Siyasi Büronun artıq üzvləri, ermənilərin xroniki separatizmi və zabit ləyaqəti...
07.03.19

“Azərbaycan xüsusi xidmət orqanlarının əfsanələri”

   * * *
Birgə layihə (FOTO)


Bu il martın 28-də Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasının 100 ili tamam olur. Azərbaycan xüsusi xidmət orqanları veteranlarının “Alyans” ictimai birliyi, Trend İnformasiya Agentliyi və Dey.Az-ın bu tarixə həsr olunmuş “Azərbaycan xüsusi xidmət orqanlarının əfsanələri” birgə layihəsini təqdim edirik.

         Növbəti müsahibimiz gənc yaşlarından rus dili və ədəbiyyatı müəllimi olmaq arzusu ilə yaşasa da, həyatının 30 ildən çoxunu xüsusi xidmət orqanlarında işə həsr etmiş, sovet dövründə Azərbaycan SSR KP MK-nın Birinci Katibi Heydər Əliyevi səfərlərində müşayiət etmiş, Qarabağda erməni separatçılığı ilə mübarizə aparmış, Azərbaycanın müstəqillik illərində isə Naxçıvan Muxtar Respublikasında erməni silahlı qüvvələrinə müqavimət göstərmiş, bir çox mükafatlara layiq görülən, əməliyyat işçisi, ehtiyatda olan polkovnik Arif Məmmədhəsən oğlu Zeynalovdur.  Biz  Arif Zeynalovla birlikdə onun Azərbaycan xüsusi xidmət orqanlarının tarixinə yazılmış şərəfli həyatının səhifələrini vərəqlədik.
        Arif  Zeynalov 1939-cu il iyunun 18-də Hacıqabulda doğulub. Uşaqlıqdan Azərbaycan və rus ədəbiyyatına böyük maraq göstərib. Müəllimlik ən alicənab peşə, ən böyük hörmətə və ehtirama layiq bilinirdi, axı ölkənin gələcəyi müəllimlərin gənclərə hansı bilik və təcrübə verə biləcəyindən asılıdır. Ancaq o, hələ bilmirdi ki, gələcək taleyi daha çətin və  qeyri-adi insani keyfiyyətlər tələb edən bir peşə ilə bağlı olacaq. O, Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olur və orada nəinki fəal bir tələbəyə çevrilir – artıq ikinci kursda komsomol təşkilatının sədri seçilmişdi. İnstitutu da fərqlənmə diplomu ilə bitirir. Ali məktəbdən sonra doğma Hacıqabula qayıdır  və ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərir. İctimai işlərdə fəallığına və müvəffəqiyyətlərinə görə Əli-Bayramlı şəhər komsomol komitəsinin  birinci katibi seçilir. Elə həmin vaxt da onun həyatında köklü dəyişikliklər baş verir. 

