Mircəfər Seyid - Təmas xəttində üzbəüz
22.02.19
Hekayə
Yazın gəlişindən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq dağlarda hələ də qış havası hökm sürməkdəydi. Murovun qarı isə hələ yerindən tərpənməmişdi. Tumurcuq gözlərərini açmaqda olan yamyaşıl meşə top mərmilərinin gurultulu səsindən ürküb sanki əbədi qış yuxusuna getmək istəyirdi. Yazın sübh sakitliyini Tərtərin gurultulu səsi, bir də quşların cəh-cəhi pozurdu. Ancaq erməni quldurları öz gülləboranı ilə sanki bütün təbiətin qəsdinə durmuşdu. Elə bil məqsədləri insanlarla bərabər, təbiəti də məhv etmək idi. Hələlik isə təmas xəttində sakitlik idi. Düşmən mövqeyini daha dərindən öyrənmək üçün çətinliklə, sürünə-sürünə yaxınlığındakı sərt qayaya çıxan Ümid drubini gözlərinə sıxdı. Dağlardan üzü aşağı gələn qatı duman axını yaxınlıqdakı erməni mövqeyini görünməz etdi. “Heyf əziyyətimə, heç nə görünmür. Bir azdan duman buraları da bürüyəcək... Yaxşısı budur geri qayıdım.” - Öz-özünə gileylənən Ümid gizləndiyi qayalıqdan aralanıb geri qayıtmağa başladı. Ümid orta məktəbi yenicə bitirmişdi. Jurnalist olmaq istəyirdi. Qəbul imtahanlarında bəxti gətirməsə də hərbi xidmətdən sonra yenidən arzusunun arxasınca gedəcəyini qərarlaşdırmışdı. Bu peşəni o hələ lap balaca vaxtından – 10 yaşında olarkən seçmişdi. Çadır şəhərciyində sarı saçlı, dar şalvarlı, qəribə görkəmli, əlində mikrafon tutmuş gənc qızın və videokamera ilə bu qızın hər addımı çəkən, əyninə dəri gödəkcə geyinmiş yaşlı operatorun diqqətini cəlb edəndən sonra qəti qərara gəlmişdi ki, böyüyəndə jurnalist olmalıdır. Jurnalist qızın qəribə görkəmi yenə gözləri qarşısında canlandı, səsi qulaqlarında titrədi, ətrafa toplaşmış başı yaylıqlı, beli şallı arvadların ilk dəfə gördükləri jurnalist qızın, dəri gödəkcəli yaşlı operatorun hərəkətlərinə göz qoyub üstüörtülü pıçıldaşıb gülümsəmələri yadına düşdü. Sarı saçlı, dar şalvarlı jurnalist qızın o boyda çadır şəhərciyində onu hədəf seçməsi ömründə bəlkə də ən yadda qalan hadisə idi. Ədalı jurnalist qızın onun qarşısında diz çöküb “axı, bu uşağın nə günahı var, niyə o doğma yurdundan qovulmalıydı” deyib hönkür-hönkür ağlaması, başını sığallayıb üzündən öpməsi, sorğu-suala tutması, bu kadrların bir neçə gün sonra televiziyada göstərilməsi ömrünün sonuna kimi yadından çıxmayacaqdı. Adını belə bilmədiyi sarısaç, dar şalvarlı jurnalist qız xilaskar bir pəri təsiri bağışlamışdı ona. Sonra isə orta məktəb illəri, rayon qəzetinin redaksiyasına atdığı ilk addımlar, dərc olunmuş məqalələri... İndi isə bir neçə aydan sonra hərbi xidməti başa vurub ali məktəbə qəbul olmaq üçün hazırlaşması, müstəqil həyat, yazaçağı məqalələr. O, bu günləri səbirsizliklə gözləyirdi. Gələcəkdə bu ədalətsiz döyüşdən bəhs edən hekayələr, povestlər, romanlar yazmaq da keçirdi ürəyindən. Çadır şəhərciyində keçən uşaqlıq dövrü, ona elə bir həyat dərsi vermişdi ki, ömrünün sonuna qədər bəsi idi. Doğma kəndləri, dağlar, meşələr, güllələrin, top mərmilərinin səsi, anasının, qonşu arvadların ağlaşmaları, atasının, əmilərinin qəzəbli qışqırtıları yaddaşında silinməz izlər buraxmışdı. Çadır şəhərciyində gördüyü adamların