Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərləri sərgilənəcək
25.02.19
Fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq.
Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirdiyi təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənilib. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilir. Ağ-qara qrafika vizual təsirə malikdir. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.
1943-cü il oktyabrın 30-da Bakının Qala kəndində anadan olan sənətkar, 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycanın hüdudlarından kənarda da tanınan sənətkarın fərdi sərgiləri bu günədək dünyanın müxtəlif şəhərlərində - Bakı, Moskva, Praqa, İstanbul, Tokioda təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur. /Azərtac/
|