           Növbəti görüşümüzdə Sizi general görmək istərdim

        1965-ci ildə Arif Zeynalovu DTK orqanlaına dəvət edirlər. O, xüsusi komissiyadan və müsahibədən keçsə də, ən son anda Azərbaycan  LKGİ MK-sı onu buraxmır. O vaxt Mərkəzi Komitənin birinci katibi Maqsud Əlizadə onu dəvət edib deyir: “Sənin hələ heç 26 yaşın yoxdur, şəhər komitəsinin birinci katibisən, hara tələsirsən?”. Eyni zamanda o, Əli-Bayramlı DRES-dəki birinci komsomol zərbəçi tikintisinin ştab rəisi idi. Fəal ictimai iş aparır, qurultaylarda çıxış edir, Türkmənistanda və Litvada gənclərdən ibarət nümayəndə heyətinə başçılıq edirdi. Arif Zeynalov artıq tanınmış şəxs idi, onun barəsində “Komsomolskaya Pravda” qəzeti və digər mətbu orqanları  da yazmışdı.
       “1967-ci ildə Azərbaycan DTK-nın sədri Semyon Tsiviqunun yerinə,  ilk növbədə yeni, gənc milli kadrlarların seçilməsini qarşısına məqsəd qoyan Heydər Əliyev təyin olunur. Ona, baxılmaqdan ötrü, orqanlarda işləmək üçün təklif olunanların şəxsi işlərini təqdim edirlər, o namizədlərin  arasında mən də vardım. İki il öncə Komsomol MK-nın məni  buraxmadığını da ona demişdilər. Heydər Əliyev “ Onda buraxmamışdılar, indi buraxalar”, dedi və məni onunla müsahibəyə bəvət etdilər.  1967-ci il sentyabrın əvvəli idi. Onun iş otağına daxil olarkən, aldığım ilk təəssürat unudulmaz idi –  ucaboy, səliqəli və yaraşıqlı, tünd boz rəngli kostyumda bir polkovnik. O, masanın arxasından durub xeyirxahlıqla salamlaşaraq, dodaqlarında təbəssüm, maraqlı bir ifadə işlətdi: “Sən Arif Zeynalova o qədər də oxşamırsan. Səni azərbaycanlıdan başqa kimin yerinə desən qəbul etmək olar”.  Heydər Əliyevlə tanışlığım belə baş tutdu. Söhbətimiz iki saat çəkdi, hər şey – musiqi, ədəbiyyat, tarix, klassiklərimiz barəsində danışdıq. O, məni öz erudisiyası, bütün sahələri əhatə edən fundamental bilikləri ilə heyran qoydu. Elə həmin vaxtlarda, 1967-ci il sentyabrın 1-də, SSRİ DTK-nın 5-ci İdarəsi – düşmənin ideoloji diversiyaları ilə mübarizə xətti üzrə  əks-kəşfiyyat  fəaliyyətinə cavabdeh struktur bölməsi yaradıldı. Bütün respublikaların DTK-da ziyalılarla, yaradıcı insanlarla və idmançılarla iş aparmaqdan ötrü komsomol fəallarının cəlb olunduğu müvafiq şöbələr yaradıldı. Və Heydər Əliyev məni bu quruma məsləhət gördü. Hətta vəsiqəmin blankı da masanın üstündə hazır idi, yalnız qol çəkmək qalırdı. Sonda o, dedi: “Arif, hesab edirəm ki, söhbətimiz baş tutdu. Komsomoldan ayrılacağın istədiyin vaxt sənə DTK-da yer var”. “Mənim də arzum var”,  deyə ona cavab verdim, “gələn görüşümüzdə Sizi general görmək istərdim”. Güldü. Belə də oldu, çox keçmədən onu general-mayor rütbəsinə təqdim etdilər. 1967-ci il dekabrın əvvəllərində məni 5-ci şöbənin, partiya və sovet xadimlərinə, deputatlara və digərlərinə ünvanlanmış təhdidedici anonim məktub  müəlliflərinin  axtarışı  ilə  məşğul olan 4-cü bölməsinə təyin etdilər. Özü də, xüsusi hazırlıq keçmədən, bu nadir hallarda olurdu.