hər biri onun üçün canlı obraz idi. Ümidin dayandığı kiçik qayalıq aralıq bir mövqedə idi. Burdan təmas xəttinin hər iki tərəfi həm erməni işğalçılarının dayandığı mövqe, həm də öz əsgərlərimizin durduğu yer açıq-aydın görünürdü. Qatı duman artıq qayalığı da bürümüşdü. Ümid bu dağlara yaxşı bələd olsa da hər tərəfi bürümüş dumanda hansı istiqamətdə gedəcəyinini müəyyənləşdirməkdə çətinlik çəkdi. Kompası əlinə alıb istiqaməti müəyyənləşdirdi. Az qala hər daşına bələd olduğu bu dağ, bu dərə indi ona tanımadığı bir məkan kimi görünürdü. “Bu nədir?.. Deyəsən azmışam” - Deyə öz-özünə gileylənən Ümid tanımadığı cığırla bir az üzü aşağı gedib dayandı. Bir neçə ay əvvəl bu yerləri qarış-qarış gəzdiyindən indi yolu itirməsi ona qəribə gəldi. Duman getdikcə qatılaşırdı. Bir addımlıqdan belə heç nə görünmürdü. Yağış yağmasa da sıx dumandan hər tərəfə su ələnirdi. Ümid artıq tam qət etdi ki, qayıtdığı cığır əvvəlki deyil. Bu yolun onu hara apardığını artıq müəyyən edə bilmirdi. Elə bu anda ayağının altında bir daşın oynadığını hiss etdi. Heç bir neçə an çəkmədi ki, gurultu səsi ətrafı bürüdü. Ümid yerə əyilib diqqətlə irəli baxdı. Qarşısında ucu-bucağı görünməyən bir uçurum olduğını görəndə vahimələnib geri çəkildi. Bir neçə addım irəli atsaydı uçurumun ağuşuna düşəcəkdi. “Mən hara gəlib çıxmışam, bura haradır” - deyə öz-özünə pıçıldadı. Nə edəcəyi barədə qəti qərara gələ bilmədi. Hiss etdi ki, yoluna davam etsə düşmən mövqeyinə yaxınlaşa bilər. Ona gərə də dayanıb gözləmiyi qərara aldı. Gözlərini qıyıb bir də irəli baxdı. Duman getdikcə qatılaşdığından heç nə ayırd edə bilmədi. Durbini yenidən gözlərinə sıxdı. Yenə heç nə görmədi. Yaxınlıqdakı daşın üstündə bir qədər oturub gözləməyi qərara aldı. Ayaqları altında qalan təzə cücərmiş çəmənin xoş rahiyyəsi qəlbinə bir yaz ovqatı bəxş etdi. Ağacların tumurcuqlu budaqları dumanda sanki ağ tülə bürünmüşdü. Pırıltı ilə qarşısından uçub gedən bir quş da istiqaməti itirdiyindən yerə enib kollar arasında görünməz oldu. Daha bir xışıltı Ümidin diqqətini çəkdi. Yaxınlıqdakı kolların arasında nə isə tərpəndi. Ümid nə qədər diqqətlə baxsa da duman olduğundan heç nə görə bilmədi. “Nə olur olsun, təki erməni olmasın” - deyə fikrindən keçirdi. Elə o an ağlına gəldi ki, onun kimi erməni kəşfiyyatçısı da dumanda azdığından kolların arasında gizlənib onu izləyir. Ümid bu düşüncə ilə avtomat silahını çiynindən aşırıb sinəsində rahladı. Yenə diqqətini xışıltı gələn tərəfə yönəltdi. Duman çəkilənə kimi oturub gözləməyi qərara aldı. Ancaq xışıltı səsi davam etməkdə idi. Ümid bir-iki addım irəli atıb yenə diqqətlə xışıltı gələn tərəfə baxdı. Yumağa bənzəyən əsgər paltarını görəndə qarşısındakının erməni olmasına şübhəsi qalmadı. Cəld silahı ona tuşlayıb müharibə filmlərində gördüyü kimi var səsi qışqırdı: -Stoy! Ruki verx! Strelyat budu!.. Xışıltı gələn tərəfdən bu dəfə iniltili səs eşidildi: -Ara Azərbaycanca danış, mən rus deyiləm, bakılıyam... -Bakılısansa burda nə ...? Tez əllərini qaldır yuxarı, bu dəqiqə beynini dağıdacam. - Ümid bu sözləri deyib bir-iki addım irəli gəldi. Yenə erməni döyüşçüsünün iniltisi eşidildi: -Ay brat, ayağım, qolum yaralanıb, ayağa qalxa bilmirəm. Dağın başından uçub gəlib düşmüşəm bura. -Yalan danışma şan dığa!.. Əllərini qaldır yuxarı, silahı at kənara!.. Erməni döyüşçüsü yenə inildldi: -Ara, klyanus ayağa qalxa bilmirəm. Avtamat da burdadı, gəl götür. Səni Allah özü yetirdi. Burda tək qalsaydım gecə vəhşi heyvanlara yem olacaydım. O cür ölməkdənsə sənə əsir düşmək yaxşıdır. -Nə deyirəmsə onu da elə!.. Tez ol, əllərini qaldır yuxarı!.. Şan dığa, sənin var yoxunu... -Ara, bu dəqiqə mənim varım da sənsən, yoxum da... -Səsini kəs!.. Şan dığa!.. Ümid erməni əsgərinə inanmasa da asta addımlarla ona bir az da yaxınlaşdı. Üz-gözü, qolu, ayağı qan içində olan erməni əsgərini görəndə rahat oldu. -Görürsən tərpənə bilmirəm, odur silahım da düşüb ora. Götür, məni də apar öz tərəfinizə. Otpusk versinlər sənə, bu cəhənnəmdən beş-on gün canın qurtarsın. -Səsini kəs!.. Bura həqiqətən əsl cənnət idi. Cəhənnəmi sənin kimi şan dığalar törətdi... Sənin ananı... -Eee, ara, anamı neyləyirsən, ona söyəndə dəli oluram, qoca arvaddı, yaxşı baldızlarım var. Biri Fransada yaşayır, zor şeydir. Biri də Moskvadadır. Gözəllik salonu var. Ən gözəl erməni qızları onun klentidir. Söyürsən onlara söy. Qaynanam da on ildir kişi üzü görmür. Əri ölüb. Söy canı rahat olsun. Siz azərbaycanlıların zor söyüşləri var, imennoy, adbaad, çoxmərtəbəli... Söyüşdən elə kayf alırsınız ki, həmin işi faktiki görən adam yalan olur. -Oğraş-oğraş danışma. De görüm burda nə gəzirsən?.. - Ümid bu sözləri deyib erməni əsgərinə bir az da yaxınlaşdı. -Ara mən razvedçik deyiləm, sizin dili bildiyim üçün bura göndəriblər. Özü də zorla, təpikləyə-təpikləyə, söyə-söyə... Onsuz da fürsət düşən kimi özüm keçmək istəyirdim siz tərəpə. Atam Bakıda plotnik işləyirdi. İnsan kimi yaşayırdıq. Ermənikənd bazarının yanında bizi kimdən soruşsan tanıyar. Ümid əsəbi bir səslə: -Ermənikənd bazarı haradır?.. Mən Bakıda elə yer tanımıram. -Əvvəllər var idi. Bütün Bakının həsəd apardığı ermənikənd məhəlləsi, ermənikənd bazarı... Sən oranı necə tanıyasan. Bakılı deyilsən axı. Bakılı olsaydın ağzını açan kimi ləhcəndən tanıyardım. Allah bilir hansı rayondansan. Ümid yenə hirslənib erməni döyüşçüsünün üstünə qışqırdı: -Bakını mənə tanıdassan ə, oğraş!.. Bakı mənim baş şəhərim, paytaxtım, ürəyim, canım, qanım... Sən kimsən ki, Bakını mənə tanıdasan. Ermənikənd məhəlləsi var idi. İndi yoxdur. Özünüz məhv elədiniz. -Axı, mən Bakıda doğulmuşam. Bakının çörəyini yemişəm. Yatanda yuxuda da Bakını görürəm... -Sən və sənin kimilər Bakını ancaq yuxuda görə bilərsiniz. -Lap öldürsən də deyəcəm ki, bakılıyam. -Ay tərs erməni, sən gəl mənim nervimlə oynama, canına yazığın gəlsin. İmkan ver yaralarını sarıyıb səni ayağa qaldırım... Erməni əsgəri qorxsa da təslim olmaq istəmədi: -Ara bilirəm ki, sənin pleninəm, yaralıyam, ölürəm. İcazə ver danışıb ürəyimi boşaldım. Sən bimirsən axı, ürəyimdən keçənləri deməyə bir azərbaycanlı axtarırdım. Sən mamanın canı, sən Allahın icazə ver ürəyimi boşaldım. Sən bilmirsən ermənini danışmağa qoymamaq ana söyüşündən də pisdi. Ümid diqqətlə erməni əsgərinə baxıb başını bulayıb gülümsədi: -Yaxşı, ürəyin nə qədər istəyir danış. Erməni əsgəri də gülümsədi. Ağrıları azaldı: -Danışmağa qoymasaydın nəfəsim kəsilərdi, ölə bilərdim. Ümid asta, mülayim səslə: -Sən danış, mən də yaralarını sarıyım. -Ha, bu ayrı məsələ, - deyə erməni əsgəri bir anlığa nə danışacağını müəəyyənləşdirib sözə başladı -Ara qarışanda bir dəstə adam gəldi evimizə. Dedilər ki, evdən çıxıb Armeniyaya getməsəniz ordan köçüb gələnlər sizi öldürəcək. Biz də əlacsız qalıb evimizi qonşumuza satdıq. Yaxşı adamlar idi. Pulumuzu kəsmədilər. Köçəndə vağzala kimi ötürdülər bizi. Onların verdiyi pulla Yerevanın yaxınlığında özümüzə yaxşı bir villa aldıq. Sonradan öyrəndik ki, azərbaycanlı evidir. -Evinin pulunu verdin həmin azərbaycanlının, - deyə Ümid erməni əsgərinin sözünü kəsdi. -Yox, biz heç o azərbaycanlını görmədik. Evi maklerdən aldıq. O da maşennikin yekəsi idi. Mamama gözü düşmüşdü. Aldadıb bütün pulumuzu əlimizdən aldı. Öz eybəcər qızını da mənə sırımaq istəyirdi. Almadım. Zəhləm gedirdi. Bütün günü zəvzəyirdi. Özü də ucadan, qışqıra-qışqıra. Danışdıqca elə bil adamın üzünə tüpürürdü. Bir az fırladıb rədd elədim getdi. Sonra istədik o evi də satıb gedək Stavropolda yaşayan anamın dayısı oğlunun yanına. Həmin oğraş makler qoymadı. Təzədən özü almaq istəyirdi evi. Verdiyimiz pulun yarısı qədərinə. Dedi indi evlər ucuzlaçıb. Razı olmayanda düşdü mənim üstümə. Dedi səni Naqornı Qarabağa göndərib orda çürütdürəcəm. Dediyi kimi də elədi. O vaxtdan burdayam. Çastda işləyirəm. -Görürsən ay şan dığa. Özününkülərə də bax, bizimkilərə də. Aranı qarışdırmasaydınız nə işimiz var idi sizinlə. Bütün Bakı sizin əlinizdəydi. Ən yaxşı mənzillər, ən yaxşı iş yerləri. Namərdliyi özünüz elədiniz. Qarabağı viran qoydunuz... Şah kefiynən yaşayırdınız orda. Nəyiniz əskik idi... Əclaf köpəyoğlu... Bu saat beynini dağıdaram. - Deyə Ümid yenidən qəzzəbləndi. -Klyanus yalan demirəm. - Erməni əsgəri inildədi. -Ölürsən, ancaq murdar əqidəndən dönmürsən. Sözarası pasadkıya salıb öz bildiyini soxuşdurursan. Erməni əsgərinin dili topuq çaldı. Qorxu hissi bütün vücudunu bürüdü: - İndiyə kimi siz tərəfə bir güllə də atmamışam. -Bəs Xocalı?.. Onu kimin ayağına yazaq?.. Bilirsən orda nələr olub?.. Uşaqların, körpələrin nə günahı var idi?.. Hələ heç işğal etdiyiniz rayonlarda törətdiyiniz vəhşilikləri demirəm. Erməni əsgəri gözləri bərəlmiş halda Ümidi süzdü. Artıq bu faciəni yumora çevirib qarşısındakına sırımağa söz tapmadı. Ümidin qəzzəbli baxışları, barmağının avtomat silahın tətiyində olması onu vahimələndirdi. Ölümün soyuq havası ciyərlərinə doldu. -Hə, cavab ver! Xocalıda olmusan?.. -Düzünü bilmək istəyirsənsə olmuşam. Cavanlara qoşulub mən də getdim... Döyüşməyə yox, elə-belə baxmağa... Ancaq həmin gün mənim üçün çox ağır oldu. Dəhşətə gəldim... Məni ən çox əsəbləşdirən Zori Balayan oldu. Hamı ona qəhrəman kimi baxdı. Mən isə yox. Hətta o vaxt əlimdə silahım olsaydı öldürərdim onu. O, insan deyil, vəhşidir. Qaniçəndir, manyakdır. İnsanlıq adına ləkədir. Xocalını, Zori Balayanı görəndə başqaları kimi mən də erməni olmağımla qürurlanmadım. Zori ilə eyni millətdən olduğuma görə daxilən