Fəxrəddin Teyyub - Gözünə gün düşənə məktub
11.03.19

Mənim Elçin Hüseynbəyliyə borcum var. Borclu ola-ola başımı dik tutub gəzirəm. Biri demir ki, borcun varsa qaytar da...

Pul-zad almamışam e... haqqımda bir yaxşı yazı yazıb, o yazı borcunu deyirəm. Son zamanlar bilmirəm bu borc məsələsi məni niyə bu qədər düşündürür. Əslində bu düşüncə normal bir düşüncədir. Hər bir əməlin qarşılığı olmalıdı. Sənin üzünə gülüb, sənə xoş bir söz deyirlərsə, sən də eynilə gərək təbəssümünü əsirgəməyəsən. Nədənsə, mənim üçün tərəzinin maddiyyat gözündən çox mənəviyyat gözü həmişə ağır gəlib. Ona görə də müəllimin borcunu qaytarmaq istəyirdim. Bu borc məsələsinə bir az aydınıq gətirim. Hələ gənclik vaxtlarımda ara-sıra şeirlərimi dövri mətbuatda çap elətdirirdim. Vəzifə başımı qatandan sonra, sözün əsl mənasında, sözə xəyanət elədim. Yəni mən sözə xəyanət edən adamam. Odur ki, vəzifə ilə yaradıcılıq heç cür bir-biriylə uyuşmur. Vaxt tapmırsan ki, qələmi, varağı götürüb masa arxasınna keçəsən. Hər şeyin sonu olduğu kimi, istefaya getməyin də vədəsi gəlib çatdı. Ötürdüyüm boş illəri doldurmaq üçün təzədən qələmə sarılmağa qərar verdim. Hələ 1978-ci ildə "Ulduz" jurnalında şeirlərim çap olunmuşdu. Təzə yazdığım şeirləri də və o jurnalı da qoltuğuma vurub "Ulduz" jurnalı redaksiyasına getdim. Getməmişdən qabaq jurnalın baş redaktoru haqqında bəzi məlumatları topladım. Kimdən soruşdumsa, yaxşı insandı, - dedi.

Kabinetinin qapısı açıq idi. Salam verib özümü təqdim etdim. Kompüterdə nəsə yazırdı. Başı aşağı idi. Salamımı aldı. Haçandan-haçana başını qaldırıb üzümə baxdı. Buyurun, ağsaqqal, - dedi. Şeir gətirmişəm, Elçin müəllim, - dedim. Şeirlərim çap olunan "Ulduz" jurnalını qabağına qoydum. Baxdı, hə, bizdə çap olunmusan, lap yaxşı, - dedi. O vaxt Elçin müəllimin müavini olan Qulu Ağsəs içəri girdi. Qulu, - dedi, bu qardaş şeir gətirib, birini oxusun, qulaq as, əgər xoşuna gəlsə, kompüterdə yığdırıb gətirər. Yox, sən Allah, oxumasın, gətirər oxuyarıq, - dedi. Sözün açığı, bir az pərt oldum. Və tez də özümü ələ aldım. Pərtliyimi büruzə vermədim. Adam öz şeirini oxuyanda ürəknən oxuyur, - dedim. Ayağa durub getmək istəyəndə, birdən Qulu Ağsəs, yaxşı, oxu, oxu, - dedi. Oxudum, hiss elədim ki, şeirim Qulu Ağsəsin xoşuna gəlib. Qardaş, sən şairsən, - dedi, şeirlərini kompüterdə yığdır gətir, verərik. Sonra Elçin müəllim üzünü mənə tutub dedi: qonşu otaqda şeir bölməsində Fərqanə xanım var, şeirlərini ona təqdim edərsən. Hər ikisinə təşəkkürümü bildirib, qonşu otağa, Fərqanə xanımın yanına keçdim. Məni çoxdanın tanışı kimi qarşıladı. Sizin imzanız mənə tanışdır, - dedi. Çox sağ olun, - dedim. Tam səmimiyyətlə deyirəm, ürəyimdən keçdi ki, bu tərbiyəli, ədəb-ərkanlı xanımdan adama yaxşı bacı olar. Oldu da! Ona ayrı bir yazı həsr edəcəyəm, inşallah.

Yazıçılar Birliyinin hündür pilləkənlərindən düşəndə qəlbimdən qəribə bir duyğu keçdi, bu insanların isti təbəssümləri günəşin işığı kimi ürəyimə dolmuşdu. Şeirlərim "Ulduz" jurnalında çıxacaqdı. Sevincimin həddi-hüdudu yox idi, axı söz məni bağışlamış və mənim günahımdan keçmişdi.