       Elə ilk günlərdən özümü işimin xüsusiyyətlərinə aid olan dərsliklərlə və dərs vəsaiti ilə əhatə etdim. Bir on gündən sonra isə Heydər Əliyev gözlənilmədən iş otağıma gəlib ilk iş günlərimlə maraqlandı. Masamın üstündəki kitabları görəndə isə soruşdu: “ Bu nədir belə, iş vaxtı ədəbiyyat oxuyursan?” “Bu ədəbiyyat deyil”, dedim , “yeni işimə aid dərsliklərdir”. O, kitabları vərəqləyib, razılığını bildirdi: “Sən, görünür, çox məsuliyyətlisən. O birilər gözləyir ki, nə vaxt öyrədəcəksən. Ancaq sən lazım olan dərslikləri özün tapmısan”. Bir dəfə o, mənə orijinal bir fikir söylədi: “Mən bilirəm ki, sən natiqlik sənəti ilə, diksiyası, çox danışa bilmək qabiliyyəti ilə seçilən komsomol işçisisən. Ancaq bil, DTK orqanlarında  çox danışmağı unutmalısan” (gülür). 1968-ci il yanvarın əvvələrində məni Kiyevdəki DTK məktəbinə göndərdilər. Bu yaxşı şəraiti, əla müəllimləri olan nüfuzlu məktəb idi, əməliyyat heyətinin altı aylıq təhsili isə iki il hesab olunurdu. Mən bu məktəbi fərqlənmə ilə bitirdim. 1982-ci ildə isə oradaca rəhbər heyətin təkmilləşmə kursunu fərqlənmə ilə başa vurdum. Hələ sonra Moskvada SSRİ DTK-nın, aralarında otuz polkovnik və iki general olan ali rəhbər heyətinin məktəbini də bitirdim”
      Yaradıcı ziyalılarla iş əsnasında  DTK orqanlarının diqqətini bir qayda olaraq öz əhatəsində sovet quruluşunun əleyhinə yönəlmiş yolverilməz fikirlər söyləyən  şəxslər  cəlb edirdi.
         “Bizə həmişə qərar qəbul edərkən tələsməməyi təlqin edirdilər. Hətta Azərbaycan DTK-nın sədri Vitali Krasilnikov (əlbəttə ki, o, bunu Heydər Əliyevdən öyrənmişdi) deyirdi: “Ziyalılara yarlıq asmağa tələsməyin. Yarlıq asmaq asandır. Öncə araşdırın.” Bizi məharətlə, zərgər dəqiqliyi ilə işləməyə yönəldirdilər. Bu ağır iş idi. DTK-nın daha “sərt” iş metoduna öyrəşmiş bəzi köhnə işçiləri, bəzən bizə guya işimizdə liberallığa və iradəsizliyə yol verdiyimizi deyirdilər. Ancaq biz hesab edirdik ki, insanı nahaq yerə sarsıtmaq olmaz. Bizdə Heydər Əliyevin göstərişi vardı: insanları danışdırmaqdan ötrü bizim binaya çağırmağa tələsməyin. Onlarda DTK-dan 1937-ci ilin xofu qalıb. Onların təmasda olduğu insanların əhatəsini müəyyən etsəniz daha yaxşı olar, yəni bu insan kimə daha çox hörmət edir, kim onun üçün daha çox nüfuz sahibidir. Həmin o nüfuz sahibi vasitəsi ilə biz bu adama Azərbaycan DTK-nın rəhbərliyi adından xahişimizi çatdırırdıq. Bu da işə yarayırdı. Heydər Əliyev bu cür tədbirləri bəyənirdi: təqib etməmək, iş yerində haqlarını pozmamaq, insan öz qeyri-adi düşüncə tərzinə görə cəza çəkməməlidir. Bir də o, bizə ziyalılarda mövcud olan, hətta məişət səviyyəsinə qədər problem və çətinliklərə diqqət yetirməyi, imkan daxilində onlara əl tutmağı, narazılıqlarının əsl səbəbini üzə çıxarmağı xahiş edirdi”.

