“Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı çapdan çıxıb
26.02.19
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı işıq üzü görüb.
Kitab AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun elmi redaktorluğu ilə nəşr olunub.
AMEA-dan bildirilib ki, monoqrafiya internet mühitində meydana gələn folklor yaradıcılığının spesifikasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklərə, virtual mühitdə yaranan yeni ənənə və davranışların analizinə həsr edilib.
Tədqiqat əsərində kommunikasiya və folklor, rəqəmsal kommunikasiya vasitələrində folklorik modellər, virtual sosial mühitdə folklorlaşma, internet folklorunun semantik analizi, azərbaycandilli virtual mühitdə folklorik dinamika kimi məsələlər müasir elmi nəzəri yanaşma və baxışlar əsasında öyrənilib.
Kitab folklorşünas alimlər, dissertantlar, doktorantlar, magistrantlar, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. /Azərtac/
|