Nemət Mətin - Moris Meterlinkin "Korlar"ı
06.02.19
Belçikalı şair, dramaturq, filosof və yazıçı Moris Meterlink 1862-ci il, 29 avqust dünyaya göz açıb. Ailəsi fransızdilli olduğu üçün əsərlərini fransızca yazan Meterlink ilk yazdıqları əsərləri cırıb atmışdı. Fəlsəfi pyeslər ustası sayılan Moris 1911-ci ildə "təxəyyüllə və poetik fantaziyalarla zəngin dram əsərlərinə görə" ədəbiyyat üzrə Nobel mükafatını qazanmışdı.
Varlı ailədə yaşayan Morisi atası 1874-cü ildə oxumağa dini kollecə göndərir. Sonralar şeirlər yazmaqla ilk yaradıcılıq addımlarını atmağa çalışır. Lakin atası vəkil olmağını istəyir. İlk dəfə 1883-cü ildə şeirləri «Jeune Belgique» jurnalında çap olunur. İlk pyesi haqqında isə yazıçı Oktav Mirbo xoş sözlər deyir. Uzun yaradıcılıq yolunda çoxsaylı əsərlərin müəllifinə çevrilir. Ömrünün son 25 ilini pyeslərdən əl çəkib esse yazmağa həsr edir.
"Göy quş" pyesində obrazlar xoşbəxtlik axtarmaq üçün dünyanı gəzirlər. Lakin geri dönüb xoşbəxtliyi evlərində tapırlar. Demək olar bütün pyesləri şüur axınıdır. Moris yaşa dolduqca dini motivlərə, ölümə, akkultizm mövzularına daha çox müraciət edirdi. Meterlink Şopenhauer kimi düşünərək hesab edirdi ki, insanlar öz talelərindən asılıdırlar. Hətta insanların idarə olunmağına nişan verərək onları morionet oyuncaqlara bənzədirdi. Pyesləri tamaşaya qoyulanda aktyorlardan iplərlə idarə olunan kuklalar kimi gəzməyi tələb edirdi...
Ən çox diqqətimi çəkən Moris Meterlinkin "Korlar" pyesi haqqında danışmaq istəyirəm. Əsəri üzdən oxuyub keçən üçün adi pyes sayıla bilər. Lakin şüuraltı ötürülən mesajlar dəhşətdi. Köməksiz korlar bir yerə yığışıb şikayətlənirlər. Bir nəfər, gözləri günəşi görən, korlara yardım edən insan onları tərk edir. Daha doğrusu aradan çıxır. Korlar onun yolunu gözləməkdən yorulurlar. Bir kor ana uşağa süd verir. Uşaq kor deyil. Qalan hamı kordur. Qoca kor qadın oturduğu yerdə keçinir. O daha günəşi heç vaxt görməyəcək. Pyesi oxuduqca qəribə mistik auraya köklənirsən. Korlar onlara yardım edən insanın getməsindən gileylənirlər. Onsuz heç nə edə bilməyəcəklərindən, evdən uzaqda olduqları üçün evə gedən yolu tapa bilməyəcəklərindən danışırlar. Aralarındakı dialoqa fikir verin: - Mən günəşi görmüşəm. Lap gənc vaxtlarımda. -Mən də, uzun illər bundan qabaq. Onda lap uşaq idim.
Korlar özlərini qul hesab edirlər. Onları mütləq gəlib kimsə xilas etməlidir. Azad insanın köməyə ehtiyacı yoxdur. Azad insan heç vaxt şikayətlənmir. Bu insanlar idarə olunanlardır. Zəifdirlər, gücsüzdürlər. Ancaq səslərlə və toxunuşlarla "görə" bilirlər. Görmədikləri üçün qorxurlar. Təkcə körpə uşağın ağlamağından kiminsə gəldiyini anlayırlar. Ən qoca kor təcrübəlidir. Uzun illər kor qaldığı üçün məsləhətlər verir, yollar göstərir. Bir epizodda deyir: -Ağlamaq üçün görmək lazımdır.
Meterlinkin "Korlar" pyesi başdan ayağa kimi şüur axını və fəlsəfədir. Əsərin sonu da novellasayağı bitir. Müəmma, mistika, duman... Əsəri oxuyanda Nodar Dumbadzenin "Mən günəşi görürəm" əsəri yadıma düşürdü. Orada kor qızın ümidi vardı. Hələ gəncdir. Gözlərinin açılacağını səbirsizliklə gözləyir. Bu əsərdə isə ümidsiz insanlar təşviş içindədirlər. "Görməyən insanlara işıq da lazım deyil" deyirlər.
|