əzab çəkdim... Vsyo... İndi ürəyin necə istəyirsə cəzalandır məni. İstəyirsənsə lap öldür... Ümid erməni döyüşçüsünün sözlərindən təsirlənib bir qədər fikrə getdi. Sonra ona diqqətlə baxıb qəti qərarını verdi: -Yox, səni öldürməyəcəm, sürüyə-sürüyə olsa da aparacam öz tərəfimizə. Erməni əsgəri yenidən gözlərini bərəldərək diqqətlə Ümidə baxdı. Yenə Ölümün soyuq havası ciyərinə doldu. Bütün vücudu titrədi. -Orda öldürəcəklər məni?.. -Yox! Bizdə ölüm hökmü ləğv olunub. Qanun qarşısında cavab verəcəksən. - Mən günahsızam. Çünki, müharibə istəmirəm. Heç kimi öldürməmişəm. Yaşlı anamı, ailəmi, uşaqlarımı saxlamaq üçün vayennidə işləyirəm. Mən döyüşçü deyiləm, fəhləyəm. Qarabağ ermənilərinin fəhləsi. Akop qazıram, sığınacaq düzəldirəm. Komandirlərin evlərini remont edirəm. Pradukt daşıyıram. Yemək bişirirəm. Təmizlik işlərinə baxıram. Yer süpürürəm, tualet təmizləyirəm... Zorla saxlayıblar məni burda. Verdikləri pul başlarına dəysin. Ailəm Yerevanda açından, soyuqdan əziyyət çəkir... Komandirimiz içib sərxoş olandan sonra üstümə silah şəkib zorla məni razvedkaya göndərməsəydi öz xoşumla bura gəlməzdim. Vsyo... Mənim deyəcəyim bu qədər. Ürəyin necə istəyir elə də et. Yenə deyirəm, istəyirsən güllələ. Heç vecimə də deyil. Belə yaşamaqdansa ölmək yaxşıdır. - Erməni döyüşçüsü sözünü bitirib xəcalətdən başını aşağı saldı. Ümidin susduğunu görüb halı yenidən dəyişdi. Əsəbi halda dilləndi: -Öldür məni... -Yox, mən sözümü demişəm. Səni öldürməyəcəm. Sürüyə-sürüyə də olsa aparacam öz tərəfimizə. -Öldür deyirəm sənə. Tətiyi çək, boşalt üstümə o güllələrin hamısını.Ölmək istəyirəm, Bezmişəm belə jiznidən... -Cavabın yaxşı olsa da səni öldürməyəcəm. -Qorxağın biri qorxaq... -Sənin nəyindən qorxacam ə, onsuz da ölü kimi bir şeysən. Sadəcə bir insan kimi burda tək qalmağını istəmirəm. Belimə alası olsam da səni aparacam komandirin yanına. Deyəcəm Zori Balayanın qohumudu. - Ümid bu sözləri deyib gülümsədi. İlk dəfə erməni döyüşçüsüsü ilə zarafat etmək fikrinə düşdü. -Nə? - Erməni döyüşçüsü əsəbi halda dilləndi. Sonra bu sözlərin bir zarafat olduğunu duyub sakitləşdi. Diqqətlə Ümidə baxıb başını bulayaraq dedi: -Söyülməli Zoridi mən yox, onun var yoxunu yağlamaq lazımdı. Vabşe Zoridən də, başqa jurnalistlərdən də zəhləm gedir. Onlardı hamısını edən. Ümid gülümsəyib erməni əsgərinin sözünü kəsdi: -Məndən də?.. -Sənə niyə nifrət etmıliyəm ki?.. Sən olmasan mən bu vəziyyətdə ölərəm burda. -Mən də jurnalist olmaq istəyirəm. Məqalələrim qəzetlərdə dərc olunub. -Va, ara bu olmadı ki... Yox, yox, sən yaxşı oğlansan. Məni öldürsən də sənə pis demərəm. Erməni döyüşçüsü Bakıdan köçəndən sonra mitinqdə bir erməni qadın jurnalistlə görüşünü yadına saldı. -Nə fikrə getdin şan dığa?.. Erməni əsgəri bu sözdən diksinib özünə gəldi, qapıldığı xəyallardan ayrıldı. Bütün ciddiyyəti ilə qarşısında dayanan Ümidi süzüb gülümsədi. -Nəyə gülürsən? -Heç elə-belə. Sən mənə söydükcə mənim də Yerevanda ermənilərə söyməyim yadıma düşdü. Mitinqdə bir jurnalist qadına söydüyümə görə az qala məni öldürəcəydilər... Qəhbə məni mitinqə toplaşanlara göstərib Bakıda nə işlədiyimi soruşdu. Mən də atam