Natəvan klubunda Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin keçmiş müdiri, mərhum Hacı Mirəziz Seyidzadənin həm 65 illik yubileyi idi, həm də "Divan"ının təqdimatıydı. Ona həsr etdiyim şeirimi oxudum. Tədbiri Elçin Hüseynbəyli aparırdı. Birdən üzünü Fərqanə xanıma tutub dedi: bu şeiri də o biri şeirlərə əlavə elə, yaxşı şeirdi, - dedi. Elçin Hüseynbəyli kimi böyük bir yazıçının dəyərli söz adamları qarşısında mənə şeirimi bəyəndiyini deməsi çox qürurverici idi. Mən onun bu kübarlığını ömrüm boyu unutmaram. Natəvan klubunda ikinci kitabımın, "Kölgəm mənim yol yoldaşım"ın təqdimatı keçirilirdi. Elçin müəllim gözəl bir çıxış elədi. Yavaş-yavaş gəlirəm mətləbin üstünə. Bütün bunlar azmış kimi, bir gün telefonuma zəng gəldi. Elçin Hüseynbəyli idi. Qardaş sənin haqqında bir yazı yazmışam, "Lent.az"-da, "Şeir oxuyan polkovnik", oxuyarsan, - dedi. Elçin müəllim, məni lap utandırırsınız, - dedim və xəyalım məni qeyri-ixtiyari 70-ci illərə apardı. O vaxtlar ədəbi orqanlarda çap olunmağın özü bir hadisə idi, nəinki kimsə kiminsə haqqında yazı yazsın. Bütün bunları ürəyi dağ boyda olan Elçin Hüseynbəyli edə bilərdi. Elçin Hüseynbəyli o nadir yazıçılardandır ki, istedadı ilə şəxsiyyəti üst-üstə düşür. Mənə elə gəlir ki, sadəliyin böyüklük olduğunu ondan yaxşı heç kim bilmir. Əsl nümunə özüdü. Maddiyyatsızlığın tüğyan etdiyi, murdar kapitalizmin hər birimizə diş qıcadığı bir dönəmdə mənliyini və qürurunu qoruyub saxlamaq və heç kəsin qarşısında əyilməmək hər kişinin işi deyil. Müqayisələr və paralellər o qədərdi ki... Vəzifədən çıxan adamların sındığının, kreslolarını itirən kimi özlərini də itirdiklərinin dəfələrlə şahidi olmuşam. Mərhum Bəxtiyar Vahabzadənin "Dünyaya gəlməmiş bilmirdin nə var, gedəndən sonra da bilməyəcəksən" misralarını körpüyə döndərib üstündən keçən Elçin Hüseynbəyli şuxluğunu heç nə olmayıbmış kimi saxlaya bildi. Təbəssümündə, sifət cizgilərində nə pərtlik, nə də narahatlıq duyulmadı. Çoxlarına vəzifədən çıxmağın ədəb-ərkanını öyrətdi Elçin Hüseynbəyli...

Fevral ayının 6-da Natəvan klubunda Qarabağ faciəsi haqqında yazdığı "Fatihə", "Qaçaq qocalar" pyesləri və "Yenə iki od arasında" romanından sonra növbəti - "Gözünə gün düşür" kitabının təqdimatı keçirilirdi. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı hörmətli Anar başda olmaqla hamı tədbirdə idi. Möhtəşəm bir tədbir keçdi. Çıxış edənlər yeni kitabı münasibətilə Elçin müəllimi təbrik etdilər. Zalda ömür-gün yoldaşı Dürdanə bacı gözümə sataşdı. Yaxınlaşıb, - təbrik sizə düşür, bacı, - dedim, əsas məsələ stəkanda soyumuş çayı dəyişdirməkdi. Elçin müəllimdə vaxt nə gəzir, çayı vədəsində içsin.

Tərcümə Mərkəzinin sədri, istedadlı qələm sahibi Səlim Babullaoğlunun çıxışı xoşuma gəldi, ürəyimdən xəbər verdi. "Üzünə gün düşür" kitabını dövlət mükafatına təqdim etmək təklifini səsləndirdi. Bir anlıq fikirləşdim ki, mənə söz versəydilər, bilirsiniz nə deyərdim? Deyərdim ki, biz yaxşını təqdim edə bilmirik. Kiminsə uğurunu gözümüz götürmür. Paxıllıq və qısqanclıq içimizi güvə kimi yeyir, sarmaşıq kimi ruhumuza elə sarmaşır ki, heç cür ondan yaxa qurtara bilmirik. Hamı deyir ki, vətəni sevmək və onu təbliğ etmək hər birimizin borcudu. Niyə durmuşuq və nəyi gözləyirik? Elçin Hüseynbəyli özü boyda vətəndi... tanıdaq da bu vətəni dünyaya... Mən anlamıram, fəxrlə əsərlərindən sitatlar gətirdiyimiz türk yazarı Orxan Pamukun, Çili xalqının fəxri Pablo Nerudanın, Stefan Sveyqin Elçin Hüseynbəylidən nəyi artıqdı? Yeri gəlmişkən, yəhudi əsilli Avstriya yazıçısı Stefan Sveyqin "Naməlum qadından məktub" adlı novellası var. Hətta sonralar o novella ekran üzü də gördü. "Gözünə gün düşür" kitabındakı hekayələrin hər biri süjet xəttinin mükəmməlliyi və fikir tutumuna görə adını çəkdiyim o novelladan heç də geri qalmır. Kitabın rəssam işi də təqdirəlayiqdir. Ədalət təbəssüm sarıdan çox varlıdı. Qayğıların girdabında boğulsa da üzündən təbəssüm əksik olmur. Hər kəsin qəlbində heykəlini qoyub.

