Ədəbiyyat İnstitutunda növbəti seminar indoneziyalı yazıçıya həsr olunub
13.03.19
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində İndoneziya ədəbiyyatı ilə bağlı seminar keçirilib.
Seminarda çıxış edən filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov Asiya xalqları ədəbiyyatı ilə bağlı görüləcək işlərdən danışıb. Bildirib ki, bu il Asiya xalqları ədəbiyyatından bəhs edən məqalələr toplusu çap olunacaq. Şöbədə müntəzəm olaraq Asiya xalqlarının məşhur ədibləri ilə bağlı seminar və konfransların keçirilməsi nəzərdə tutulub.
Şöbənin elmi işçisi Leyla Ramazanova məruzəsində indoneziyalı Eka Kurnivanın “Gözəllik başa bəladır” romanını təhlil edib. O, həmçinin bu romanın Nobel mükafatçısı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsəri ilə müqayisəsini aparıb. Qeyd olunub ki, E.Kurnivan bu romanında kolumbiyalı yazıçının magik realizmi, süjet və obrazlar aləmindən bəhrələnib, bəzən bilərəkdən onun personajlarının bəzilərini təkrar edib. Qisas, lənətlənmiş nəsil, dirilmə, qadağan olunmuş məhəbbət, dostluq və rəqabət, xalqın acınacaqlı tarixinin yumorla təqdim olunması bu əsərləri bağlayan ortaq cəhətlərdir. Beş nəslin tarixini təsvir edən “Gözəllik başa bəladır” romanında detektiv məqamlar, folklor materialları süjet xəttinin çoxşaxəli olmasına gətirib çıxarıb. Əsərdə müəllif həm yapon həbsxanalarındakı vəziyyət, kommunistlərin kütləvi şəkildə güllələnməsi və s. kimi real hadisələri, həm də ölülərin xortlaması, öldürülmüş qabanların insana çevrilməsi kimi fantastik hadisələri ustalıqla canlandıra bilib.
Məruzədə E.Kurnivanın yaratdığı obrazların milli kolorit baxımından seçildiyi, hadisələri fərqli təsvir edən yazıçı olduğu diqqətə çatdırılıb. /Azərtac/
|