da plotnik olmuşuq dedim. Həngamə mənim cavabımdan sonra başladı. Dedi görürsünüzmü türklər mənim millətimə həmişə bənna, plotnik, fəhlə gözü ilə baxıb. Sonra üzünü mənə çevirib sual verdi. Dediki heç utanırsan plotnik olmağından, axı, sən ermənisən. Mən də hamının gözü qabağında onu söydüm. Dedim qəhbə mən niyə utanmalıyam, işləyib pul qazanmışam. Bacardığım sənət plotniklikdir. Sən utan ki, mənə belə sual verirsən. Jurnalist qadın əlində mikrafon yanındakıların üstünə qışqırdı. Rədd edin bu tərbiyəsiz türk küçüyünü burdan dedi. Ümid gülümsəyib erməni əsgərinin sözünü kəsdi: -Deyəsən sən yaxşı ermənisən axı. Mən də şan dığa deyib tutmuşam yaxandan... Erməni əsgəri: -Birinci şan dığa yox, şon dığa de. İkincisi də... Vabşe sizin zor söyüşləriniz var. Yerevanda kimə açığım tuturdusa bircə kəlmə sizin gözəl söyüşlərinizdən birini deyib özümü sakitləşdirirdim. Başa düşmədiklərinə görə hər dəfə məzələnirdim onlarla. Neyləyim dalaşıb türməyə düşməkdənsə sizin bir spyüşşünüzü işlətmək daha yaxşıdır. İstəyirsən sənə də ermənicə söyüşlər öyrədim. Komandirlərinə acığın tutanda de, ürəyin soyusun... Ümid erməni döyüşçüsünün sözünü kəsib əsəbi bir halda dilləndi: -Oğraş-oğraş danışma. Mənim komandirlərim sızinkilər kimi deyillər. Ağlın öz quldurlarına getməsin... Bayaq Xocalı haqqında dediklərindən sonra hələ xəyalım ordan ayrıla bilmir. Əvvəl elə bildim sən də iştirak etmisən o qırğında -Yox, ara sən nə danışırsan... Ümid başını bulayıb köksünü ötürdü. Erməni döyüşçüsünün səmimiyyətinə inanıb təkidlə dilləndi: - Xocalıdan danış, Xocalıdan... Erməni əsgəri gözlərini geniş açıb sınayıcı nəzərlə bir də Ümidə baxdı. -Danış, düzünü desən bütün günahlarından keçəcəm, yalan danışsan səni bu vəziyyətdə qoyub çıxıb gedəcəm. -Nəyin düzünü deyim, indiki zamanda nə düzdü ki... - deyə erməni əsgəri çaşqınlıqla dilləndi. -Necə yəni nəyin, - deyə Ümid əsəbi halda soruşdu, sonra əlavə edərək: -Xocalını deyirəm də... Erməni əsgəri yenə gözlərini Ümidin üzünə zilləyib xırıltılı səslə cavab verdi: -Xocalı sizin yox, bizim faciəmizdi. Xocalıya görə bütün dünyanın zəhləsi gedir bizdən. Xocalıya görə özümə də, bu müharibəni törədənlərə də nifrət edirəm. Xocalı erməni adına ləkədi. Bizimkilər nə qədər çalışsalar da bu faktdan qaça bilmirlər. Laçında, Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Qubadlıda,Kəlbəcərdə elədiklərini gizlədə bilirlər. Xocalıya görə səndən də, bütün insanlardan da, Allahdan da utanıram... -Bax, yenə erməni xəstəliyin tutdu. Danışığından belə çıxır ki, Xocalı qırğınını gizlədə bilmədiyiniz üçün heyfslənirsən. -Yox ara, yox. Nə danışırsan. Xocalı adı gələndə susmaqdan başqa çarəmiz qalmır. Ona görə də deyirəm öldür məni. O vəhşiliklərdən sonra nə erməni olmaq istəyirəm, nə də yaşamaq. Onsuz da Yerevanda jurnalist qadına söyb dalaşandan sonra adımı türk küçüyü qoymuşdular. Anama dakumentalni sübut elədilər ki, lap cavanlıqdan yaşlı bakılı qastronom müdirinin yanında işləmisən. Bu uşaq da ondan olduğu üçün qadın jurnalistə söyüb. Erməni əsgəri sözünə ara verib sonra daha kövrək səslə yenidən dilləndi: -Ermənilərin acığına apar məni gedim