilərdi. Texniki sənədlərin son səhifəsinə çatanda, məlum oldu ki... bu layihənin yalnız yarısıdır. İkinci yarısının tədqiqi hələ neçə illər çəkəcək, - deyə alimlər gileylənirdi. Ona görə də biz Məmmədpaşa Quluzadəni yenidən amerikalı ilə görüşə yolladıq. Amerikalı özü də bu fakta təəccüb edib, layihənin ikinci yarısını əldə etməyə söz verdi. Və bir neçə aydan sonra Finlandiyada layihənin ikinci hissəsini bizə çatdırdı. 1969-cu il idi. Heydər Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi seçilərək, respublikaya rəhbərliyə başladı. O, uzaqgörən siyasətçi idi və dərhal anladı ki, bu layihənin tədqiqi inqilabi hadisədir və ölkəyə böyük mənfəət verəcək. 1978-ci ildə o, Qaradağ rayonunda Bakı dərin özüllər savodunun (BDÖZ) inşasına və YÜNP-nin istehsalına Moskvadan böyük çətinliklə icazə ala bildi. Birinci qurğu Nargin adasına qədər gəlib çatdı və az qaldı ki, aşsın. Layihəni sona çatdırmaq üçün xarici mütəxəssislər cəlb olundu və ikinci qurğu uğurla hazırlandı. Bütün baş verən proses bilavasitə Heydər Əliyevin nəzarəti altında idi. Beləliklə, “Mohol” əməliyyatı və Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan YÜNP istehsalı üzrə SSRİ-də birinci oldu. Sonra bu cür zavodlar Həştərxanda, Saxalində, Şimal dənizində də tikildi. Azərbaycan müstəqillik qazanandan və “Əsrin müqaviləsi” bağlanandan sonra isə BDÖZ ölkənin bütün neft layihələrində fəal iştirak etdi.

        Mənim ilk uğurlu əməliyyatım: qayada gizlədilmiş akvalanq


        Heydər Əliyev öz qiymətli vaxtını əsirgəmirdi və bu ona ölkənin Dövlət təhlükəsizliyini möhkəmləndirmək istiqamətində daha istedadlı əməkdaşları seçib, xidmət üzrə qabağa çəkməyə kömək edirdi. Azərbaycan DTK-nın başlıca funksiyası, dünyadakı bütün xüsusi xidmət orqanlarında olduğu kimi, dövlət əleyhinə ekstremist, konstitusiyaya zidd informasiyanın respublikanın icraedici və qanunverici orqanlarına təqdim etmək, sosial və milli gərginlik mənbələrini üzə çıxarmaqdır. Dövlət üçün dağıdıcı və təhlükəli ola biləcək bu və ya digər təmayülləri də neytrallaşdırmaq gərəkdi.
        “Mənim ilk əməliyyatım 1962-ci ildə baş tutdu. Həris balıqçı olan agentim, təsadüfən, Qaradağ rayonundakı dəniz sahilində, mayakın yanındakı qayaların arasında, sellafon paketdə gizlədilmiş tamamilə təzə akvalanq və dalğıc kostyumu tapmışdı. Mən ora baş çəkib, informasiyanın dəqiqliyinə əmin olduqdan sonra, dərhal Heydər Əliyevə  məruzə etdim. O,  həyəcan siqnalı elan edib bütün şöbə rəislərini yığdı, komissiya yaradıb əməliyyat axtarış tədbirləri həyata keçirmək üçün ayrı-ayrı sahələrdən mütəxəssislər cəlb etdi. Müxtəlif versiyalar irəli sürülürdü, ancaq biz bunun o vaxtlar amerikanların mini sualtı qayıqlarda müxtəlif tapşırıqları yerinə yetirmək üçün İttifaqın ərazisinə yolladığı İran “qeyri-leqal”ı olmasının üstündə  dayandıq. Qayıq yaxınlaşır və kəşfiyyatçılar dalğıc kostyumlarında sahilə çıxırdılar. Bütün ərazi üzrə növbələr gücləndirildi, bütün şübhəli şəxslər saxlanılırdı, Qırmızı bayraqlı Xəzər Donanmasının kursantlarına qədər bütün qüvvələr cəlb olunmuşdu. Əməliyyat hər axşam Heydər Əliyevə məruzə edilməklə,  7-8 ay davam etdi. Nəhayət tapdıq! Bu Qırmızıbayraqlı Xəzər Donanmasındakı bir botsmandan həmin kostyumu və bir kater almış öz vətəndaşımız, həm də partiya işçisi idi. O, gizli surətdə İrana, oradan da ABŞ-a keçmək istəyirdi. DTK-nın İstintaq şöbəsi vətən xaininə 5-dən 7 ilə qədər müəyyən etdi. İş məhkəməyə çatanda, Heydər Əliyev Yuri Andropovun  yolunu azmış vətəndaşlarla profilaktika  işlərinin aparılması barədə yeni fərmanından istifadə etməyi qərara aldı. Heydər Əliyev çox humanist insan idi. O, saxlanan vətəndaşı söhbət üçün yanına çağırtdırdı. Vətəndaş söhbət əsnasında bağışlamasını xahiş edir, “Amerikanın səsi” və “Azadlıq radiosu”nun təsiri altında amansızcasına yanıldığını söyləyirdi. Heydər Əliyev onu yoxlamağı qərara aldı. O vaxt belə bir təcrübə vardı, onsuz da bu insanları bir il nəzarətdə saxlayırdıq. Səhv təkrar olunanda işə yenidən baxılırdı. Məlum oldu ki, bu vətəndaş doğru yola qayıtmağı bacarmışdı. Ancaq iş ondadır ki, Heydər Əliyevin yerinə bir başqası olsaydı, o, bu cür profilaktik söhbətlərlə çətin ki, özünə əziyyət verərdi. İşi yenidən qaldırar, aparılmış əməliyyat barəsində rəhbərlik qarşısında hesabat verərək insanı həbsə atardı. Heydər Əliyevin böyüklüyü də bu cür humanistliyində idi.