          Erməni separatizmi

       Ötən əsrin 60- cı illərində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində qədim Azərbaycan torpağını güclə Ermənistana birləşdirmək sevdasında olan erməni əhalisinin separatist təzahürləri çox tez-tez özünü göstərirdi. Bu məqsədlə Ermənistan və onun daşnaq ideoloqları tərəfindən Dağlıq Qarabağın erməni əhalisi arasında planlı şəkildə fəal tədbirlər görülür, müvafiq ədəbiyyat yayılır, silah paylanırdı. 1967-ci il iyulun 3-də Stepanakertdə (indiki Xankəndində) kütləvi qarışıqlıq baş verdi, azərbaycan əhalisi arasında tələfat vardı, onlarla milis əməkdaşı ciddi bədən xəsarəti almışdı. Respublika DTK-sı prokurorluqla birlikdə cinayət işi qaldırdı. Heydər Əliyev, polkovnik Firidun Heydərov başda olmaqla təcrübəli briqada təşkil edib, onların fəaliyyətini şəxsi nəzarətinə götürdü. Bundan əlavə o, şəxsən özü Stepanakertə yola düşüb 15 gün orada qaldı.  İş üzrə istinqaq bir ilə qədər davam etdi, nəticədə 20 nəfərdən ibarət böyük bir erməni  qrupu cinayət məsuliyyətinə cəlb olundu.
      “1968-ci ilin yayı. Qarışıqlıq təşkilatçılarının məhkəmə prosesi ərəfəsində Stepanakertdəki vəziyyət yenidən kəskinləşdi. Müttəhimlərin valideynlərinin məhkəmənin qərarına təsir göstərmək məqsədi ilə etiraz aksiyalarına hazırlaşması barədə məlumat daxil oldu. Heydər Əliyev təxribatçıları üzə çıxarmaq və hərəkətlərini neytrallaşdırmaq üçün təcrübəli əməliyyatçılar briqadası yollamağı qərara aldı. Mən Kiyevdəki DTK məktəbindən yenicə qayıtmışdım və məni dərhal həmin əməliyyat qrupuna daxil etdilər. Heydər Əliyev fikirləşdi: qoy gənc əməkdaş öz nəzəri biliklərini təcrübədə sınayıb, ən çətin tapşırıqdan başlasın.
       “Yola düşməzdən öncə o, bizi çağırtdırıb, ətraflı şəkildə təlimat verdikdən  sonra dedi: “Vicdanla işləyin, bütün təxribatçıları, ən radikal və qatı millətçiləri üzə çıxarın. Yerli əməkdaşlara o qədər də inanmayın. Bir də ki, Stepanakertdə yalnız səhərlər işləyin, axşama  qalmayın. Onlardan istənilən təxribatı gözləmək olar. İşi qurtardız, bir baş Ağdama. Mən Ağdam rayonu partiya komitəsinin birinci katibinə tapşırmışam, orada qalmaqda, təminatda problem olmayacaq”. Biz aparılan əməliyyat fəaliyyətinin nəticələri barədə Heydər Əliyevə hər gün məruzə edərək bir aya yaxın işlədik. Tapşırığı yerinə yetirdik! Bu mənim ilk cox ciddi tapşırığım idi. Bu arada Bakıda Stepanakert hadisələrinin təşkilatçıları və ən fəal üzvlərinin məhkəməsi başlandı. 14 nəfər müxtəlif müddətə azadlıqdan məhrum olundu, beş nəfərə ən yüksək cəza, – ölüm cəzası oxundu. Üç nəfər barəsində ölüm hökmü yerinə yetirildi. Təhqiqatın gedişi zamanı Yerevan şəhərinin vətəndaşı, Qriqoryan adlı birisi gizli silah yeri barədə, DQMV-nin partiya və sovet fəallarına qarşı  terror aktı hazırlayan bir qrupun mövcud olduğunu xəbər verdi. Həmçinin, DQMV DTK rəhbərliyinin gücləndirilməsi barədə də qəraq qəbul olundu. Heydər Əliyev vilayət DTK-sı rəhbərliyinə erməni millətinin nümayəndəsinin təyin olunmasına etiraz edirdi və orada işləməyə rus millətindən olanın göndərilməsinə  Moskvanı  inandıra  bildi.  Namizədliyini də özü seçdi,  onun rəhbərliyi altında çalışmış, yerli, yoxlanmış kadrlardan biri idi. Keçən əsrin 60-cı illərində erməni separatizminin qarşısını Heydər Əliyev belə aldı”.

           Heydər Əliyevin mühafizəsində və ya “mövcud olmayan”
           Siyasi Büro üzvlərinin portretləri

