“Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi” adlı birinci kitabı çap olunub
28.02.19
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi” adlı birinci kitabı çapdan çıxıb.
Yeddi yüz səhifəlik monoqrafiyada Nizami irsinin öyrənilmə metodologiyası, şairin dünyagörüşünün əsasları, sənət idealı, düşüncəsinin, “Yeddi Gözəl” məsnəvisinin başlıca qaynaqları, tövhid, ədalət, peyğəmbərlik, rəhmət evi anlayışları, Nizaminin klassik irsə, şeirə münasibəti, iş üslubu, məsnəvinin yazılma səbəbləri, əsərin ithaf olunduğu Əlaəddin Körpə Arslanın tərcümeyi-halı, Səlcuqluların dövlət anlayışı, sözün dəyəri, şairin alim tərifi, ağıllı və imanlı insan tərbiyəsinin yolları, övlad tərbiyəsinin əsasları, elmin mahiyyəti kimi məsələlər əhatə olunub.
Monoqrafiyada Nizaminin türk kimliyinin dəlilləri ortaya qoyulub, “Yeddi gözəl” məsnəvisindən beş yüz otuz iki beyt söz-söz şərh edilib.
Qeyd edək ki, alim bundan əvvəl Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinə on cildlik, yeddi min səhifəlik şərh yazaraq çap etdirib. /Azərtac/
|