Elçin Hüseynbəyli klassiklərdən Ə.Haqverdiyevdən, N.Vəzirovdan, Y.V.Çəmənzəminlidən, C.Məmmədquluzadədən yetərincə bəhrələnmiş, onların yazı manerasını məharətlə öyrənmiş və öz yaradıcılığında ana xətt olan müasirliyi daha da inkişaf etdirmişdir. Dediklərimə ən gözəl nümunə "Boz eşşəyin məktubları" və "Boz eşşəyin məktubuna cavab"dı. Yazı adamlarının qəribə bir şakəri var, tez-tez kimi kiminləsə müqayisə edirlər. Mənə elə gəlir ki, Elçin Hüseynbəylini kiminləsə müqayisə etmək günahdır. Heç kəsə bənzəmir axı. Hansı əsərini oxuyursan mükafatın ətri gəlir. Dili o qədər zəngin və axıcıdı ki, adama qartal uçuşunu xatırladır. Ömrünün ən müdrik çağını yaşayır Elçin Hüseynbəyli... Ulu Tanrıdan ona möhkəm cansağlığı diləyirəm ki, yazacağı əsərlərindən biri Nobel mükafatına tərəf yol götürüb getsin.

Bir neçə gün bundan qabaq Yazıçılar Birliyinə getmişdim. Fərqanə xanımın ad gününü təbrik etməyə. Dəhlizdən keçəndə, adəti üzrə Elçin müəllimin iş otağının qapısı açıq idi. Salamlaşdıq. Elə bil gözümə qayğılı göründü. Söhbət əsnasında, - Yaman darıxıram, - dedi. Bilmirəm fərqində oldu, ya yox, bu darıxmaq sözü mənim yeddi qatımdan keçdi. 1992-ci il oktyabrın 8-dən 21-ə kimi Ağdam şəhərinin Yetim Cinni kəndində, Fərrux dağının aşağısındakı orta məktəbdə yerləşmişdik. Murdar ermənilərlə üz-üzə dayananda vətənin böyük bir parçası olan Qarabağ üçün darıxırdım. Ancaq Elçin müəllimin darıxmağı daha fərqli idi. Bu kəlmədə düşmən tapdağında qalan Cəbrayılda, məzarlıqda uyuyan ata-anasının məzarı üçün, köç havasına köklənmiş, kədər qarışıq bir inilti, sızıltı varıydı. Ömrü boyu hamıya səbir dərsi keçən bir adama, Allah səbir versin deməkdən vaz keçdim. Hər şeyi Allah yoluna qoysun, - dedim.

Yazımın son cümləsinin nöqtəsini qoyanda dərindən nəfəsimi dərdim. Borcu qaytarmaq duyğusu nə gözəl duyğuymuş, deyə düşündüm. Elə bil illərlə adamın çiyninə qoyulan yük götürülür və adam özünü rahat hiss edir. Bir daha yaddaşımı qurdaladım, nəyinsə yadımdan çıxmadığına əmin olmaq üçün. Bilmirəm ürəyimi boşalda bildim, ya yox, özündən soruşacağam, düzünü deyəcək. Masa arxasından durmaq istəyəndə Elçin Hüseynbəylinin uca boyu gözümün önünə gəldi. Fikirləşdim ki, Elçin müəllim boyunun uca olmağının sirrini bilmir. Mənə elə gəldi. Yaxşısı budur bu sirri açım. Sirri açım deyəndə, bunun bir izahı var - Allah-taala ən çox sevdiyi qələm adamının boyunu ona görə uca yaradır ki, qulaqlarına söz pıçıldayanda əyilməsin. Tanrıdı axı...

Qulaqlarından Tanrı pıçıltısı əksik olmasın, Elçin müəllim!

/adalet.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.