tapım o bakılını. Qoy, o, danışsın bizim haqqımızda. Bilirsən nə gözəl insan idi. Bütün praduktumuzu pulsuz verirdi. Mənə öz övladı kimi baxırdı. Hər axşam anamı öz jiqulisi ilə evə gətirirdi. Hirslənən Ümidin bir andaca halı dəyişdi. Qarşısındakı miskin görkəmli düşmənə yazığı gəldi, onun səmimi sözləri Ümidin qəlbindəki qəzəb alovuna elə bil su səpdi. Yaşlı bakılı qastronom müdirini və cavan erməni qızını xəyalında canlandırıb istədi erməni döyüşçüsü ilə zarafat da eləsin. Ancaq bütün bunların əvəzində. Avtomat silahı çiyninə aşırıb dizlərini qatladı. Qan içində olan erməni əsgərinə yardım göstərmək qərarına gəldi. -Sən niyə danışmırsan özün haqqında?Xocalıdansan?.. -Nə fərqi var ki, çadır şəhərciyində böyümüşəm, işğal etdiyiniz hamısı mənim torpağımdı, qırıb qovduğunuz mənim millətimdi. -Jurnalist olmaq istəyirsən?.. -Hə, bayaq dedim də... -Mən isə atamın peşəsini davam etdirirəm, plotnikəm.Ölürəm Bakı üçün. Bir gün tarqovıda, bulvarda gəzməyimi dünyaya dəyişmərəm. Yer üzündə tarqovıdan, bulvardan yoxdu. Hər bazar günü anam məni ora aparardı. Sənin sözün olmasın bu şan dığalar niyə belə etdilər, bilmirəm. Milləti başdan elə o alimlər, jurnalistlər çıxartdı. Xocalıda Zori Balayanın hərəkətlərini bu gün də uşaqlara qəhrəmanlıq dərsi kimi öyrədirlər. Bu dəhşətdir.Onun elədiklərini görəndən sonra nifrət elədim. Hələ utanmayıb video da çəkiblər. Bütün dünyanın əlinə fakt veriblər. Allahın yaratdığı insan öz həmcinsinə o hərəkəti eləməzdi. Axırda da özü çəkildi qırağa, milləti verdi qırğına. Axı, biz ermənilər elə çox deyilik ki, bir hissəmiz də müharibələrdə məhv olsun. O ara qızışdıranlar qarşıma çıxsa tərəddüd etmədən gülləliyərəm hamısını. Sizin xəbəriniz yoxdur, Armeniyada adam qalmayıb. Müharibəyə getməmək üçün hərə bir bəhanə ilə qaçır. Hər şey siz düşündüyünüz kimi deyil. Müharibə istəməyən ermənilər daha çoxdur. Sadəcə heç kim qorxusundan danışmır. Quldurlar təkcə Qarabağı yox, Armeniyanı da işğal edib. Qalmışıq bir dəstə terroristin əlində. Hara gedirsən Qarabağ klanının adamlarını görürsən. Çapıb talayırlar Armeniyanı. -Bilirəm- deyə Ümid yenidən erməni döyüşçüsünün yarasını sarımağa başladı -Niyə məni sağaltmaq istəyirsən, tək qalmaqdan qorxursan?.. -Bax, indi əsl erməni kimi danışdın. -Erməniyəm də, danmayacam ki... -Ermənisən ey, amma çox oğraş gədəsən,- deyə Ümid gülümsünüb erməni əsgərinə tübbi yardımı davam etdirdi. -İçmək istəyirəm, ürəyim partlayır. Özü də sənin sağlığına, Qarabağdakı şan dığaların açığına, Məni, mənim ailəmi əsir edən o jurnalist faişə qançığın acığına. Məni bura sürgün elətdirən maşennik maklerin acığına. Ümid yenə gülümsünüb erməni əsgərinə baxıb etinasız halda dedi: -Harana yaraşır ə, içmək, özünə bir kənardan bax, gör nə vəziyyətdəsən. -Dərddən içmək istəyirəm brat, dərddən... Ümid tam səmimiyyətlə erməni döyüşçüsünü süzüb gülə-gülə dilləndi: -Ə, öl öldüyün yerdə. İndi mən səni sağaldım, yoxsa araq axtarım... -Ara, araq məndə. Su əvəzinə araq götürmüşəm. Kapiçonnı donuz əti də çantamdadı. Davay, gəl çıxart qoy ortaya vuraq. Bu müharibıni törədənlərə qoşa imza ilə söyək. Sən kişi adamsan, əsl