Azərbaycanlı rejissorun iki filmi beynəlxalq festivalda uğur qazanıb
27.02.19
Meksikanın ən nüfuzlu festivallarından biri olan və dünyanın məşhur Hollivud ulduzlarının qatıldığı III Rosarito Film Festivalında Azərbaycanın iki filmi - “Şollerin arxivi” “Ən yaxşı ssenari”, “Edam günü” isə “Ən yaxşı direktor” kateqoriyası üzrə qalib seçilib.
Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Qeyd edək ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib. /Azərtac/
|