        Heydər Əliyev məktəbi

      “Mən uzun müddət xaricdə işləmişəm və bu fəaliyyət, tapşırıqların yerinə yetirilməsində ən yüksək dərəcədə diqqət tələb edirdi. Və mən   Heydər Əliyevlə birgə iş nəticəsində aldığım təcrübəyə minnətar olaraq, nəinki Azərbaycan ərazisində, həmçinin xarici ölkələrdə də əks-kəşfiyyat və kəşfiyyat fəaliyyəti göstərərək, qeyri-leqal, siyasi və elmi-texniki istiqamətlərdə ən yüksək nəticələrlə işləyirdim. Həyatının 25 ilini təhlükəsizlik orqanlarında işə həsr etmiş dahi lider yüksək intizamlı hərbçi, təhlükəsizlik zabiti, xalqına sadiq dövlət məmuru etalonudur. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu dahi şəxsiyyət xüsusi xidmət orqanlarının inkişafını daima diqqət mərkəzində saxlamış, çətin şəraitlərə baxmayaraq, orqanların formalaşmasına böyük əmək sərf etmişdir. Bu, müstəqilliyin qorunması və möhkəmləndirilməsi işində, Azərbaycanın dövlətçiliyi və təhlükəsizliyində  əbədi bir mayakdır. Heydər Əliyev tanrı tərəfindən bəxş olunmuş fenomen istedada malik idi və o, bu istedadı bütün ömrü boyu inkişaf etdirmiş, ölkəsinin xüsusi xidmət orqanlarının müxtəlif strukturlarına rəhbərlik edərkən də, Respublikanın Prezidenti olanda da ondan vətəninin təhlükəsizliyi naminə istifadə etmişdir. Onun əməliyyat fəaliyyətinin keyfiyyəti kamillik dərəcəsinə çatdırılmışdı, o, özünün hər bir əməkdaşını, keçirilən hər bir əməliyyatı mahir zərgər kimi almazdan brillianta çevirirdi. Onun rəhbərliyi altında çalışan hər bir kəs xoşbəxt idi, çünki onlar qoyulmuş məqsədlərə, uğurlu və məhsuldar fəaliyyətə köməklik göstərən böyük həyat akademiyası keçmişdilər. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin qətiyyəti və cəsurluğu nəticəsində respublikanın təhlükəsizlik oranlarında tədricən milliləşmə siyasəti aparılır, gələcək azad Azərbaycan üçün  bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirilirdi. Savadlı, peşəkar milli kadrlar irəliləməyə başladı, təhlükəsizlik xidməti milləti təhlükədən qoruyan, xalqın milli-mədəni elitasının formalaşmasının qayğısına qalan orqana çevrildi. Heydər Əliyev bir çox ziyalı nümayəndələrini və ictimai xadimləri milli ideyalarına görə həbsdən, təhdid və təzyiqdən xilas etdi. Respublikaya rəhbərlik etdiyi dövrdə olduğu kimi, Moskvada işlərkən də, Ümummilli Lider gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi potensialına böyük diqqət ayırırdı. SSRİ-nin bir çox DTK məktəblərində Heydər Əliyevin referatlarından öyrənirdilər. Bu gün gənc nəsil üçün Ümummilli Lider Heydər Əliyevin timsalında, Azərbaycanın hər tərəfli tərəqqisində son dərəcə mühüm xidmətəri olan, dövlətin müstəqilliyi və təhlükəsizliyinin qorunması işinə əvəzsiz töhfələr bəxş etmiş peşəkarlıq, xalqa fədakarlıqla xidmət və Vətənə sədaqət nümunəsini öyrənmək vacibdir. İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin daxili və xarici siyasətinə mənnətdarən sabitlik bizim ölkəmizdə əbədi xarakter  almışdır. Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edir, vətənimizin dünyadakı siyasi, iqtisadi nüfuzu və mövqeyi ildən-ilə daha da möhkəmlənir. Dövlət təhlükəsizliyi orqanları xalqın  maraq və təhlükəsizliyinin etibarlı müdafiəsinə öz layiqli töhfəsini verir”.
          Sonda, Şamil Süleymanov Dövlət təhlükəsizliyi xidmətinin rəisi, Azərbaycanın Milli qəhrəmanı, general-polkovnik Mədət Quliyevə Azərbaycan xüsusi xidmət orqanları veteranlarının  “Alyans” ictimai birliyi üçün yaratdığı gözəl şəraitə görə təşəkkürünü bildirdi.

Müəllif: Vüqar İmanov,
foto: Ceyhun Ələkbərov,
rus dilindən tərcümə: Cəmşid Cəmşidov

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.