  1969-cu ildə Heydər Əliyevi Azərbaycan SSRİ KP MK-nın Birinci katibi seçdilər və o, respublikanın rəhbərliyinə keçdi. Və onun bölgələr üzrə  ilk səfəri də Arif Zeynalovun vətəni Hacıqabula oldu. Orada regionu və Bakını içməli su ilə təmin etmək üçün su kanalı tikilirdi. Ona görə də Azərbaycan DTK-nın sədri Vitali Krasilnikov Arif Zeynalovu mühafizə və müşayət qrupuna daxil etdi. Və 1982-ci ilin sentyabrına, Heydər Əliyevin Zaqafqaziya hərbi şurasının iclasında iştirak etmək üçün Yerevana səfərinə qədər (iclaslar növbə ilə Bakı, Tbilisi və Yerevanda keçirilirdi), Arif Zeynalov bu qrupun tərkibində idi. 1980-ci ilə qədər o, 9-cu şöbənin  mühafizə qrupu ilə birlikdə Heydər Əliyevi səfərlərində müşayiət etmiş, daha sonra qrupa rəhbərlik etmişdir.
      “Bu Heydər Əliyevin Azərbaycan Respublikası KP MK-nın Birinci katibi vəzifəsində sonuncu səfəri idi. 1982-ci ilin noyabrında o, Yuri Andropovun dəvəti ilə Moskvaya  işləməyə yola düşdü və orada KP  Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu. Yerevana səfər zamanı Ermənistanın rəhbəri Karen Dəmirçiyan, Heydər Əliyev qalsın deyə, onu hər cür vasitə ilə dilə tuturdu, ancaq o, razılıq verməyərək Naxçıvanda gecələcəyini bildirdi. O, hətta Azərbaycanın sərhəddinə, Sədərəkə qədər müşaiyyətdən də imtina etdi. O illər mən artıq şöbənin rəhbəri, həmçinin respublika rəhbəri Bakıdan kənara yollanan zaman avtomobil müşayiətinə görə cavabdeh idim. Biz mühafizə ilə birlikdə Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh idik. O, uzun illər birgə işlədiyi adamları həddən artıq qiymətləndirir, onları dəyişəndə bunu xoşlamırdı. Bir dəfə mən Kislovodskdə istirahətdə olanda və məni başqa bir adamla əvəz edəndə, o, hətta öz etirazını da bildirmişdi. Yeri gəlmişkən, səfərlər zamanı o heç vaxt mehmanxanalarda qalmaz, yalnız yaxınlıqdakı dəmir yolu qovşağında mühafizə olunan qatarda gecələyirdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev inanılmaz enerjiyə malik, təəccüb doğuracaq dərəcədə çalışqan bir inşandı, onu ölkənin bölgələrində böyük hörmət və ehtiramla qarşılayır, ürəkdən sevirdilər, o daima  zəhmətkeşlərin problemləri ilə maraqlanır, bu problemləri qısa zaman ərzində həll edirdi.  Özü də hər bir şikayət məktubu ilə şəxsən tanış olur, lazımi tədbirlər görməyi tapşırırdı. O, çox tələbkar, ancaq daha çox ədalətli idi. Bu bir fenomen idi!
