Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb
04.01.19
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı nəşr edilib.
Baş redaktoru Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan jurnalın məqsədi ölkəmizdə və dünyada din araşdırmaları sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir.
İnstitutdan bildirilib ki, ildə iki dəfə çap olunacaq jurnalın ilk nömrəsində 21 məqalə yer alıb. Din sosiologiyası, din psixologiyası, İslam hüququ, təfsir, hədis, fəlsəfə, tarix və dinşünaslığa dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
|