Elçin Hüseynbəyli -Bunu etsək, Xocalı soyqırımını bədii baxımdan daha tez tanıda bilərik
27.02.19
“Düşünmürəm ki, haray qışqırıqla, ağlamaqla, kimisə söyməklə nəyəsə nail olmaq olar”.
Bunu açıqlamasında Qarabağ mövzusunda ən çox əsərlər yazan nasirlərimizdən biri Elçin Hüseynbəyli deyib.
O, “çağdaş Azərbaycan nəsrində Xocalı faciəsi ilə bağlı yazılan əsərlərin səviyyəsi qaneedicidirmi?” sualını cavablarkən maraqlı və aktual məsələlərə toxunub:
“Hər zaman deyirəm, bu ağrılı faciədən yazıb, insanlara təqdim edəndə günahsız yerə belə dəhşətli soyqırımına düçar olmamızı motivli şəkildə qələmə almalıyıq.
Yəni, əsaslandırıb, təqdim etmək lazımdır. Düşünmürəm ki, haray qışqırıqla, ağlamaqla, kimisə pisləməklə, kimisə söyməklə nəyəsə nail olmaq olmaz. Bu baxımdan, istər publisistik film, istər sənədli film, istərsə də bədii film, bədii əsər olsun, hamısı çox ciddi şəkildə motivləşdirilməlidir. Həmçinin, həmin materiallar bu faciəni dünyanın anlayacağı dildə hər kəsə çatdırmalıdır.
Həddən artıq pafos, başqa auditoriyanı nəzərə almamaq, əsəri həmin auditoriyanın qavrayacağı dildə təqdim etməmək məni narahat edir. Biz əgər faciəmizi dünyaya tanıtmaq istəyiriksə, bunu dünyanın anlayacağı dildə təqdim etməliyik. Bu məsələlərə çox ciddi yanaşmalıyıq. Həmçinin, öz daxilimizdə də təbliğatda ciddi olmalıyıq.
Bütün bunları nəzərə alaraq, əsərlər yazsaq, Xocalı soyqırımını bədii baxımdan daha tez tanıda bilərik”. /Moderator.az/
|