Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
13.03.19
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, direktor, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli tədbirin məqsədi barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın olduqca əhəmiyyətli olduğunu vurğulayıb və bu istiqamətdə zəngin ədəbi xəzinəyə malik Əlyazmalar İnstitutunun daha məsuliyyətli bir öhdəçiliyə sahib olduğunu vurğulayıb.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” mövzusunda məruzəsində alimin bu yöndə fəaliyyətinin bugünkü gənc nəsimişünaslara doğru bir istiqamət olduğunu qeyd edib.
Sonra Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Nəsimi əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları”, institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətovanın “Salman Mümtaz Nəsimi tədqiqatçısı kimi”, institutun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nəzrin Atabəylinin “Nəsimi əlyazmalarının Türkiyə nüsxələri” mövzularında məruzələri dinlənilib.
|