       Bundan əlavə, 13 ilin ərzində bölgələrə səfərlər zamanı mən cəmi iki dəfə onun yarım stəkan su istəməsinin şahidi olmuşam. Bu yayın qızmarında Ağcabədidə və Bərdədə olub. O, səhərdən ta ki, axşamdan keçənə qədər işləyirdi, bu qədər gərginliyə o necə dözürdü, – ağlasığan deyildi! Biz heç olmasa ayaqüstü nəsə bir qəlyanaltı edirdik, o isə bunu da özünə rəva bilmirdi. Bir qayda olaraq zona müşavirələri saat beşdə başlayırdı. Saat onda qurtaranda biz sevinirdik (gülür). Ümumiyyətlə, Heydər Əliyev heç vaxt axşam saat 11-dən tez işdən getmirdi. Mən onun tapşırıqlarını həmişə dəqiqliyi ilə yerinə yetirməyə çalışırdım. Mənə olan birinci və sonuncu iradını isə Şuşaya, Molla Pənah Vaqifin heykəlinin açılışına yollandığımız səfər zamanı bildirmişdi. İş ondadır ki, Heydər Əliyev ictimai çıxışları zamanı toplaşanların arasında polis formasında adamların olmasını qətiyyən xoşlamırdı. Mən bunu bilirdim və bu barədə polis rəisinə demişdım, ancaq o, öz bildiyi kimi elədi. Heydər Əliyev  formada olanları görcək bərk əsəbiləşdi və çıxışından sonra dedi: “Axı, mən sizə xəbərdarlıq etmişdim! “Onun qarşısında bəraət qazanmağa çalışmaq qəti surətdə olmazdı, ona görə də yalnız “günahkaram”, deyə cavab verdim.
        Üstəlik, Heydər Əliyev çox diqqətli insan idi, heç nə onun diqqətindən yayına bilməzdi. 1981-ci ildə Heydər Əliyevin Ağcabədinin pambıq tarlalarına səfəri zamanı baş vermiş maraqlı bir əhvalat danışım. Zəhmətkeşlərlə görüşdən sonra zona müşavirəsi keçirməkdən ötrü mədəniyyət evinə yollanmışdıq. Qabaqda  DAM, sonra Heydər Əliyevin olduğu avtomobil, onların da ardınca ikinci maşında mən, mühafizə və i.a. Gözlənilmədən onun sürücüsü əyləci basır, özü də o cür ki, az qalır ki, onun maşınına çırpılaq. O, avtomobildən düşür, SSRİ Siyasi Bürosu üzvlərinin portretlərini Ağcabədi rayonunun birinci katibinə göstərərək deyir: “Şelepin çoxdan Siyasi Büroda deyil, Kulakov isə ölüb. Niyə onların portretləri burada asılıb? Ağcabədi rayonunun birinci katibi səhvi düzəldəcəyini bildirib, ikinci katibə Şelepinlə  Kulakovun portretini  həmin sıradan çıxarmağa  göstəriş verir. İkinci katib tələsik bunu üçüncü katibə tapşırır, onun  isə  Şelepinlə Kulakovun görünüşündən əsla xəbəri yoxmuş (gülür). Hansı portretləri çıxartsın? Ona görə qərara gəlir ki, necə var elə də qalsınlar, görünür düşünübmüş ki, Heydər Əliyev gec qayıdacaq və fikir verməyəcək. Qayıdan baş elə həmin yerdə Heydər Əliyevin avtomobili yenə əyləci birdən  basır və yenə az qalır ki, onlara çırpılaq. Heydər Əliyev avtomobildən çıxıb yenə qəzəblənir: “Mən sizə dedim axı, bu portretləri yığışdırın.  Bu nə biabırçılıqdır belə?” Sonradan eşitdik ki, heç Ağcabədini rayonunun birinci katib də Siyasi Büronun bu keçmiş üzvlərini sifətdən tanımırmış, ona görə də göstəriş veribmiş ki... portretlərin elə hamısını çıxartsınlar, necə deyəllər, Qordi düyününü birdəfəlik çözələyibmiş “.

