Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılanıb
08.01.19
Xətai Sənət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş rəsm sərgisi açılıb.
Mərkəzdən bildirilib ki, sərgidə “Qızıl Ay” rəsm kursunun 50-dən çox üzvlərinin əsərləri nümayiş edilib. Sərgidə, həmçinin “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişi də olub. Belə ki, uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında tikilən geyimlər azyaşlı modelyerlər tərəfindən iştirakçılara təqdim edilib.
Sərginin keçirilməsində məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, vətənə – onun tarixinə, bu gününə məhəbbət aşılamaqdır. Dəb nümayişinin təşkilində isə məqsəd uşaqlarda özünüifadə və özünü-təqdimat bacarığını inkişaf etdirməkdir. Uşaqların hazırladıqları geyimlərdə rəng harmoniyası, milli sərvətlərimiz, simvol və atributlarımızdan istifadə edərək qurduqları fantaziya onların şəxsi fikirlərini təcəssüm etdirib.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.
|