“Türkologiya” jurnalının 4-cü nömrəsi nəşr olunub
25.01.19
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 4-cü sayı çapdan çıxıb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, “Türkologiya” jurnalının bu nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya (Tatarıstan və Çuvaşıstan), ABŞ, Macarıstan və Finlandiya alimlərinin məqalələri dərc olunub.
Beynəlxalq elmi mərkəzlərlə əlaqələrini genişləndirən jurnalın yeni nömrəsində “Dilçilik”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya” rubrikalarında “Qədim türk runik abidələrinin dilində sintaktik predikativ modellərin təhlili təcrübəsi”, “Türk və macarların kulinariya mədəniyyətləri arasında əlaqələr”, “Kitabi-Dədə Qorqud”da işlənmiş bəzi söz və ifadələr haqqında”, “Xalı sözü haqqında” kimi elmi-nəzəri məqalələr əksini tapıb. “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında isə türkologiyaya dair maraqlı yazılara yer verilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
|