           Zabit ləyaqəti

        1982-ci ilin noyabrında Heydər Əliyevin Moskvaya yola düşməsindən sonra Arif Zeynalov beş il Azərbaycan KP-nın birinci katibi Kamran Bağırovu səfərlərində müşayiət etmişdi. 1987-ci ilin yanvarında Arif Zeynalov Naxçıvan Muxtar Respublikası DTK-nın sədr müavini təyin olunur, 1989-cu ilin sentyabrından 1990-cı ilin iyuluna qədər sədr vəzifəsini icra edir. Bu Ermənistan tərəfindən NMR-da stabilliyi pozmaq üçün hər cür cəhdlərin edildiyi çox ağır bir vaxt idi, onlar sərhədyanı Sədərəki daima atəşə tuturdular. Ölkə çox ağır iqtisadi və siyası kollapsda idi, İttifaq dağılır, bu xüsusi xidmət orqanlarında da öz əksini tapırdı.
        “Təsəvvür edin ki, biz, – NMR DTK-nın xüsusi xirmət orqanları, cəmisi beş Kalaşnikov avtomatı ilə  erməni silahlı qüvvələrinə qarşı döyüş növbəsində durmalı və onlara müqavimət göstərməli olurduq.  DTK-nın Bakıdakı mərkəzi aparatına göndərdiyim bütün müraciətlər cavabsız qalırdı. O illər biz fransız  jurnalistindən Ermənistan tərəfdən edilən təcavüz və daşnak bandalarının fəaliyyətindən bəhs edən videofaktlar əldə edib, onları SSRİ DTK-nın sədri Vladimir Kryuçkova və SSRİ-nin rəhbəri Mixail Qorbaçova göndərmişdik. Mən şəxsən Naxçıvan MSSR Ali Sovetinin Sədri Afiyəddin Cəlilovun iş otağından telefonla Kryuçkova zəng edib, yaranmış vəziyyət barədə ətraflı məlumat vermişdim. Ancaq yenə də nəticəsi yox  idi”...
         Bu cür cəhdlər açıq-aşkar Moskvanın xoşuna gəlməmişdi, Arif Zeynalovu Bakıya qaytarıb, il yarım çalışdığı Orjonikidze rayonu DTK-ya rəis təyin edirlər. 1991-ci il avqustun 30-da Azərbaycanın Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının müstəqilliyinin bərpası” barədə deklarasiya, oktyabrın 18-i isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi barədə” konstitusiya aktı qəbul olunur. 1991-ci il noyabrın  1-dən Azərbaycan SSR DTK-sı  Milli Təhlükəsizlik Nazirliyi adlanmağa başladı. Həmin ilin dekabrından Arif Zeynalov MTN Mərkəzi aparatı İdarə rəisinin müavini təyin olunur, 1996-cı ilin yanvarına qədər orada çalışaraq, Şəxsi heyət üzrə Xüsusi inspektorluğun rəis müavini vəzifəsindən pensiyaya çıxır.  Bu dövrdə Heydər Əliyevlə çox maraqlı bir görüş baş tutur...
        “Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin Moskvada gözdən salınması ilə baş verən hadisələri mən böyük ağrı ilə qarşıladım. 1987-ci ilin oktyabrında Heydər Əliyevi “səhhətinə  görə” tutduğu bütün vəzifələrdəm kənar etmək barədə qərar isə ölkə üçün bu qədər iş görmüş bir insana qarşı son dərəcə haqsızlıq idi.  Açıq deyəcəm, əgər SSRİ-nin başınada Qorbaçov yox, Heydər Əliyev dursaydı, ölkə dağılmaz, inkişaf edib, daha da güclənərdi.  Və mən Heydər Əliyevi görməyi arzulayırdım. Tanrı dualarımı eşitdi. Bu, 1991-ci ilin iyulunda, o, qardaşları Cəlal və Aqillə “Yeni İnturist” mehmanxanasının yaxınlığında gəzişirkən baş verdi. O vaxt o, hələ Naxçıvan MSSR Ali Sovetinin sədri seçilməmişdi (bu sentyabrın 3-də olmuşdu) və onun həyata “putyovka” verdiyi çoxları ondan üz döndərmişdi. Mən Orjonikidze rayonu DTK-nın rəisi idim və Heydər Əliyevə yaxınlaşıb salamlaşmağı qərara aldım. Yanımda, problemlərim olacaq deyə, məni hər vasitə ilə fikrimdən daşındırmağa çalışan bir nəfər yoldaş vardı. Mən bu yoldaşa dedim: “ Sən nə danışırsan? DTK vəsiqəsini mənə şəxsən Heydər Əliyev təqdim edib, neçə illər bir yerdə işləmişik. Neçə belə nankor olub, nədənsə qorxmaq olar?“ Heydər Əliyevə yaxınlaşıb, hərbi salam verərək dedim: “Cansağlığı arzulayıram, cənab general!” O, mənə baxıb, səni bu hərəkətinə görə cəzalandırarlar, dedi. “Qorxmursan? Mən ki, sənə şəxsən heç nə etməmişəm. Görəsən bu qədər yaxşılıq elədiyim insanlar haradadır?” “Yox, qorxmuram”, deyə cavab verdim, “mən öz generalımı salamlamağı özümə borc bildim! Vaxt gələcək siz özünüz bunu həmin adamlardan soruşacaqsınız, onlara  layiq olduqları qiyməti verəcəksiniz. Və ən əsası, Heydər müəllim, siz hələ Azərbaycanda son sözünüzü deməmisiniz.“ “Sən buna əminsən?” - o, soruşdu. Əminəm” - dedim. Bu görüşdən sonra Azərbaycan SSR DTK-nın sədri Vaqif Hüseynov məni yanına çağırtdırıb, Heydər Əliyevlə olan görüşümə görə öz iradlarını bildirdi. Mənsə ona belə cavab verdim:  “Mən öz generalını salamlayan zabit kimi hərəkət etmişəm. Bilirsən, mən DTK orqanlarına 28 yaşımda gəlmişəm, on il sıravi əməliyyat  müvəkkili işləmişəm, 40 yaşında bölmə rəisi, 47 yaşında Naxçıvanda rəis müavini olmuşam. Səni isə, Heydər Əliyev, 38 yaşında Bakı şəhər partiya komitəsinin birinci katibi, respublikada ikinci adam eləmişdi. Onu mən yox, sən qarşılamalıydın,” -  dedim, çevrildim getdim.
_________________________________________

Müəllif: Vüqar İmanov,
foto: Ceyhun Ələkbərov,
rus dilindən tərcümə: Cəmşid Cəmşidov

































































































Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.