insansan. Torpağının, vətəninin qədrini bilənsən. Hiss edirəm ki, bu daşlı-qayalı, insan yaşamayan yerdən ötrü fikirləşmədən ölümə gedərsən. İnanıram kı, yaxşı jurnalist olacaqsan. Pis juralist, pis adam Zoridir. Gəl çantanı aç, tez elə ürəyim partlayır. Araq içməsəm ölərəm. Ümid yenə gülümsünüb dilləndi: -Araqdan ötrü ölürsənsə cəhənnəmə öl. -Ee, ara səninki olmadı ki... Nastreniyamı korlayırsan... Ümid: -Yaxşı, kömək edim özün çıxart, özün də iç. Mənlik deyil. -Sən içmirsən?.. -Mənim öz yeməyim, çayım var, istəsən səni də qonaq edərəm. -Deməli sən içmirsən?.. -Yox!.. -Axı, Bakıda mən tanıdıqlarım adamların hamısı içirdi. Ümid gülümsədi: -Yaşlı bakılı qastronom müdiri də?.. Erməni döyüşçüsü Ümidin nə demək istədiyini anlayandan sonra əhvalı pozulmuş halda: Ara, sən lap Yerevandakı ermənilər kimi danışdın. Mənim anam elə qadın deyildi. -Erməni sənin dədəndi, şan dığa, danışanda sözünə fikir ver. -Ara, mən pis mənada demədim. Bax, sən də indi düzünü dedin. Mənim dədəm yaşlı bakılı zavmaq yox, plotnik Qrişadır. Bir də ki, niyə nervilənirsən. İçmirsən içmə də... Erməni döyüşçüsü Ümidin əsəbləçib danışmadığını görüb yenə də özü dilləndi: -Bizim keşiş deyirdiki Bakıda mollalardan başqa hamı içir. -Sənin keşişin qələt eləyir... -Düz deyirsən, Padlesin yekəsi elə onun özüdü. Milləti parça-parça elədi. Armeniyada kişi qoymadı, hamısını Qarabağa göndərib qırdırdı... Erməni döyüşçüsü sözünə ara verib bir qədər fikrə gedərək nəsə düşündü. Sonra yenidən dilləndi: -Amma açığını deyim ki, birinci dəfədir içməyən azərbaycanlı görürəm. Mən tanıdıqlarımın hamısı içirdi. -İçirsən iç, zəhləmi tökmə. Erməni əsgəri Ümidin bu sözündən pərt olub çantasından çıxartdığı arağı, ərzağı kənara itələdi. Müti bir səslə dilləndi: -Sənə xoş gəlmirsə içmirəm... Ümid diqqətlə erməni əsgərini süzüb yenə gülümsündü. Düşməninin onunla dostlaşmaq istəməsi ürəyincə oldu. Bir-biri ilə dostlaşan düşmənlər duman çəkiləndən sonra yollarına davam etdilər. Yaralarına məlhəm qoyulmuş erməni əsgəri artıq yeriyə bilirdi. -Hə, çatdıq. Bizim mövqeyimiz də görünür, sizinki də. İndi kişi kimi de görüm hansı tərəfə getmək istəyirsən?.. -Siz tərəfə,-deyə erməni əsgəri fikirləşmədən cavab verdi. -Ürək sözündü, yoxsa qorxundan belə deyirsən? -Yox, məni buraxsan da getmək istəmirəm ora. Mən sülh istəyirəm, müharibə istəmirəm. Rədd olsun hamısı. Hamısının var yoxunu... Məni də apar özünlə, Bakını bir dəfə görüm, sonra çıxıb gedəcəm dünyanın ən uzaq şəhərlərdən birinə. Ailəmə də deyəm köçsünlər ora. Sakit, dinc bir ömür yaşamaq istəyirəm. Bil ki, sənə görə demirəm, özüm bezmişəm bu saldatski jizndən. Axı, nə qədər akopda yatmaq olar. Tək mənim yox, Naqornı Qarabağa döyüşməyə gələn hər bir erməninin ciyərləri, böyrəkləri çürüyür. Heç biri evlənmək istəmir. Evlənənlər də arvadın yanında pazor olurlar. Saldatların yarıdan çoxu tuperkulyozdu. Erməni gəncliyi məhv olur. Nəyimə lazımdır belə jizn mənim. Usta adamam, dünyanın harasında olsam özümə bir tikə çörək qazana biləcəm. Ümid gülümsünüb bir də erməni əsgərinə baxdı. Sözlərindəki səmimiyyətə inandı. Yenidən onun qolundan tutub özü gedəcəyi istiqamətə çəkdi.
|