Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120
illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli
Sərəncamına əsasən, Milli Elmlər Akademiyasında bir çox tədbirlərin
həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır.
Trend-in məlumatına görə, bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli
bildirib ki, bu münasibətlə Akademiyanın Humanitar və İctimai Elmlər
Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının
ev muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcəkdir:
"Konfransda elmi məruzələrdən başqa, Cəfər Cabbarlıya həsr edilmiş film
səsləndiriləcək, onun həyatı və yaradıcılığını əks etdirən sərgi
nümayiş etdiriləcəkdir. Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və
Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn
Cavidin ev muzeyində də elmi konfranslar və elmi sessiyalar, sərgilər
təşkil olunacaq".
Akademik bundan başqa, Cəfər Cabbarlının bu
vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı və məktubları ilk dəfə
kitab halında nəşr ediləcəyini də vurğulayıb.
Qeyd edək ki, bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.
Əlyazmalar
İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır.
Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd vardır. Milli Elmlər
Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də
yaxından iştirak edəcəklər.
|